Onlayn ictimai-siyasi qəzet
Son vaxtlar ən çox müzakirə olunan mövzulardan biri pensiya ilə bağlıdır.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, gələcəyimizə birbaşa təsir edəcək ciddi məsələlər var, onlardan ən vaciblərindən biri təqaüd məsələsidir, addım-addım gələn böhrandır. O bildirib ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) hər ay ölkə üzrə təxminən 2,2 milyon vətəndaşa ümumilikdə 900 milyon manata yaxın sosial ödəniş (pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım) həyata keçirir.
DSMF vətəndaşlardan və işəgötürənlərdən məcburi dövlət sosial sığorta haqları şəklində hər ay orta hesabla 550 milyon manat civarında pul yığır. 2026-cı ildə DSMF ölkə büdcəsindən 1 milyard 700 milyon manat dotasiya alıb.
İqtisadçı deyib ki, ölkədə iqtisadi aktivlik çox zəifləyib, əlavə dəyər yarada bilmirik, iş yerləri azalır, çox böyük ixtisarlar gedir, doğuş azalıb, ölkədən köçən gənc insanların sayı kəskin artıb, o deməkdir ki, dotasiyalar gələcəkdə də artmalıdır. Bizi pensiya böhranı gözləyirmi? Hazırda büdcəyə qənaət siyasətindən əl çəkmək zamanıdırmı?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:" Biz hazırda pensiya böhranındayıq, onsuz da pensiya sistemi özü-özünü ödəməyəndə böhran yaranır. Pensiya böhranından nə vaxt çıxmışıq ki, yenidən ora girək? Dövlət büdcəsindən Pensiya Fonduna hər zaman pul transfer olunur ki, fondun kəsiri bağlansın. Bu o deməkdir ki, işləyən şəxslərin maaşından tutulan məbləğ pensiyaçıların pensiyasını ödəmək üçün yetərli deyil. Azərbaycandakı sistemə görə, işləyənlərin maaşından pul tutulur və pensiyaçılara ödənilir. Lakin bu məbləğ həmişə çatışmayıb və yetərli olmayıb. Pensiya fondu heç vaxt özü-özünü tam maliyyələşdirməyib. Hökumət də çalışır ki, sistemi elə qursun, Pensiya Fondu özü-özünü təmin edə bilsin. İqtisadçıların dediyi o deməkdir ki, iqtisadiyyat genişləndirilməli, yeni iş yerləri açılmalı və iqtisadi artım təmin edilməlidir ki, insanların maaşı artsın və Pensiya Fonduna daha çox vəsait toplansın".
Ekspert qeyd edib ki, büdcə kəsirini bağlamaq üçün hər il Neft Fondundan 12 milyard manat ayrılır: "3 milyard manat da borclanmaya gedir, yəni istiqraz buraxıb borc götürürük. Neft fondunun vəsaitini bir neçə ilə xərcləyib bitirə bilmərik. Müxalifət tərəfindən səsləndirilən bəzi fikir və mülahizələr isə siyasi xarakter daşıyır. Fakt odur ki, pensiyaçılar indiki pensiya səviyyəsindən narazı olsalar da, mövcud pensiyalar belə Neft Fondundan edilən transferlər hesabına ödənilir.
Büdcəyə qənaət siyasətindən əl çəkmək zamanı deyil. Büdcəyə qənaət edilməli, vəsaitlər şəffaf, məqsədli və təyinatı üzrə xərclənməlidir. Eynilə ailə büdcəsi kimi, dövlət büdcəsində də qənaətli olmaq və kəsirlərə düzgün baxmaq lazımdır. İqtisadiyyatın və qeyri-neft sektorunun inkişaf etdirilməsi, qeyri-neft ixracının artırılması vacibdir və bu barədə kimsə mübahisə etmir".
Afaq Mirayiq,
Musavat.com
08 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ