Onlayn ictimai-siyasi qəzet
Bakının 4 rayonunu su ilə təmin edən strateji magistral kəmərlərin və yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonaları kütləvi şəkildə zəbt olunaraq özəl mülkiyyətə verilir. Ən dəhşətlisi isə odur ki, xüsusi mühafizə olunan, tikinti aparılması cinayət məsuliyyəti yaradan bu ərazilər İnzibati Məhkəmələrin qərarları ilə “leqallaşdırılır”.
Şəhərin su-kanalizasiya və kommunikasiya sistemi Bakının ən kritik nöqtələrindən biridir. Lakin bu gün paytaxtın infrastruktur “ürəyi” faktiki olaraq daşınmaz əmlak alverçilərinin və hüquqi maxinasiyaların altında qalıb. Aidiyyəti dövlət qurumlarının, məsələn, “Azərsu” və ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin) həmin ərazilərdən xətləri köçürə və ya qanunsuz tikililəri sökdürə bilməməyinin yeganə dərin səbəbi İnzibati Məhkəmələrin verdiyi şübhəli çıxarış qərarlarıdır.
Məlumatsız vətəndaşın adi bir şikayətinə illərlə baxmayan məhkəmələr, nə dərəcədəsə maraq yarandığı anda kommunikasiya xətlərinin mühafizə zolağındakı torpaqlara cəmi 10 gün ərzində qərar çıxarır. Ən maraqlısı isə odur ki, bu qərarlardan aidiyyəti qurumlar tərəfindən apellyasiya sikayəti verilmir, qərar dərhal icraya yönəldilir və dövlət reyestrində qeydiyyata alınır.
Cənab Prezidentin bu sahədəki sərt tapşırıqlarına, Ali Məhkəmənin Plenumunun İnzibati Məhkəmələrin təcrübəsini təhlil etməsinə baxmayaraq, təhlükəli praktika davam edir. Bəs bu sxem praktiki olaraq necə işləyir?
Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yaşananlar bu mexanizmin bariz nümunəsidir. Şəhərin su təminatının əsasını təşkil edən nəhəng diametrli magistral kəmərin düz üstü sənədləşdirilib və hazırda milyondan çox qiymətə açıq bazarda satılır. Bu “leqal zəbtin” xronologiyası belədir:
Bu texniki prosedur kimi görünən addımlar faktiki olaraq strateji dövlət obyektinin zəbt edilərək kommersiya predmetinə çevrilməsidir.
Bu ilin əvvəlində, Nizami rayonunun Keşlə qəsəbəsində oxşar vəziyyət yarandı - kanalizasiya kollektorunun və mühafizə zonasının üstündə tikilmiş “çıxarışlı” evlər su altında qaldı. Yerin 7-8 metr dərinliyindəki qəzanı aradan qaldırmaq üçün həmin evlər sökülməli oldu. İndi eyni ssenari, eyni rayonun Bəkir Çobanzadə küçəsində daha böyük miqyasda hazırlanır. Yüksək təzyiqli magistral su kəmərinin üzərində yaşayış və ya obyekt tikintisi texniki baxımdan sadəcə qadağan deyil - ölümcüldür. İstənilən an baş verə biləcək sızma və ya partlayış saniyələr içində ətrafdakı tikililəri yerlə-yeksan edə bilər.
Dövlət infrastrukturunun altına "saatlı bomba" qoyan bu İnzibati Məhkəmə qərarlarının arxasında kimlər durur?
Xüsusi mühafizə olunan dövlət torpağı necə xüsusi mülkiyyətin və ya icarənin predmeti ola bilər?
Bəkir Çobanzadə küçəsində sabah baş verə biləcək insan tələfatı və böyük qəza zamanı məsuliyyəti həmin “10 günlük” məhkəmə qərarına imza atan hakimlər daşıyacaq, yoxsa bu torpağı “halal mülk” kimi alacaq saf vətəndaşlar?
E.Məmmədəliyev,
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ