Onlayn ictimai-siyasi qəzet
Cənub qonşumuz İran ətrafında baş verən hadisələr dünyanın bir nömrəli mövzusu olaraq qalmaqdadır. Bu savaşın nə vaxta qədər davam edəcəyi barədə yaranan suallara hələ ki, cavab tapılmır. Son olaraq, bu istiqamətdə İran Prezidenti Məsud Pezeşkianın Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştayla telefon danışığı diqqət çəkib.
Telefon danışığı zamanı Koşta İranı regionda gərginliyi azaltmağa çağırıb. O cümlədən, Hörmüz boğazında təhlükəsiz dəniz nəqliyyatının bərpası üçün diplomatik səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Belə bir dialoq həqiqətən nəticə verə bilərmi və sülh mümkündürmü?
Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirdi ki, bu təmas İranın son dövrlərdə dəyişən diplomatik davranışını göstərir:
“Tehran anlayır ki, yalnız sərt mövqe ilə prosesləri idarə etmək çətinləşir və buna görə də Avropa ilə əlaqələri genişləndirməyə çalışır. Bu addım həm siyasi təcridin yumşaldılması, həm də beynəlxalq səviyyədə yeni dayaq nöqtələrinin axtarışı kimi qiymətləndirilə bilər. Digər tərəfdən, bu telefon danışığı İranın Qərb daxilində fərqli aktorlarla işləmək strategiyasını da ortaya qoyur. ABŞ-la münasibətlərin gərgin olduğu bir mərhələdə Avropa ilə dialoq Tehran üçün alternativ kanal rolunu oynaya bilər. Avropanın daha çox diplomatik həll tərəfdarı olması İran üçün müəyyən üstünlük yaradır. Lakin bu yaxınlaşmanın real nəticə verib-verməyəcəyi həm regiondakı hərbi vəziyyətdən, həm də Avropanın müstəqil qərar vermə imkanlarından birbaşa asılı olacaq”.
Cavanşir ABBASLI
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ