İnsanlara hürriyət, millətlərə istiqlal!

Quba-Xaçmazda dini sabitlik müzakirəsi: dövlət, din və cəmiyyət eyni masada - FOTOLAR

25 dekabr 2025-ci ildə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə Quba-Xaçmaz bölgəsi üzrə geniş regional görüş keçirilib.

Musavat.com xəbər verir ki, Quba rayonunda yerləşən “Şahdağ Quba Truskavets” otelinin “Panorama” zalında baş tutan tədbir “Bölgədə dini durum, aktual çağırışlar və dövlət–cəmiyyət əməkdaşlığı” mövzusuna həsr olunub.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, dini icma rəhbərləri, ilahiyyatçılar, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və bölgə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Görüş Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Şəhid ailələrinin və qazilərin də qatıldığı tədbirin bu şəkildə açılması görüşün ideoloji xəttini – dövlətçilik, milli birlik və mənəvi məsuliyyəti – aydın şəkildə ortaya qoyub.

Tədbirin əsas məruzəçisi, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ölkədə mövcud dini durum, qlobal və regional çağırışlar, radikalizm riskləri, həmçinin dövlətin dini sahədə həyata keçirdiyi siyasət və qanunvericilik aktlarının əsas istiqamətləri barədə geniş və sistemli çıxış edib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan dünyəvi dövlət modeli çərçivəsində dini etiqad azadlığını təmin edən nadir ölkələrdəndir. Onun sözlərinə görə, bu model dinin ictimai həyatdan sıxışdırılması deyil, əksinə, dini dəyərlərin hüquqi, sağlam və təhlükəsiz çərçivədə qorunmasına əsaslanır. Fazil Mustafa qeyd edib ki, vicdan azadlığı təmin olunur, lakin dini dəyərlərdən sui-istifadə, radikal ideologiyaların yayılması və cəmiyyətin parçalanmasına yönələn cəhdlər qətiyyən yolverilməzdir.

Çıxışda xüsusilə Quba-Xaçmaz bölgəsinin tarixən multikultural və çoxkonfessiyalı mühitin formalaşdığı məkan olduğu vurğulanıb. Bildirilib ki, müxtəlif dini icmaların uzun illərdir dinc yanaşı yaşaması Azərbaycanın tolerantlıq modelinin real təzahürüdür və bu harmoniyanın qorunması təkcə dövlətin deyil, din xadimlərinin, ziyalıların, ailələrin və vətəndaş cəmiyyətinin də ortaq məsuliyyətidir.

Fazil Mustafa dini sahədə maarifləndirmənin – izah, dialoq və elmi-dini əsaslandırma yolu ilə aparılmasının vacibliyini önə çəkib. Xüsusilə gənclərin radikal təsirlərdən qorunması üçün sağlam dini biliklərin və milli-mənəvi dəyərlərlə uzlaşan dini təfəkkürün təşviqinin prioritet istiqamət olduğu bildirilib. O, həmçinin dövlət–cəmiyyət əməkdaşlığının gücləndirilməsinin dini sahədə sabitliyin əsas şərtlərindən biri olduğunu qeyd edərək, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, yerli icra strukturları, bələdiyyələr və ictimai birliklər arasında koordinasiyanın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Tədbirin növbəti mərhələsində açıq dialoq formatında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. Dini icma nümayəndələri, ilahiyyatçılar və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri bölgədə dini sahədə mövcud olan praktiki məsələlər, ictimai gözləntilər və qarşılıqlı güvənin artırılması yolları ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə Qubadan seçilmiş Milli Məclis üzvləri Əlibala Məhərrəmzadə və Anatoliy Rafailov, eləcə də komitə sədrinin müavini Sahib Alıyev çıxış edərək dini sahədə dövlət siyasətinin hüquqi əsasları, regional əməkdaşlıq və ictimai həmrəyliyin möhkəmləndirilməsi məsələlərinə toxunublar.

Əlibala Məhərrəmzadə bölgədə tarixən formalaşmış dini-mənəvi harmoniyanın qorunmasının dövlətçilik baxımından mühüm əhəmiyyət daşıdığını bildirib, sağlam dini mühiti ictimai sabitliyin və milli birliyin əsas dayaqlarından biri kimi xarakterizə edib. Sahib Alıyev isə dini sahədə həyata keçirilən dövlət siyasətinin hüquqi mexanizmlərinə diqqət çəkərək, qanunvericiliklə ictimai dialoqun uzlaşdırılmasının cəmiyyətin mənəvi təhlükəsizliyinə xidmət etdiyini vurğulayıb.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Quba-Qusar rayonları üzrə qazısı Naib Səttarov, şəhid Miqdad Abduləlimovun anası, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, Xınalıq kənd sakini Yusif Şabanov, AYB Quba bölməsinin sədri, tanınmış ədəbiyyat və ictimai xadim Ramiz Qusarçaylı və digər iştirakçılar çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər.

Çıxışlarda vurğulanıb ki, Azərbaycanın gücü onun mədəni zənginliyində və mədəni müxtəlifliyinə sağlam yanaşmasındadır. Bu müxtəliflik düzgün idarə olunduğu halda milli təhlükəsizliyin və ictimai sabitliyin mühüm dayağına çevrilir. Regional görüşün əsas məqsədi də məhz bu müxtəlifliyin konstruktiv əsaslar üzərində qorunması, dini sahədə qarşılıqlı etimadın gücləndirilməsi və dövlət–cəmiyyət dialoqunun dərinləşdirilməsi olub.

Görüşdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Tariyel İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Regionlarla iş şöbəsinin müdiri Ramin Xudayev və digər rəsmi şəxslər də iştirak ediblər.

Sonda Tariyel İbrahimov çıxış edərək qonaqlara və bütün iştirakçılara təşəkkürünü bildirib, bu tip tədbirlərin ictimai fikrin sağlam şəkildə formalaşması və dini sahədə düzgün maarifləndirmə baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Tədbir kollektiv xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR