Onlayn ictimai-siyasi qəzet
Qəzza zolağı ətrafında formalaşan yeni diplomatik müzakirələr Yaxın Şərqdə “sülhməramlı missiya” adı altında aparılan proseslərin istiqamətini göstərir.
ABŞ prezidenti Donald Trampın Qəzzaya türk qoşunlarının yerləşdirilməsini məqsədəuyğun sayması və bu fikri İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşündə dilə gətirməsi regiondakı ziddiyyətləri bir daha açıq şəkildə üzə çıxarıb.
Trampın açıqlamalarında diqqətçəkən əsas məqam onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinə verdiyi yüksək dəyərdir. ABŞ lideri açıq şəkildə bildirib ki, bu məsələ müzakirə oluna bilər və Türkiyəni “əla tərəfdaş”, Ərdoğanı isə “çox yaxşı lider” hesab etdiyini vurğulayıb. Bu ritorika Vaşinqtonun Qəzza məsələsində Ankaranı regional güc mərkəzi və mümkün sabitləşdirici faktor kimi gördüyünü göstərir.
Lakin Trampın bu yanaşması İsrail üçün qəbuledilməzdir. Təl-Əviv Türkiyənin Qəzzada istənilən formatda – istər sülhməramlı, istərsə də beynəlxalq stabilizasiya qüvvəsi tərkibində – iştirakını açıq şəkildə “qırmızı xətt” elan edib. İsrail rəsmilərinin qənaətincə, Türkiyənin bölgəyə daxil olması Ankaraya əlavə hərbi-siyasi təsir imkanları qazandıra və Qəzzada güc balansını İsrailin maraqlarına zidd istiqamətdə dəyişə bilər.
Məhz bu narahatlıq fonunda İsrail mediasında diqqətçəkən bir detal ön plana çıxıb: Türkiyəyə alternativ olaraq müsəlman, lakin İsraillə birbaşa qarşıdurma gündəmi olmayan üçüncü ölkələrin adları hallandırılır. Bu kontekstdə Azərbaycanın adı da mümkün namizədlər sırasında çəkilir. İsrailin yanaşmasına görə, Bakı kimi ölkələrin çoxmillətli formatda iştirakı həm “müsəlman faktoru”nu qoruyar, həm də Türkiyənin bölgədə dominant rol almasının qarşısını ala bilər.
Azərbaycanın adının bu cür həssas bir ssenaridə hallandırılması təsadüfi deyil. Bakı son illər İsraillə sıx siyasi, hərbi-texniki və təhlükəsizlik əməkdaşlığı qurub, eyni zamanda müsəlman dünyasında nisbətən balanslı və praqmatik imicə malikdir. Bu xüsusiyyətlər İsrail üçün “risksiz tərəfdaş” modelinə daha uyğun görünür. Digər tərəfdən isə Azərbaycan üçün belə bir missiya həm ciddi beynəlxalq məsuliyyət, həm də mürəkkəb diplomatik risklər deməkdir.
Nəticə etibarilə, Trampın Türkiyəni önə çəkməsi ilə İsrailin Azərbaycan kimi alternativlər axtarması Qəzza məsələsinin sadəcə humanitar və ya sülhməramlı gündəmdən ibarət olmadığını göstərir. Burada söhbət regionun gələcək siyasi arxitekturasından və böyük güclərin nüfuz savaşından gedir. Yaxın zamanda Qəzzada kimin təsiri artacaq və Yaxın Şərq hansı istiqamətdə formalaşacaq?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Netanyahu hakimiyyətinin anlamadığı mühüm bir məqam var: “ABŞ-ın rəsmi Təl-Əvivin Fələstin və Yaxın Şərq siyasətinə onun istədiyi səviyyədə dəstək verməməsinin səbəbi heç də Ərdoğanın mövqeyindən qaynaqlanmır. Hətta Ərdoğan Netanyahunun militarist siyasətinə maksimum dəstək versə belə, ABŞ İsrailin Yaxın Şərq ölkələri ilə bağlı strategiyasını yaxına buraxmayacaq. Çünki bu siyasət nəticə etibarilə ABŞ-ın regiondakı mövqeyini zəiflədir və Çinin nüfuz qazanmasına şərait yaradır”.
Heydər Oğuzun sözlərinə görə, iqtisadi və hərbi sənaye baxımından ABŞ-yə sürətlə yaxınlaşan, bəzi sahələrdə onu geridə qoyan Çinin ekspansionist siyasətini əngəlləmək üçün Vaşinqton xarici siyasət doktrinasında ciddi dəyişikliklərə gedib. Bir neçə gün əvvəl açıqlanan “ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası – 2025” sənədində də bu məqam açıq şəkildə vurğulanır. Doktrinada bildirilir ki, Yaxın Şərq ABŞ üçün əvvəlki strateji cazibəsini qismən itirib. Səbəb isə ABŞ-ın yeni neft və qaz yataqlarını kəşf etməklə artıq enerji idxalçısından ixracatçıya çevrilməsidir.
Bununla belə, ABŞ dünyanın əsas enerji istehsalçısı olan Yaxın Şərq ölkələrini “yad əllərə” buraxmaq niyyətində deyil. Xüsusilə Fars körfəzi ölkələrində və dünya neft hasilatının təxminən 40 faizinin daşındığı Qırmızı dənizdə öz mövqelərini qorumağa çalışır. Əks halda, bu regionlara nəzarəti ələ keçirən Çin kimi rəqib dövlətlər yaxın gələcəkdə ABŞ-ın qlobal hegemoniyasına ciddi zərbə vura bilər.
Heydər Oğuz hesab edir ki, ABŞ-ın bu strategiyasını ləngidən əsas qüvvə elə İsrailin özüdür: “Odur ki, Donald Tramp artıq neçənci dəfədir Netanyahunu ‘ağıllı olmağa’, ağlasığan təkliflərlə çıxış etməyə çağırır. Netanyahu isə tutduğunu buraxmayan kor kimi ‘Nuh deyir, peyğəmbər demir’. Halbuki Yaxın Şərqdə bütün qonşularla düşmən olmaq onu öz məhvinə aparır”.
Şərhçinin fikrincə, Tramp İsraili bu təhlükəli maksimalist siyasətdən çəkindirmək üçün “İbrahim oğulları sazişi” kimi regional əməkdaşlıq modellərini irəli sürür. Məqsəd Yaxın Şərqi dinlər savaşı meydanından çıxarmaq, yəhudi–ərəb, türk–kürd–ərəb ittifaqları yaratmaqdır. ABŞ-ın Türkiyədəki səfiri Tom Barakın da açıq şəkildə bəyan etdiyi kimi, Xəzərdən Aralıq dənizinə qədər uzanan coğrafiyada eyni rejimli və əməkdaşlığa açıq dövlətlərin formalaşması Vaşinqton üçün strateji əhəmiyyət daşıyır.
Bundan əlavə, Türkiyənin Çin ekspansiyasını dayandıra biləcək potensial Turan Birliyi yaratmaq imkanları ABŞ üçün vazkeçilməz fürsət kimi qiymətləndirilir. Əks halda, iqtisadi və hərbi cəhətdən sürətlə böyüyən Çin bütün Mərkəzi Asiyanı nəzarət altına ala, dünyanın ən zəngin təbii sərvətlərə malik coğrafiyası Pekinin təsir dairəsinə keçə bilər.
Azərbaycanın Yaxın Şərqdə Türkiyəni əvəz etməsi ehtimalına gəlincə, Heydər Oğuz bu ssenarini riskli sayır: “Azərbaycan və bütövlükdə Türk dünyasının iqtisadi və hərbi-strateji yüksəlişi milli vəhdətdən keçir. Rəsmi Bakı bunu anlamayacaq qədər sadəlövh deyil. Azərbaycanın Təl-Əvivə verə biləcəyi ən real töhfə Türkiyə və İranla İsrail arasında körpü rolu oynamaqdır. Bu isə yalnız İsrailin özünü "ağıllı aparması" və rasional strategiya seçməsi ilə mümkündür”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ