İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşular milyardlar qazanır, biz isə... - Azərbaycanda kripto-ferma durğunğulu

Son illər qonşu ölkələrdə - Gürcüstanda və Ermənistanda kriptovalyuta bazarı, mayninq (mining) fəaliyyəti və bərpaolunan enerji sahəsində ciddi addımlar atılır. Lakin Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik Azərbaycanda bu sahə hələ də istənilən səviyyədə inkişaf etməyib.

Bəs əsas səbəblər nədir? Ölkəmizdə mayninq fəaliyyətinin rentabelli olmamasına nə təsir edir və dövlətin bu sahədəki rolu necə olmalıdır?

İKT üzrə mütəxəssis Fərhad Mirəliyev Musavat.com-a müsahibəsində Azərbaycanda mayninq fermalarının qurulmamasının səbəblərini açıqlayıb.

- Fərhad bəy, qonşu ölkələrdə, məsələn, Ermənistanda azad iqtisadi zonalar yaradılır, kripto-mayninq sahəsi təşviq edilir. Məsələn, günəş panelləri vasitəsilə elektrik enerjisi xərclərini azaldaraq böyük mənfəət əldə edirlər. Azərbaycanda niyə bu sahə işlək və rentabelli deyil?

-Azərbaycanda bu sahənin hazırda işlək və rentabelli olmamasının əsas səbəbi elektrik enerjisi ilə bağlı məsələdir. Enerjinin mövcud qiyməti, leqal şəkildə çalışdıqda, gəlir vergisini ödədikdən sonra mənfəəti örtmür. Yəni bu, mövcud şərtlər daxilində rentabelli iqtisadi fəaliyyət növü deyil. Mayninqin gəlirliliyi birbaşa iki amildən asılıdır - elektrik enerjisinin maya dəyəri və kriptovalyutanın öz bazar qiyməti. Kriptovalyutanın qiyməti elə bir həddə düşə bilər ki, fəaliyyət tamamilə zərərli olsun, yaxud əksinə. Günəş panellərinə gəldikdə isə, bu da dövlət proqramı və dəstəyi tələb edən sahədir. Məsələn, Pribaltika ölkələrində dövlət vətəndaşlara günəş panelləri alarkən xərclərin 60-70 faizini subsidiyalaşdırır. Hətta vətəndaşlar artıq qalan enerjini dövlətə satırlar. Azərbaycanda isə sıravi bir evin və ya obyektin təchizatı üçün tələb olunan günəş paneli xərclərini vətəndaş özü qarşılamalıdır. Burada çox nüanslar var və hamısı gedib dövlət tənzimlənməsinə çıxır.

- Qazaxıstan nümunəsini çəkdiniz. Orada proses necə tənzimlənir?

- Qazaxıstanda bu, birbaşa dövlət proqramıdır. Dövlət təşviq edir, şərait yaradır və nəticədə bütün kripto dünyası - birjalar, mayninq fermaları və ticarət platformaları oraya axışır. Yəni ortada dövlət iştirakı və marağı var. Dövlətin bu sahədə marağı və təşviqi yoxdursa, fərdi şəxsin və ya mütəxəssisin edə biləcəyi addımlar məhduddur. Nə gömrük rüsumlarına, nə vergi güzəştlərinə, nə də enerji tariflərinə fərdi olaraq təsir edə bilmərik. Bunlar hamısı iqtisadiyyatın çarxlarını döndərən vahid bir sistemin - vergi, gömrük və energetika sisteminin komponentləridir.

- Mərkəzi Bank virtual aktivlər və kriptobazarlar üzrə qanunvericilik bazasının hazırlandığını bəyan edib. Sizcə, bu addım vəziyyəti dəyişə bilərmi?

- Hazırlanan qanunvericiliyin hansı modelə əsaslanacağını hələ bilmirik. Dünya təcrübəsində fərqli yanaşmalar var. Məsələn, Qazaxıstanda açıq və təşviqedici model tətbiq olunur. Rusiya Federasiyasında isə daha məhdudlaşdırıcı qanunvericilik mövcuddur - istifadə oluna biləcək kriptovalyutaların sayı, vətəndaşların aylıq və illik investisiya limitləri ciddi şəkildə çərçivəyə salınıb. Bizdə hansı modelin seçiləcəyini zaman göstərəcək.

- Gürcüstan və Ermənistanda bu sahədə irəliləyiş var. Azərbaycan da regionda bir “kripto-hab”a çevrilə bilərmi? Bu inkişafın qarşısını alan nədir - çirkli pulların yuyulması riskləri, yoxsa başqa səbəblər?

- Əgər istəsələr, bəli, Azərbaycan da bu sahədə regional mərkəzə çevrilə bilər. Kriptovalyuta bazarının bütün dünyada qəbul olunmuş müsbət və mənfi tərəfləri var. O, Azərbaycanda işləyəcəksə, müsbəti də gələcək, mənfisi də. Dünyada bu risklərlə - cinayətkarlıqla, vergidən yayınma ilə necə mübarizə aparılırsa, bizdə də o cür aparıla bilər. Lakin bəzən risklərin qarşısını almaq üçün fərqli metodlara əl atılır. Məsələn, kartdan-karta köçürmələrə günlük limitlərin qoyulması kimi qərarları görürük. Ehtimal ki, kriptovalyuta sahəsinə də ehtiyatla yanaşılmasının səbəbi mümkün mənfi tərəflərdən sığortalanmaq istəyidir.

- Bir mütəxəssis kimi bu sahənin inkişafı üçün hökumətə təkliflər verməyi düşünürsünüzmü?

- Şəxsən mən rəsmi şəkildə müraciət etməmişəm. Amma sosial şəbəkələrdə və mətbuatda İKT və digər sferalardan olan fəal mütəxəssislərin müxtəlif təkliflərlə çıxış etdiyini izləyirik. Keçən təkliflər də olur, keçməyənlər də. Şəxsi təcrübəmə əsasən bu barədə çox da nikbin olmasam da, hökumətə müvafiq təkliflərin verilməsi haqqında düşünməyə dəyər.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR