İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin yazdı, Araik imzaladı, poçtalyon Nikol da çatdırdı: Əliyev isə Brüsseldə onu yırtıb, zibil qutusuna atdı

Kreml Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etmək barədə iddialarını artıq unutmalı olacaq, çünki həmin layihəni məhz Avropa Birliyi maliyyələşdirmək niyyətindədir... Bir rus və iki erməni nə qədər əngəl törətməyə çalışsa da, Brüssel görüşündə Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyinin məhz Azərbaycanın suverenliyi və qanunları əsasında təmin ediləcəyi təsdiqlənib...

Cənubi Qafqazda sülh prosesi sürətlə inkişaf edir. ABŞ və Qərb Rusiyanı bu prosesdən kənarlaşdırmaqla, Kremlin "ətalət modeli"ni iflasa uğratmağa nail olub. İndi əsas sülh tezisləri ABŞ-ın vasitəçiliyi ilə müzakirə edilir. Yalnız bundan sonra Brüssel prosesində müzakirə masasına çıxarılır. Və nəticədə Cənubi Qafqaz sülh dövrünə yaxınlaşdırılır.

Onu da qeyd edək ki, ABŞ və Qərbin müəyyən mənada, tələsmədə olduğu da qətiyyən diqqətdən yayınmır. Hər halda, növbəti Brüssel görüşünün iyulun 21-də keçirilməsi nəzərdə tutulmuşdu. Ancaq gözlənilmədən bu görüşün vaxtı bir həftə irəli çəkildi. Və artıq Brüssel görüşündə əldə olunan bəzi önəmli nəticələr də artıq məlumdur.

Təbii ki, Rusiya bu prosesin sürəti ilə ayaqlaşmaqda çətinlik çəkir. Kreml regional sülh prosesində artıq "geopolitik orbitr" olmadığını anlayır. Ona görə də, ciddi şəkildə narahat olmaqla yanaşı, həm də qıcıqlanır. Cənubi Qafqazı sülhə yaxınlaşdıran bütün yolları qapatmağa və prosesi əngəlləməyə çalışır.

7f3826d1c31ef80bab3adb698e73b7c4.jpg (120 KB)

Məsələ ondadır ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçuların rəhbəri Araik Arutyunyanın "məktub"unun Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelə təqdim edilməsi əvvəlcədən düşünülmüş addımdır. Bundan öncə Araik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə də "məktub" yazmışdı. Və bu iki "məktub"un Kremldə hazırlanıb, erməni terrorçuya imzalatdıldığı qətiyyən şübhə doğurmur.

Böyük ehtimalla Kreml erməni separatçı-terrorçuları nəyin bahasına olursa-olsun, sülh danışıqlarında tərəfə çevirməyə can atır. Çünki yalnız bu variant Rusiyanın sülh prosesini böhranlı situasiyaya qaytarmaq şansı vəd edir. Yəqin ki, Araik Arutyunyanın "məktub"unu Şarl Mişelə verməklə, Brüssel görüşündə gərginlik yaratmaq məqsədi güdülüb.

Əgər, həmin "məktub" görüşdə müzakirə predmetinə çevrilsə, heç şübhəsiz ki, mübahisəli situasiya və gərginlik yaranacaqdı. Müzakirə edilməyəcəyi təqdirdə isə Kreml Ermənistan cəmiyyətində Brüssel görüşünə qarşı qara propoqanda başladacaqdı. Və iddia edəcəkdi ki, Brüssel görüşünün təşkilatçıları "erməni maraqları"na biganədir, yalnız Rusiya bu məsələdə "prinsipial mövqe"yə malikdir.

Göründüyü kimi, Kreml çox hiyləgər şəkildə düşünülmüş bir oyun qurmağa çalışmışdı. Ermənistanın baş naziri Nikol Paşinyana da "poçtalyon Peçkin" rolu ayrılmışdı. Yəni, hesab etmək olar ki, o "məktubu" prezident Vladimir Putin yazmışdı, terrorçu Araik Arutyunyan imzalamışdı, poçtalyon Nikol Paşinyan da ünvanına - Şarl Mişelə çatdırmışdı. Ancaq Kremlin bu məkrli və kirli oyunu da nəticəsiz qaldı. Çünki Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə həmin "məktubu" yırtdı və zibil qutusuna atdı.

30ed3f36-8368-4d7c-9517-ac6085b0de46.jpg (136 KB)

Məsələ ondadır ki, Brüssel görüşünün nəticələri Kremlin "məktub" kələyinin baş tutmadığı qətiyyən şübhə doğurmur. Hər halda, Şarl Mişel erməni terrorçunun "məktub"unu alsa da, Prezident İlham Əliyevin də prinsipial mövqeyi ilə müzakirə predmetinə çevirmədi. Çünki Kremlin ötən əsrdən qalma, köhnəlmiş kirli oyun metodlarını indi hər kəs dərhal müəyyən edə bilir. Üstəlik, Rusiyadan fərqli olaraq, Qərbdə terrorçuların "məktub"larını daha ciddiyə almırlar.

Ona görə də, Brüssel görüşü əsas məqsədlərdən yayınmadı, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması və onun imzalanmasına dair mövzular müzakirə edildi. Sərhəd delimitasiyası, nəqliyyat-kommunikasiya marşrutlarının blokdan çıxarılması, xüsusilə də, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhlizin açılması barədə fikir mübadiləsi aparıldı.

Maraqlıdır ki, Rusiyanı məyus edəcək önəmli bir məqam da diqqəti çəkir. Belə ki, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel təmsil etdiyi qurumun Cənubi Qafqazda dəmiryolu xətlərinin inşasını və bərpasını maliyyələşdirməyə hazır olduğunu bəyan etdi. Cənubi Qafqazda isə Zəngəzur dəhlizindən başqa dəmiryolunun inşasına və bərpasına ehtiyac olan başqa bir marşrut yoxdur.

Əgər, Avropa Birliyi maliyyələşdirməyə hazırdırsa, deməli, Şarl Mişelin də vurğuladığı kimi, baş nazir Nikol Paşinyan da bu layihəyə artıq razılaşıb. Avropa Birliyi isə özünün maliyyələşdirdiyi hər hansı geoiqtisadi layihəyə başqalarının, xüsusilə də Rusiyanın nəzarət etməsinə imkan verməz. Yəni, Kreml artıq tədricən Rusiyanın Zəngəzur dəhlizinə nəzarət edəcəyi ilə bağlı iddialar və ümidləri ilə vidalaşmağa başlasa, daha doğru olar.

730c3b300d2c617cf7066a2f45991610.jpg (230 KB)

Brüssel görüşündə həm də Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması, Laçın yolunda quraşdırılmış nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti sayəsində ermənilərin BQXK ilə ortaq şəkildə qaçaqmalçılıqla məşğul olmaq cəhdlərinin aşkarlanması da müzakirə olunub. Laçın yolundan deyil, məhz Bərdə-Ağdam marşrutu ilə Qarabağın etnik erməni azlığının məskunlaşdığı ərazilərə humanitar yüklərin daşınmasının vacibliyi də gündəmə gətirilib. Şarl Mişel açıq şəkildə bildirib ki, Qərb siyasi dairələri bu varianta qətiyyən qarşı çıxmırlar.

Məsələ ondadır ki, Şarl Mişel Brüssel görüşündə dövlətlərin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı məsələ ətrafında tam anlaşmanın olduğunu da etiraf edib. Ona görə də, Qarabağdakı erməni azlığın hüquq və təhlükəsizliyinin Azərbaycanın suverenliyi və qanunları əsasında təmin ediləcəyi qətiyyən mübahisə mövzusu deyil. Eyni zamanda, Ermənistandan didərgin salınmış Qərbi azərbaycanlıların öz doğma yurdlarına qaytarılması, onların hüquq və təhlükəsizliyinin təmin edilməsi də artıq ciddi müzakirə mövzusudur.

Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyev Brüssel görüşündə Kreml və İrəvanın qurduğu planları darmadağın etməyə nail olub. Azərbaycan lideri bu dəfə də Brüsseldən tam siyasi-diplomatik qələbə ilə geri dönməyi bacarıb. Çünki bir rus və iki erməninin məkrli planları növbəti dəfə iflasa uğradılıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR