İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ceyrançöl”də öldürülən çobanın atası cinayətin TƏFƏRRÜATINI açıqladı

“Oğlum İlqar Məmmədovu sifarişlə qətlə yetiriblər. Onun otağından mənə məxsus olan 256 hektar torpaq sahəsinin sənədləri oğurlanıb. Bu işlər Gəncə Maliyyə İdarəsinin xəzinədarı Rafiq Əliyevin göstərişi ilə baş verib”.

Bu sözləri Musavat.com-a Gədəbəyin Əmiraslanlı kənd sakini Zülfüqar Kazım oğlu Məmmədov deyib.

Onun sözlərinə görə, 2020-ci ilin oktyabr ayında oğlu İlqar Məmmədov ailəsi ilə birlikdə sahibkar Rafiq Əliyevin Tovuz rayonu, “Ceyrançöl” qış yatağında olan 700 baş qoyun və 100 başdan artıq iribuynuzlu mal-qarasına baxmaq məqsədilə ora çoban kimi işləməyə gedib. 7 fevral 2021-ci ildə səhər saatlarında oğlu İlqar fermer təsərrüfatının müdiri Rafiq Əliyevdən 3 aylıq verilməmiş əməkhaqqını və fermer təsərrüfatında çoban kimi çalışdığına dair onunla əmək müqaviləsi bağlamasını tələb edib. Bu zaman oğlu ilə Rafiq Əliyev arasında ağır sözlərlə söz davası baş verib. Nəticədə Rafiq Əliyev oğlundan yatağı tərk etməsini tələb edib. İlqar Məmmədov isə 3 aylıq əməkhaqqının verilməsindən sonra yatağı tərk edəcəyini bildirib:

“Rafiq oğluma deyib ki, qaranlıq düşənə kimi vaxt verir, əgər axşam 7-yə qədər yatağı boşaltmasa, bu gecə meyitini Gədəbəyə göndərəcək! Dediklərimin şahidləri də var. Elə həmin gün axşam 23:50-də “Niva-2121” markalı avtomobillə yatağa gələn 5 nəfərdən 2-si İlqarın ailəsi ilə birlikdə yaşadığı otağın qapısını döyüblər. Ona bildiriblər ki, 1 saat vaxt veririk ki, yatağı tərk edəsiz. Yuxudan oyanmış oğlum yarım saat sonra otaqdan çölə çıxıb və görüb ki, yatağın digər işçisi olan Məhəmməd adlı şəxsin otağının işığı yanır. İlqar həyat yoldaşı Tamella Quliyevaya bildirib ki, mən Məhəmmədin otağına gedirəm. Təxminən 1 saat sonra gəlinim nəvəmi yuxudan qaldırıb Məhəmmədin otağına göndərib ki, get gör ata niyə gec gəldi. Nəvəm Məhəmmədin otağına gedib və görüb ki, bir neçə şəxs atası ilə mübahisə edir. Geri qayıdıb anasına bunu deyib. Gəlinim və nəvələrim yataqdan qalxıb eşiyə çıxanda görüb ki, 2-3 nəfər İlqarı çöldə yerə yıxıb təpiklə döyürlər. Gəlinim ərini döyənlərin birini arxadan tutub. Bu an qoyun yatağının həyətində səs-küylü dava düşüb. Yerdən qalxan İlqar əlinə ağac götürüb onu döyənlərdən Azad İsmayıl oğlu Hümbətovu vurub. Orxan Abbasəliyev və digər iştirakçılar oğlumun qollarını tutublar və onu vurublar. Həmin an əlində bıçaq yatağın yan tərəfində gözləyən Elvin Sumbat oğlu Əhmədov yaxınlaşaraq oğlum İlqarın sol döş nahiyəsindən bıçaqla zərbə vurub. Bıçaq zərbəsindən sonra İlqar yerə yıxılıb. Cinayət iştirakçıları tibbi yardım adı ilə İlqarın cansız bədənini “Niva-2121” markalı avtomobilə qoyub Tovuz şəhərinə apararaq yol kənarında bordyorun üstünə atıb qaçıblar. Bu cinayət hadisəsi gəlinim Tamella Quliyeva və nəvələrimin gözləri qarşısında baş verib”.

Zülfüqar Məmmədov deyib ki, oğlunun meyitini yol kənarından Tovuz rayon Mərkəzi Xəstəxanasına aparıblar:

“Cinayət hadisəsinin səs yazıları, videogörüntülər Tovuz Prokurorluğuna təqdim edilsə də, istintaq materiallarında tərəfimizdən təqdim edilmiş heç bir sübut qeydə alınmadı. Oğlum İlqar Məmmədovun ölümünün sifarişçisi Rafiq Əliyev, cinayəti icra edənlər Azad Hümbətov, Rahil Qeybalıyev, Orxan Abbasəliyev və digərləri cinayət məsuliyyətindən azad olundular. Cinayət hadisəsinin istintaqı saxtalaşdırıldı, hadisə şahidlərinin ifadələri ya nəzərə alınmadı, yaxud da ifadələr saxtalaşdırıldı və ya təhrif edildi, cinayət törətmiş 4 nəfər cinayət işinə cəlb edilmədən, çox biabırçı şəkildə tamamlanaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə ötürüldü. Məhkəmə Elvin Sumbat oğlu Əhmədovu Cinayət Məcəlləsinin 120.1-ci – qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilib 12 il 6 ay müddətinə azadlıqdan məhrum etdi. Halbuki oğlum sifarişlə, qrup şəklində qətlə yetirilib”.

Zülfüqar Məmmədov bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya və kassasiya sikayətləri də təmin olunmayıb:

“Baş prokuror Kamran Əliyevdən xahiş edirəm ki, oğlum İlqar Məmmədovun ölümündə birbaşa iştirak etmiş və hazırda azadlıqda gəzən sifarişçi Əliyev Rafiq Vaqif oğlu, Hümbətov Azad İsmayıl oğlu, Qeybalıyev Rahil Rəsul oğlu, Abbasəliyev Orxan Nadir oğlu və digərlərinin ölüm faktı üzrə Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrini təmin etsin”.

P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR