İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Körfəzdə və Yaxın Şərqdə güclənəcək


Türkiyə Məkkə Müdafiə Paktı çərçivəsində Səudiyyə Ərəbıstanında öz hərbi bazasını qura bilər. Bu barədə "Türkiye" qəzeti məlumat yayıb. Bundan əvvəl Ankaranın yaxın həftələrdə Səudiyyə Ərəbıstanına məhdud tərkibli hərbi kontingent və texnika göndərəcəyi bildirilirdi.

Türkiyə 2025-ci ildən etibarən mühüm infrastruktur obyektlərinin mühafizəsi məqsədilə bu ölkədə 200-dən çox hərbi mütəxəssis, texniki heyət, həmçinin Hava Hücumundan Müdafiə (HHM) və Radioelektron Mübarizə (RƏM) vasitələri saxlayır.

Nəşrin məlumatına görə, oktyabrın 5-də Ər-Riyadda Məkkə Alyansına daxil olan ölkələr (Pakistan, Səudiyyə Ərəbıstanı və Türkiyə) birgə müdafiə öhdəliklərinin icrasına və hərbi qüvvələrin dislokasiyasına dərhal başlamaq haqqında qərar qəbul ediblər. Bu qərar çərçivəsində Türkiyə özünün yaxın və orta mənzilli HHM sistemləri ilə Səudiyyə Ərəbıstanının dörd ən strateji qaz və elektrik enerjisi obyektinin təhlükəsizliyini təmin edəcək. Regiona göndəriləcək şəxsi heyətin sayı isə yaxın günlərdə dəqiqləşdiriləcək.
Səudiyyə Ərəbıstanına hərbi kontingentin göndərilməsi haqqında qərarı Türkiyə Böyük Millət Məclisi (TBMM) qəbul etməlidir. Səsvermənin oktyabr ayı ərzində keçiriləcəyi gözlənilir.
Bəs Türkiyənin Səudiyyə Ərəbistanı kimi ölkədə hərbi bazasının, hərbi kontingentinin yerləşməsi Türkiyə üçün hansı imkanlar aça bilər?

Azad Məsiyev: “Türk Dövlətləri Təşkilatı dünyada yeni güc mərkəzinə  çevrilir” – ÖZƏL

Politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, Türkiyənin Səudiyyə Ərəbistanında hərbi bazasının və ya daimi hərbi kontingentinin yerləşdirilməsi Ankara üçün ilk növbədə Körfəz və Yaxın Şərqdə strateji hərbi mövqelərin gücləndirilməsi demək olar:

"Səudiyyədə hərbi baza Türkiyənin hərbi bazasının olması Ankaranın Qətərdən Səudiyyəyə, oradan Qırmızı dəniz və Şərqi Afrikaya uzanan hərbi-strateji təsir xəttini gücləndirə biləcək imkanlar açar. Əgər Məkkə Paktı uzunmüddətli təhlükəsizlik mexanizminə çevrilərsə, Türkiyənin İslam dünyasında hərbi-siyasi çəkisi nəzərəçarpacaq dərəcədə arta bilər. Türkiyə Səudiyyə Ərəbistanında möhkəmlənməklə Qətərdən sonra Körfəz regionunda ikinci mühüm dayaq nöqtəsi əldə edə bilər. Bu, Ankaranın Fars körfəzi, Qırmızı dəniz və Ərəbistan yarımadasındakı proseslərə təsir imkanını artırar. Səudiyyənin strateji enerji obyektlərinin Türkiyə istehsalı HHM sistemləri ilə qorunması həm Türkiyə ordusunun regional rolunu artırar, həm də Ankara üçün öz müdafiə sənayesinin imkanlarını nümayiş etdirmək baxımından mühüm platforma yaradar. Türkiyə-Səudiyyə hərbi əməkdaşlığı yeni mərhələyə keçə bilər. Söhbət təkcə kontingentin yerləşdirilməsindən getməyə bilər. Birgə təlimlər, kəşfiyyat mübadiləsi, pilotsuz sistemlər, HHM, elektron müharibə və enerji infrastrukturunun müdafiəsi sahələrində əməkdaşlıq genişlənər”.

Qeyd edək ki, Türkiyə hazırda dünyanın 12 ölkəsində hərbi bazalara malikdir. Bunlardan ən böyüyü 30 mindən çox şəxsi heyətin yerləşdiyi Şimali Kipr Türk Respublikasındadır. Bundan əlavə, Türkiyənin Qətər, İraq, Suriya, Somali, Liviya və digər bir sıra ölkələrdə də hərbi bazaları fəaliyyət göstərir.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR