İnsanlara hürriyət, millətlərə istiqlal!

Romada Azərbaycan filmi təqdim ediləcək

Bu gün İtaliyanın Roma şəhərində “Harmoniya” sənədli filminin təqdimat mərasimi keçiriləcək.

Musavat.com xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığı ilə ərsəyə gələn filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevadır.

Sənədli film fərqli dinlərə mənsub üç rəfiqənin gündəlik həyatı və qarşılıqlı münasibətləri nümunəsində Azərbaycandakı tolerantlıq və multikulturalizm mühitini işıqlandırır. Ekran əsərində qəhrəmanların ailə həyatı, dini ibadətləri və illərdir davam edən dostluğu fonunda qarşılıqlı anlayış, etimad, hörmət və sülh mədəniyyəti tamaşaçılara çatdırılır.

Filmin çəkilişləri Azərbaycanın müxtəlif bölgələrində yerləşən dini ibadətgahlarda, eləcə də ölkədə formalaşmış dinlərarası harmoniyanı və mədəni müxtəlifliyi özündə ehtiva edən məkanlarda aparılıb.

Təqdimat mərasimində Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın dövlət rəsmiləri, diplomatik korpus və dini icma təmsilçiləri, həmçinin din xadimləri iştirak edəcəklər. Tədbir çərçivəsində Azərbaycanın zəngin dini-mədəni irsini və multikultural dəyərlərini təcəssüm etdirən fotostend də nümayiş olunacaq.

Tolerantlıq, qarşılıqlı hörmət, həmrəylik və dinc birgəyaşayışın əhəmiyyətindən bəhs edən “Harmoniya” sənədli filminin beynəlxalq festivallarda və müxtəlif kino platformalarında da təqdim olunması nəzərdə tutulur.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR