Onlayn ictimai-siyasi qəzet
Deputat Rəşad Mahmudov parlamentdəki çıxışı zamanı hökumətin təqdim etdiyi hesabatın ölkəmizin sosial-iqtisadi inkişafının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Musavat.com-un məlumatına görə, deputat bildirib ki, hesabatdan da göründüyü kimi, son illərdə Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz həm qlobal iqtisadi çağırışlar, həm də regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər fonunda sabit inkişafını qoruyub saxlaya bilib:
“Bugünkü dünyada enerji təhlükəsizliyi, logistika dəhlizləri, iqtisadi dayanıqlılıq kimi məsələlər dövlətlərin strateji gücünü müəyyən edən əsas amillərə çevrilib. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasət ölkəmizi regionun mühüm iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevirməkdədir.
Son illərdə qeyri-neft sektorunun inkişafı, sənaye zonalarının yaradılması, nəqliyyat və logistika layihələrinin genişləndirilməsi ölkəmizin iqtisadi potensialını daha da gücləndirib”.
R.Mahmudov əlavə edib ki, eyni zamanda, sosial sahələrdə də mühüm addımlar atılıb:
“Səhiyyə sistemində aparılan islahatlar, icbari tibbi sığorta sisteminin tətbiqi, yeni tibbi müəssisələrin yaradılması və müasir tibbi texnologiyaların ölkəmizə gətirilməsi vətəndaşlarımızın sağlamlığının qorunması baxımından mühüm nəticələr verməkdədir. Bununla yanaşı, hesab edirəm ki, qarşıdakı dövrdə regionların iqtisadi potensialından daha səmərəli istifadə olunması xüsusi əhəmiyyət daşıyır”.
![]()
Deputat dedi ki, xüsusilə kənd təsərrüfatı imkanları yüksək olan bölgələrdə su ehtiyatlarının düzgün idarə olunması və yeni su tutarlarının yaradılması strateji məsələlərdən biridir:
“Bir çox bölgələrdə kifayət qədər su mənbələri mövcuddur. Lakin su tutarlarının və müasir su toplama sistemlərinin yetərli olmaması səbəbindən bu imkanlardan tam istifadə etmək mümkün olmur. Halbuki su tutarlarının yaradılması uzunmüddətli iqtisadi effekt verən və onilliklər boyu regionların inkişafına xidmət edən layihələrdir. Tarix göstərir ki, hələ ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan su tutarları bu gün də bir sıra rayonların kənd təsərrüfatı və iqtisadi həyatının əsas dayaqlarından biridir. Həmin layihələr sayəsində bəzi bölgələrdə sitrusçuluq, bağçılıq və digər kənd təsərrüfatı sahələri uzun illərdir davamlı inkişaf edir. Bu baxımdan hesab edirəm ki, yeni su tutarlarının və su toplama sistemlərinin yaradılması yalnız kənd təsərrüfatının inkişafı deyil, həm də regionların iqtisadi dayanıqlılığı və ərzaq təhlükəsizliyi baxımından strateji məsələ kimi qiymətləndirilməlidir.
Digər tərəfdən, son illərdə regionlarda yol infrastrukturunun inkişafı istiqamətində çox mühüm işlər görülüb. Daxili yolların çəkilməsi, kəndlərin və yaşayış məntəqələrinin əsas magistrallara çıxışının yaxşılaşdırılması regionların iqtisadi fəallığının artmasına ciddi töhfə verib”.
Deputat qeyd edib ki, bu gün qarşıda duran əsas vəzifə ölkəmizin əldə etdiyi inkişaf tempini qorumaq və regionların potensialını daha səmərəli şəkildə iqtisadi dövriyyəyə cəlb etməkdir:
“Çünki regionların güclənməsi bütövlükdə Azərbaycanın güclənməsi deməkdir.
Hökumətin təqdim etdiyi hesabatı ümumilikdə müsbət qiymətləndirir və qeyd etdiyim məsələlərin gələcək fəaliyyət proqramlarında da nəzərə alınacağına ümid edirəm”.
E.Paşasoy,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ