İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft 100 dolları keçdi: Azərbaycan qazanır?

ABŞ ilə İran arasında hərbi qarşıdurma fonunda Hörmüz boğazında gəmiçiliyin ciddi şəkildə məhdudlaşması dünya enerji bazarında qeyri-müəyyənliyi artırıb. Qlobal neft və mayeləşdirilmiş təbii qaz daşımalarının mühüm hissəsinin həyata keçirildiyi bu strateji marşrutda yaranan problemlər enerji qiymətlərinə, təchizat zəncirlərinə və idxalçı ölkələrin iqtisadiyyatına təsir göstərir.

Oktyabrın 12-nə olan məlumata görə, “Brent” markalı neftin qiyməti bir barel üçün 103 dollar ətrafında dəyişir. İranın boğazın açılması ilə bağlı ABŞ-nin cavabını yetərsiz hesab etməsi isə vəziyyətin yaxın zamanda normallaşacağına dair sualları artırır.

Neft ixrac edən Azərbaycan üçün qiymət artımı əlavə gəlir imkanları yaratsa da, qlobal iqtisadi fəallığın zəifləməsi, daşınma xərclərinin yüksəlməsi və enerji bazarındakı qeyri-sabitlik əks təsirlər narahatlıq doğurur.

Hörmüz boğazı ətrafında böhran uzanarsa, Azərbaycan bu vəziyyətdən hansı iqtisadi dividendləri əldə edə, nə cür risklərlə üzləşə bilər?

badam.jpeg (279 KB)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Musavat.com-a bildirib:

“Azərbaycan neft və qaz ixracatçısı olduğu üçün enerji qiymətlərinin yüksəlməsi ölkəyə əlavə valyuta gəlirləri gətirə, büdcə daxilolmalarını artıra və xarici ticarət balansına müsbət təsir göstərə bilər. Lakin bu məsələyə yalnız qiymət artımı prizmasından yanaşmaq düzgün olmaz. Çünki gəlirlərin artması birbaşa hasilatın həcmi ilə də bağlıdır. Azərbaycanın neft hasilatında müşahidə olunan azalma yüksək qiymətlərdən əldə edilə biləcək əlavə gəlirləri müəyyən dərəcədə məhdudlaşdırır. Digər tərəfdən, Azərbaycan qlobal iqtisadiyyatın bir hissəsidir və yalnız enerji ixracatçısı deyil, eyni zamanda, müxtəlif məhsulların idxalçısıdır. Neftin qiymətinin artması ilə yanaşı, daşınma, sığorta və logistika xərclərinin yüksəlməsi idxal etdiyimiz məhsulların bahalaşmasına, istehsal xərclərinin artmasına və inflyasiya təzyiqlərinin güclənməsinə səbəb olur. Bu isə xüsusilə gündəlik istehlak mallarının qiymətləri vasitəsilə vətəndaşların rifahına təsir göstərir. Ona görə də əsas məsələ yaranmış vəziyyətdən əldə edilən əlavə gəlirlərin səmərəli idarə olunmasıdır. Enerji qiymətlərinin yüksəlməsi nəticəsində formalaşan əlavə gəlirlər iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına və sosial müdafiə tədbirlərinin gücləndirilməsinə yönəldilməlidir. İdxal inflyasiyasının əhalinin aztəminatlı təbəqələrinə təsirini azaltmaq üçün sosial dəstək mexanizmlərinin çevik və məqsədyönlü tətbiqi də mühüm əhəmiyyət daşıyır. 2027-ci ildə əməkhaqqı, pensiya və sosial ödənişlərin artırılmasının nəzərdə tutulması dövlətin sosial siyasətinin davam etdiriləcəyini göstərir. Nəzərə almalıyıq ki, neft qiymətlərinin yüksəlməsi davamlı iqtisadi inkişafın təmin olunması demək deyil. Hörmüz boğazındakı böhran uzanarsa, dünya iqtisadiyyatında artımın zəifləməsi, inflyasiyanın sürətlənməsi və ticarət əlaqələrinin pozulması Azərbaycana da mənfi təsir göstərə bilər”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanın əsas məqsədi qısamüddətli qiymət artımından maksimum faydalanmaqla yanaşı, qlobal böhranın yaratdığı riskləri minimuma endirməkdir:

“Bunun üçün əlavə enerji gəlirlərindən səmərəli istifadə edilməli, iqtisadiyyatın neftdən asılılığı azaldılmalı və vətəndaşların sosial rifahının qorunması prioritet olaraq saxlanılmalıdır”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR