Onlayn ictimai-siyasi qəzet
Ermənistanda müxalif "Çiçəklənən Ermənistan" Partiyasının sədri, iş adamı Qaqik Tsarukyanın evində və ona məxsus şirkətlərdə genişmiqyaslı axtarışlar aparılır.
Musavat.com xəbər verir ki, bu barədə Tsarukyanın mətbuat katibi İveta Tonoyan məlumat yayıb.
Onun sözlərinə görə, hazırda "Multi Group" konserninə daxil olan demək olar ki, bütün şirkətlərdə, eləcə də həmin müəssisələrin direktorlarının mənzillərində axtarışlar keçirilir.
Tonoyan bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin maskalı əməkdaşları hətta vəkillərin də Tsarukyanın evinə daxil olmasına imkan vermirlər.
Partiya nümayəndəsi Arman Abovyan isə açıqlamasında Tsarukyanın evinin silahlı qüvvələr tərəfindən mühasirəyə alındığını bildirib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Tsarukyana məxsus digər obyektlərdə də əməliyyat keçirirlər. Bunlar arasında Ermənistan Konyak Zavodu, Olimpavan idman kompleksi və "Multi Wellness" şirkətinin olduğu qeyd edilir.
Ermənistan İstintaq Komitəsi isə yalnız cinayət işi çərçivəsində zəruri istintaq və prosessual hərəkətlərin həyata keçirildiyini bildirərək, daha sonra rəsmi açıqlama veriləcəyini bəyan edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan Baş Prokurorluğu Qaqik Tsarukyanın deputat toxunulmazlığının ləğvi ilə bağlı Mərkəzi Seçki Komissiyasına təqdimat göndərmişdi. Lakin bu məsələ hələlik müzakirəyə çıxarılmayıb.
Xatırladaq ki, seçki kampaniyası dövründə baş nazir Nikol Paşinyan siyasi rəqibləri Samvel Karapetyan, Robert Köçəryan və Qaqik Tsarukyanın əmlaklarının müsadirə edilə və özlərinin həbs oluna biləcəyini bildirmişdi. Hazırda həmin bəyanatlardan sonra ilk genişmiqyaslı əməliyyat məhz Tsarukyanın ətrafında keçirilir.
Musavat.com
06 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ