Onlayn ictimai-siyasi qəzet
“Kərki də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat km ərazisinə daxil olmayıb”. Ermənistan mediasının xəbərinə görə, bu barədə baş nazir Nikol Paşinyan brifinqdə bildirib. Paşinyan müxalifətin Kərki kəndinin “təhvil verilməsinin yolverilməzliyi” ilə bağlı açıqlamalarını şərh edərək, bu məsələ ilə bağlı daha əvvəl səsləndirdiyi fikirləri təkrarlayıb.
Onun sözlərinə görə, “biz buna icazə verməyəcəyik” deyənlər müharibəni qızışdırırlar. Baş nazir faktı qeydə almağın bir, onu yerində həll etməyin isə başqa bir məsələ olduğunu bildirib.
“Hazırda heç bir razılaşma yoxdur. Mənim əsas vəzifəm gərginliyi azaltmaqdır ki, normal həll yollarına nail olunsun. Amma kimsə Kərkinin Ermənistanda olduğunu deyirsə, bu, ərazinin 29.743 kvadrat km deyil, məsələn, 29.750 kvadrat km olduğunu deməkdir və bu, müharibə elan etmək deməkdir”,-Paşinyan vurğulayıb.
Hökumət başçısının müharibə xəbərdarlığı daxili auditoriyaya hesablanıb, yoxsa anklav kəndin dinc yolla həlli baş tutmasa, Azərbaycan güc tətbiq edə bilər? Kərki müharibəsi nə dərəcədə realdır?

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a deyib: “Paşinyanın Kərki ilə bağlı son açıqlamasında ən diqqətçəkən məqam “müharibə” sözünün hansı siyasi kontekstdə səsləndirilməsidir. Həmçinin bu bəyənatı, Azərbaycana ünvanlanmış hərbi xəbərdarlıq kimi görmürəm. Çünki bu mesajın əsas ünvanı Bakıdan daha çox, Ermənistan daxilində “Kərki verilməməlidir”, “buna icazə verməyəcəyik” deyən siyasi qüvvələrədir. Paşinyan öz bəyanatında əslində sualı dəyişir. Müxalifətin “torpaqları verirlər” arqumentinin qarşısına belə bir sual qoyur: Kərkini Ermənistan ərazisi kimi saxlamaq istəyirsinizsə, bunun siyasi nəticələrinə, hətta müharibə riskinə hazırsınızmı? Siyasətdə bəzən cavabdan çox sualın necə qoyulması daha çox əhəmiyyət daşıyır. Paşinyanın etdiyi də budur. O, Kərki məsələsini ərazi itkisi müstəvisindən çıxarıb sülh və müharibə seçiminin bir hissəsi kimi təqdim etməyə çalışır. Lakin burada mühüm bir fərqi də nəzərə almaq lazımdır. Kərkinin Ermənistanın 29.743 kvadrat kilometrlik beynəlxalq səviyyədə tanınmış ərazisinə daxil olmadığını demək, Kərkinin artıq Azərbaycana qaytarılması ilə bağlı praktiki razılaşmanın əldə edildiyi anlamına gəlmir. Əksinə, Paşinyanın açıqlamasından görünür ki, anklavların praktiki həlli məsələsində hələ açıq suallar var. Deməli, hüquqi mövqe ilə praktiki mexanizm arasında hələ keçilməli məsafə qalır. Kərki kimindir sualının cavabı Azərbaycan üçün bəllidir. Lakin Kərkinin taleyi necə həll olunacaq? Çünki bu məsələ sadəcə kiçik bir torpaq parçasının Azərbaycana verilməsi deyil, burada sərhəd, yol, kommunikasiya, təhlükəsizlik və.s kimi məsələlərin həllini tapmasıdır. Xəritədə kiçik görünən bir ərazi dövlətlərarası münasibətlərdə çox böyük siyasi problemə çevrilə bilər. Azərbaycanın Kərki ilə bağlı mövqeyinin dəyişəcəyini gözləmək doğru olmaz. Lakin bundan avtomatik olaraq hərbi qarşıdurma ssenarisi çıxarmaq da şişirdilmiş versiyadır. Delimitasiya prosesi davam edir və anklav məsələlərinin də bu çərçivədə həll olunması gündəmdədir. Bu səbəbdən mən yaxın perspektivdə Kərkiyə görə yeni Azərbaycan-Ermənistan müharibəsini əsas ssenari hesab etmirəm.
Amma “müharibə ehtimalı yoxdur” demək də bizim üçün həddindən artıq rahat yanaşma olardı. Çünki müharibələr çox vaxt bir gündə başlamır. Əvvəlcə sözlər sərtləşir. Sonra siyasi ritorika dəyişir. Cəmiyyətə “bizim torpağımız”, “geri çəkilmək olmaz”, “milli maraqlar təhlükədədir” mesajları verilir. Daha sonra isə kiçik bir sərhəd insidenti illərlə yığılan siyasi emosiyaların içində böyüyə bilir.
Məhz buna görə Kərki məsələsində mənim üçün bu gün əsas təhlükə birbaşa müharibənin başlanması yox, məsələnin Ermənistan daxilində siyasi qarşıdurmanın alətinə çevrilməsi və zamanla müharibə ritorikasının formalaşmasıdır”.
Cavanşir Abbaslı
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ