Onlayn ictimai-siyasi qəzet
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa birləşdirməyi hədəfləyən yeni beynəlxalq layihəni elan edib.
Musavat.com-un xəbərinə görə, Avropa İttifaqının layihəsi Orta Dəhliz kimi tanınan nəqliyyat marşrutu boyunca inkişaf etdiriləcək. Leyen bəyan edib ki, bu layihə Cənubi Qafqaz və Mərkəzi Asiyanı birbaşa Avropa bazarı ilə - sözdə Orta Dəhlizlə birləşdirəcək.

Avropa Komissiyası prezidentinin sözlərinə görə, Aİ layihənin inkişafı üçün “Qlobal Gateway” proqramı vasitəsilə 12 milyard avroya qədər dövlət və özəl investisiya cəlb etməyi gözləyir. "Məqsədimiz marşrutları şaxələndirmək və yük daşıma müddətini əhəmiyyətli dərəcədə azaltmaqdır", - fon der Leyen deyib.
Qeyd edək ki, Orta Dəhliz Çin və Avropa arasında Orta Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyədən keçən nəqliyyat marşrutudur. Onun inkişafı Asiya və Avropa arasında alternativ ticarət yollarının genişləndirilməsinin yolu kimi qəbul edilir. Orta Dəhlizin bir parçası isə “Tramp yolu” adlandırılan Zəngəzur koridorudur. AB-nin regiona etdiyi yatırımın Azərbaycana da iqtisai dividendləri gözlənilir.
Musavat.com-a danışan hüquqşünas Qulamhüseyn Əlibəyli qeyd edib ki, Leyenin səsləndirdiyi bir rəqəm Cənubi Qafqaz üçün yeni geoiqtisadi perspektivin konturlarını göstərir. Onun sözlərinə görə, Orta Dəhliz boyunca marşrutları şaxələndirmək, 2030-cu ilədək ticarət axınlarını üç dəfə artırmaq və yükdaşıma müddətini kəskin azaltmaq cəlb olunması nəzərdə tutulan investisiyaların əsas məqsədi kimi göstərilir: “Bu vəsaiti konkret olaraq Azərbaycana ayrılan maliyyə paketi kimi qiymətləndirmək olmasa da, bu vəsaitin formalaşdıracağı yeni ticarət və loqistika məkanında ölkəmizin iqtisadi fayda, dividendlər əldə edəcəyi şübhəsizdir.
Hazırda dünyada böyük geoiqtisadi dəyişiklik gedir. Uzun müddət Çin–Avropa quru daşımalarının mühüm marşrutlarından biri Rusiya üzərindən keçirdi. Lakin Rusiya – Ukrayna müharibəsi, ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsi və Yaxın Şərqdəki hərbi qarşıdurmalar geosiyasi şərait alternativ yolların əhəmiyyətini artırdı. Dünya Bankı da Orta Dəhlizə marağın Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra yüksəldiyini qeyd edir”.
Mütəxəssisə görə, lakin Orta Dəhlizi sadəcə “Rusiyadan yan keçən yol” kimi xarakterizə etmək onun mahiyyətini daraldardı. Avropaya alternativ təchizat yolları lazımdır:
“Mərkəzi Asiya ölkələri dünya bazarlarına çıxışlarını genişləndirməkdə maraqlıdır. Çin üçün müxtəlif Avropa marşrutlarının mövcudluğu kommersiya baxımından əhəmiyyətlidir. Türkiyə Avropa ilə Asiya arasındakı logistika mövqeyini inkişaf etdirir. Bu maraqların kəsişdiyi coğrafiyalardan biri Azərbaycandır. Bu da Azərbaycana mühüm geosiyasi və geoiqtisadi üstünlüklər və dividentlər vəd edir. Azərbaycan Orta dəhlizin inkişafı ilə əlaqədar bir sıra infrastrukturları artıq formalaşdırıb. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, Xəzər gəmiçiliyi və Şərq–Qərb nəqliyyat infrastrukturu artıq Orta Dəhlizin Azərbaycan seqmentinin əsasını təşkil edir. Orta Dəhlizin spesifik xüsusiyyəti onun multimodal olmasıdır. Yük dəmir yolu ilə Xəzərin şərq sahilinə gəlir, dənizlə Azərbaycana keçir və buradan yenidən dəmir yolu ilə Avropaya doğru hərəkət edir. Bu baxımdan Azərbaycan üçün ilk böyük dividend Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası ilə əlaqədar ehtimal oluna bilər. Bu dividentlər Çin və Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə gələn yüklərin Bakı Limanından Gürcüstan–Türkiyə istiqamətində dəmir yolu xətti ilə daşınmasını təşkil etməklə qazanılan tranzit və xidmət haqqı formasında ola bilər”.

Ekspertin dediyinə görə, digər tərəfdən Xəzər dənizi vasitəsilə bərə və yükdaşıma imkanlarının artırılması, liman əməliyyatlarının rəqəmsallaşdırılması, Aktau–Bakı və Türkmənbaşı–Bakı xətlərində əməliyyatların koordinasiyası Azərbaycan üçün strateji əhəmiyyətli məsələyə çevrilir.
Onun fikrincə, Azərbaycanın qazana biləcəyi dividentlərin başqa bir istiqaməti Naxçıvanla əlaqədar ola bilər: “Bu ilin yanvarında Aİ, Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı Naxçıvan dəmir yolunun inkişafına dair texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başladılar. Aİ bu dəmir yolunu daha geniş Transxəzər Nəqliyyat Dəhlizinin tərkib hissəsi kimi təqdim edir və Avropa ilə Mərkəzi Asiya arasında 15 günlük tranzit müddətini hədəf göstərir. Bu istiqamətin əhəmiyyəti yalnız Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqənin bərpası ilə məhdudlaşmır. Əgər səmərəli regional bağlantı formalaşarsa, Azərbaycanın qərbə doğru nəqliyyat imkanları şaxələnə bilər. Başqa sözlə, Bakı–Tbilisi–Qars xətti ilə yanaşı Naxçıvan üzərindən Türkiyə istiqaməti də əlavə xətt ola bilər. Beləliklə, Naxçıvan iqtisadi dalan mövqeyindən çıxaraq regional logistika və tranzit şəbəkəsinin elementinə çevrilmək imkanı əldə edə bilər”.
Q.Əlibəyli xatırladıb ki, bir müddət əvvəl xanım Leyen Bakıda olarkən Naxçıvandan keçən dəmir yolu bağlantısını və Bakı Limanının inkişafını mümkün investisiya layihələri sırasında açıq şəkildə göstərmişdi: Daha maraqlısı budur ki, Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında ticarətin 37 faiz, bu ölkələrin Aİ ilə ticarətinin isə 28 faiz artması proqnozlaşdırılır.
Emil SALAMOĞLU,
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ