İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Rusiyaya milyardlıq ultimatum – İldə 2 milyard dollar

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın idarə etdiyi dəmir yolları ilə bağlı diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Paşinyan bildirib ki, Ermənistan öz mülkiyyətinə görə gələcəkdə Rusiyadan ildə 2 milyard dollar tələb edə bilər.

Onun sözlərinə görə, Ermənistan ərazisində yerləşən və hazırda Cənubi Qafqaz Dəmir Yolu tərəfindən idarə olunan dəmir yolları Ermənistan Respublikasının mülkiyyətidir.

"Bu məsələ ilə bağlı müzakirə aparılmayıb, amma mövqeyimiz dəyişməyib. Bu, bizim mülkiyyətimizdir və Ermənistan Respublikası dəmir yolundan məqsədəuyğun hesab etdiyi şəkildə istifadə etmək imkanına malik olmalıdır. Bu məsələdə alternativ yoxdur. Ağlabatan müddətdə, lakin sonsuzadək uzadılmadan bu məsələ həll edilməlidir", – deyə baş nazir vurğulayıb.

Paşinyan qeyd edib ki, müxalifət müxtəlif sahələrdə mümkün bahalaşmadan danışır. Lakin onun sözlərinə görə, elə vəziyyət yarana bilər ki, Ermənistan 30 il ərzində faktiki pulsuz istifadə olunan əmlaka görə ildə 2 milyard dollar tələb etməyə başlasın.

"Bu, eyham deyil. Mən açıq deyirəm ki, bu, Ermənistan Respublikasının mülkiyyətidir və başqa variant yoxdur", – deyə o bildirib.

Baş nazir çıxışında təhlükəsizlik məsələsinə də toxunaraq vurğulayıb ki, Ermənistan artıq yalnız Rusiya və KTMT-yə arxalana bilməz.

Onun sözlərinə görə, ölkə Fransa, ABŞ, Çin, Böyük Britaniya və Niderlandla strateji sazişlər imzalayıb. Paşinyan bildirib ki, Moskva bunu problem hesab etsə də, Ermənistan beynəlxalq münasibətlərini öz suverenliyinə zərər vermədən inkişaf etdirmək niyyətindədir.

O, həmçinin "Ermənistanın köməyə ehtiyacı olduğu anda Rusiya ölkənin təhlükəsizliyi üçün nə etdi?" sualını da səsləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR