İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda vergi və gömrük güzəştləri ilə bağlı MÜHÜM AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərdə idxalı vergi və gömrük rüsumundan azad edilən texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların aid olduğu iqtisadi fəaliyyət sahələrinin sayı artırılıb.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, işğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib. Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli Qərarı ilə idxalı əlavə dəyər vergisi və gömrük rüsumundan azad edilən texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların aid olduğu iqtisadi fəaliyyət sahələrinin sayı artırılıb.

Dəyişikliklərlə güzəşt tətbiq olunan yeni iqtisadi fəaliyyət sahələri:

· Əczaçılıq məhsullarının istehsalı;

· Bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı;

· Üzümdən şərab istehsalı;

· Elmi tədqiqat və işləmələr;

· Ət, quş əti, balıq və süd məhsullarının emalı və konservləşdirilməsi, habelə heyvan yemi istehsalı;

· Heyvandarlıq (iribuynuzlu mal-qara və camışların yetişdirilməsi) və şirin su hövzələrində balıqyetişdirmə;

· Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması;

Güzəştlərin tətbiq dairəsinin genişləndirilməsi kənd təsərrüfatı, emal sənayesi, əczaçılıq, bərpa olunan enerji və elmi-tədqiqat kimi müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün investisiya və istehsal xərclərinin optimallaşdırılmasına, layihələrin iqtisadi səmərəliliyinin artırılmasına və yeni biznes təşəbbüslərinin həyata keçirilməsinə əlavə imkanlar yaradır.

XALİD SON.png (554 KB)

İqtisadçı Xalid Kərimli Musavat.com-a şərhində bildirib ki, sözügedən güzəştlərdən sonra Qarabağa böyük həcmdə investisiyanın yatırılıb-yatırılmayacağı barədə danışmaq hələ tezdir, amma güzəştlərin tətbiqi müsbət faktordur.

Ekspertin bu güzəştlərin orta və uzunmüddətli dövrdə bölgənin özünü maliyyələşdirmə qabiliyyətinə və məşğulluğa multiplikator effekti yaratması ilə bağlı proqnozu isə belədir:

“Sözün düzü, mən bu mövzuda optimist deyiləm, çünki uzun müddətdir ki, regionların və qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı ciddi çətinliklər var. Qarabağ və Şərqi Zəngəzurda daha böyük çağırışlar var. Hələ tam məskunlaşma başa çatmayıb, bazar yoxdur, infrastruktur formalaşmaqda davam edir. Söhbət təkcə yolun olub-olmamasından getmir - biznes infrastrukturu yaranmalı, biznes əlaqələri formalaşmalıdır. Bu isə çox uzunmüddətli prosesdir. Qarabağ və Şərqi Zəngəzurda vəziyyət ölkənin digər ərazilərindəki vəziyyət kimi olacaq. Digər bölgələrdə yaxşıdırsa, orda da yaxşı olacaq. Biz Lənkəranda, yaxud Zaqatalada yaxşı işlər görə bilməmişiksə, Füzulidə, Cəbrayılda, Ağdamda daha yaxşı işlər görə biləcəyikmi? Regionların inkişafını təmin edə bilmədiyimizə görə eyni problemlər daha kəskin şəkildə və özünəməxsus problemlər də əlavə olunmaqla Qarabağ və Şərqi Zəngəzurda da qarşımıza çıxa bilər. Amma təbii ki, inkişaf olmalıdır, güzəştlər və s. bu prosesə müsbət təsir göstərməlidir”.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR