Onlayn ictimai-siyasi qəzet
Qatlanan telefonların savaşı başlayıb. Apple illər sonra iPhone-un forması ilə bağlı ən böyük dəyişikliklərdən birinə gedərək ilk qatlanan modeli iPhone Duonu təqdim edib. 1999 dollarlıq qiyməti ilə Apple tarixinin ən bahalı iPhone-u olan yeni cihaz pasport formasında açılıb-bağlanır və şirkət onu adi smartfondan planşetə yaxın təcrübəyə keçid kimi təqdim edir.
Amma Apple-ın böyük təqdimatından sonra texnologiya bazarında diqqət çəkən başqa bir mənzərə yarandı: Çin istehsalçıları Apple-ın qatlanan iPhone-u ilə rəqabətə çox sürətli cavab verdi. Xiaomi 18 Fold Apple-ın təqdimatından cəmi iki gün sonra Çində satışa çıxarıldı və qiyməti iPhone Duo-dan xeyli aşağı oldu. Üstəlik, Çin şirkətləri qatlanan telefon texnologiyasında Apple-dan illər əvvəl yarışa başlayıb.
Beləliklə, söhbət artıq, sadəcə, yeni iPhone modelindən getmir. Bir tərəfdə 2 min dollarlıq Apple, digər tərəfdə daha sərfəli qiymətə oxşar formata və güclü texniki göstəricilərə sahib Çin telefonları var. Üstəlik, sosial şəbəkələrdə bu cihazların müqayisəli videoları da sürətlə yayılır.
Bəs Apple qatlanan telefon bazarına gec daxil olub, yoxsa şirkət bazarın yetişməsini gözləyərək daha təhlükəsiz addım atıb? Çin şirkətləri Apple-ın dizaynını təkrarlayır, yoxsa burada artıq ayrıca texnoloji rəqabət formalaşıb? Və ən əsası, istehlakçı 2 min dollarlıq iPhone alacaq, yoxsa üçdə birinə qədər daha ucuz alternativlərə üstünlük verəcək?
![]()
Mövzu ilə bağlı İT mütəxəssisi Fərhad Mirəliyev Musavat.com-a danışıb.
Mütəxəssis bildirib ki, Xiaomi uzun müddətdir iPhone modellərini nüsxələməklə bağlı müzakirələrin mərkəzindədir: “Ümumiyyətlə, Xiaomi daim iPhone-un müxtəlif modellərini nüsxələməklə məşğul olub. Burada “sənaye casusluğu” deyilən bir anlayış var. Hər bir şirkətdə istehsaldan əvvəl artıq hansı modelin hazırlandığı, necə hazırlandığı müəyyən üsullarla məlum olur. Müxtəlif yollarla məlumatlar çatır ki, hansı form-faktorda bir cihaz istehsala gedəcək.
Hələ nəzərə alsaq ki, Apple bu modeli 5-6 ildir hazırlayırdı, deməli, bu, bir ilin, iki ilin, hətta üç ilin nəticəsi deyil. Bu cihaz bir neçə ildir hazırlanır. Samsung hazırda Fold 7-ni çıxarıbsa, təsəvvür edin ki, Apple ən azı 5-6 il bundan əvvəl bu proseslərlə məşğul olub. Sadəcə olaraq, öz planlarına və məntiqlərinə uyğun olaraq, qarşıya qoyduqları hədəflərə çatmadıqları üçün bu modeli hələ istehsala buraxmırdılar. Amma form-faktor olaraq bu, çoxdan bəlli idi. Hətta Samsung şirkətinin özünün 10 il əvvələ aid konsept çəkiliş videoları var. Orada Apple-da olan modelə oxşar, təxminən 90 faiz eyni formaya malik bir model görünür.
Siz təkcə Xiaomi-ni qeyd etdiniz, amma Samsung da ondan əvvəl həmin modeli buraxıb. Yəni eyni form-faktorda cihazı istehsala çıxarıb və artıq bununla bağlı icmallara internetdə rast gəlirik. Hazırda bu form-faktorda 4 model var. Huawei-nin Pure X modeli, Samsung Fold, Apple Duo və Xiaomi-nin Fold modeli".
Mütəxəssis hesab edir ki, qatlanan telefonlar arasında seçim zamanı əsas məsələlərdən biri istifadəçinin hansı ekosistemə üstünlük verməsidir: "Məsələ seçimlərə gələndə ekosistemlərin fərqli olmasıdır. Elə istifadəçi var ki, iOS ekosistemində, Apple ekosistemində çalışır. Məsələn, planşeti də Apple-dandır, noutbuku da Apple-dandır, telefonu da, saatı da. Yəni bu, bir ekosistemdir.
Elə istifadəçi də var ki, Android sistemindən istifadə edir. Burada, məsələn, söhbət smart saatdan gedirsə, o, Google istehsalı ola bilər, noutbukdan söhbət gedirsə, ChromeOS ola bilər və yaxud Google-un digər servislərindən istifadə olunur. Əgər Çin analoqundan danışırıqsa, o zaman burada HarmonyOS əməliyyat sistemini də vurğulamalıyıq. Bu da Çinin özünün milli istehsalı, öz əməliyyat sistemidir. Yəni, burada seçim tamamilə istifadəçinin şəxsi təcrübəsinə və istəyinə bağlı olan məsələdir.
Onu da vurğulamaq lazımdır ki, qatlanan telefon modelləri başqa form-faktorda, yəni kvadrat dizaynda artıq 7-8 ildir mövcuddur. Amma kvadrat dizayn özünü tam doğrultmadı. Apple da görünür, bu nöqteyi-nəzərdən çıxış edərək həmin form-faktorda model buraxmadı. Bir neçə il ərzində apardığı tədqiqatların və işlərin yekun nəticəsi olaraq, kitab formasında açılıb-bağlanan cihazını artıq istifadəçilərə təqdim etdi.
Burada müəyyən məsələlər var ki, erqonomika baxımından önəmlidir. Məsələn, adi, öyrəşdiyimiz telefonla baxdığımız 16:9 formatında olan kino və videolar ənənəvi qatlanan modellərdə də təxminən eyni görünüş sahəsinə malikdir. Amma bu yeni form-faktor nisbətən daha böyük görünüş sahəsinə malikdir. Yəni, 16:9 formatında olan videolar orada daha miqyaslı görünür. Hələlik digər istehsalçıların, məsələn, Samsung-un təcrübəsinə nəzər salsaq, görərik ki, bazarda istifadəçilərin, alıcıların ilkin təəssüratı müsbətdir".
"Qatlanan telefonların riskləri nədir” sualına isə mütəxəssis bu cür cavab verib:
"Əvvəla, ortada, qatlanma hissəsində müəyyən batıq hissə yaranır. Ola bilsin ki, telefon təzə alınanda bu, çox bilinmir. Amma müəyyən sayda – 5, 10, 20 dəfə və daha çox açılıb-bağlandıqdan sonra həmin hissə artıq özünü büruzə verir. Düzdür, bu, gözlə çox hiss olunmur, amma əllə toxunanda həmin hissə hiss edilir. Qatlanan hissəyə, məsələn, kənar bir əşya, qırıntı və ya başqa bir maddə düşərsə, bu zaman ekranı sındıra bilər.
Şarnirin özünün də, məsələn, müəyyən açılıb-bağlanma limiti var. Düzdür, bu limit kifayət qədər yüksək qoyulur, yəni qısa müddətdə həmin həddə çatmaq olmur. Amma istənilən halda belə bir limit mövcuddur. Həmçinin, içəridəki şüşənin nə qədər qatlana bilməsi, üzlük plyonka dediyimiz qatın da müəyyən istifadə müddəti var. Həmin plyonka müəyyən müddətdən sonra dəyişdirilməlidir.
Digər məsələ isə budur ki, bu modellərin əksəriyyəti – təxminən 90 faizi – suya qarşı davamlı olsa da, toza qarşı eyni səviyyədə davamlı deyil. Yəni, bəzi hallarda şarnir olan hissədən içəriyə toz dənəcikləri keçə bilir. Bu toz sonradan ekranın altında çox xoşagəlməz şəkildə görünə bilər. Ona görə də bildiyimiz adi mobil telefonlar kimi bu cihazları, məsələn, dəniz kənarında, qumda və buna bənzər şəraitdə istifadə etmək eyni dərəcədə təhlükəsiz deyil.
Risklərdən başqa mənfi tərəflərini də desək, məsələn, Duo modelində kamera ekranın altındadır. Kamera gizlədilib və baxış üçün ekranın daha geniş, ideal görünməsi təmin olunub. Amma əlbəttə ki, kameranın ekran altında yerləşməsi görüntü keyfiyyətinə müəyyən qədər təsir edir. Bundan başqa, təmirinin daha baha başa gəlməsi də mənfi tərəflərdən biridir. Həmçinin, bu telefonlar üçün spesifik qoruyucu qablar hazırlanır. Həmin qablar telefonun bütün kənarlarını tam qoruya bilmir, yalnız müəyyən hissəsini qoruyur. Çünki telefon açılıb-bağlanır və onun sabit, dəyişməz bir pozisiyası yoxdur. Ona görə də bu cihazlar üçün hərəkətli, xüsusi keyslər hazırlanır. Telefon yerə düşərkən isə müəyyən zədələnmə riskləri daha yüksək ola bilər”.
Xalidə Gəray,
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ