İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qazancı bir stəkan çay qədər..." – İllərdir ki, 20 qəpiyə işləyir - VİDEOREPORTAJ

"Məndən əsasən arvadlar, kasıb-kusub çay alır. Bura kasıb bazarıdır. Yay aylarında isə bazarım sözün əsl mənasında ölür. Yayda kim çay içir ki..."

Bu sözləri Musavat.com-un əməkdaşı ilə söhbətində "8-ci km" bazarında on ildən çoxdur çay satan Qızxanım Kərimova deyir.

Bazarda onu daha çox "Təhminə" adı ilə tanıyırlar. Məni görcək mehriban, gülərüzlə danışan həmsöhbətimin sözlərinə görə, çay satışı əsasən payız və qış aylarında olur. Yayda isə alıcı demək olar ki, tapılmır. O, çayın bir stəkanını 20 qəpiyə satır:

"İndi kasadlıqdır. Kimdir indi çay alan? İş də yoxdur. İsti havada hamı çay yox, su, kompot içir".

Təhminə xanım əslən Lənkərandandır. Təxminən 30 il əvvəl doğma yurdunu tərk edib. Bir müddət Sumqayıtda yaşayıb və orada da bazarda çay satıb. Daha sonra ailəsi ilə birlikdə Bakıya köçüb.


"Məni bu işə qonşum cəlb etdi. O vaxtdan bu günə qədər çay satıram"

Həyat yoldaşı uzun illər hava limanında fəhlə işləyib. İndi isə səhhətindəki problemlər səbəbindən əsa ilə hərəkət edir və pensiya alır: 

"Lerikdə öz evimiz yoxdur. Dədə-baba yurdunda qalırdıq. İki oğlum var. Hər ikisi tikintidə fəhlə işləyir. Biri ailəlidir, o da kirayədə yaşayır. Digəri mənimlə qalır. Suraxanıda ikiotaqlı evi 200 manata kirayələmişik".

Təhminə xanım deyir ki, gün ərzində qazandığı 10-15 manat ailənin əsas ehtiyaclarına güclə çatır:

"O pulu da evə, ərzağa, kommunal xərclərə verirəm. Heç nəyə çatmır. Nəvələrim var. Böyük oğluma da imkan olduqca kömək edirəm".

Onun sözlərinə görə, çay satmaq kənardan göründüyü qədər asan deyil:

"Biri içir, biri içmir. Çətinliklə satıram. Zülmlə pul qazanıram. Bazar zəifdir, adam azdır. Çayı əsasən qışda içirlər".

Bəzən isə qazancdan çox insanlıq ön plana keçir:

"Görürəm kiminsə pulu yoxdur. Deyirəm, iç, heç nə olmaz. Ölənlərinin ehsanı olsun".

Təhminə xanım burada sahibkar deyil, muzdlu işçidir:

"Mən burada fəhləyəm. Müdirim var. Maaşımı satışa görə verir. Günə təxminən 15 manat edir".

Çay satan xala.jpg (205 KB)


Onun iş günü səhər saat 6-da başlayır, axşam 8-də başa çatır. Günün böyük hissəsini ayaq üstə keçirir. Bazarda çay satanların çox olması da qazancını azaldır.

"Burada çay satan tək mən deyiləm. Rəqabət də çoxdur"

Təhminə xanım danışdıqca düşünürəm, 20 qəpiyə indiki dövrdə nə almaq olar? Çox az və cüzi bir şey. Amma bu xanım 14 saat ərzində 20 qəpikləri toplayıb, evinə çörəkpulu aparır...

Gələn il 60 yaşı tamam olacaq. İndi ən böyük arzusu pensiyaya çıxmaqdır. Uzun illərdir bazarın içində çay sataraq dolanan Təhminə xanım ümid edir ki, heç olmasa pensiya ona bir qədər rahat nəfəs almaq imkanı verəcək.

çay 1.jpg (164 KB)


Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR