İnsanlara hürriyət, millətlərə istiqlal!

Osman qazi körpüsü, İldırım Bəyazidin əhdi və 20 qübbəli caminin sirli-sehirli dünyası-FOTOLAR, VİDEO  

 

Türk dövlətlərinin media nümayəndələrinin Ramazan yolçuluğunun növbəti ünvanı Osmanlının ilk başkəndi Bursa olur. İstanbuldan çıxıb, sürətli və ödənişli yolla (alternativ yol da yüksək səviyyədədir, sadəcə sürət həddi məsələsinə görə seçimimiz ödənişli olur-E.P.) Yaloba, Gemlik, İznik və Bursaya doğru yol alırıq...

Yalov şəhəri termal suları ilə məşhurdur, müalicədə əvəzi yoxdur. Gemlikdə Türkiyənin 60 illik xəyalı olan Togg avtomobili istehsal olunur və artıq Türkiyə, Azərbaycan, Özbəkistan prezidentlərinin “Togg”u var. İznik də gözəl məkandır. Sadəcə İznik gölünün suyunun getdikcə azalması nigaranlığa səbəb olub, ümid var ki, hər şey yaxşı olacaq.

Yol boyunca bizi müşayiət edən meşə zolağı, bağ-bağat, güllüklərdir. Üzümlük, şaftalı, zeytun, armud və digər çeşidli meyvələr burada şöhrət sahibidir. Gemlik zeytunu xüsusilə məşhurdur. Buraların torpaqları çox bərəkətlidir, insanlar zəhmətinin bəhrəsini görürlər, odur ki, yorulmadan çalışırlar. Baxdıqca doymaq olmur, mənzərə göz oxşayır.  Sağ və solumuzdakı yüksəkliklərdə əzəmətli Türkiyə bayraqları ucalır səmaya.

Yolçuluğumuzun bir məqamında mola fasiləsi veririk. Dayandığımız ünvandan ətrafa möhtəşəm panorama açılır. Osman Qazi körpüsü  İzmit körfəzi üzəridə, 5 magistralın bir hissəsi olaraq inşa edilib. Körpü Dilova ilçəsinin-rayonunun sahilində yerləşən Dil burnu ilə Altınova rayonunun Hersek burnu arasında inşa edilib. İki sahil arasında məsafə 1.550 metr, hündürlüyü 70 metrdir. Körpünün ümumi uzunluğu isə 2.682 metrdir. Türkiyənin dördüncü asma körpüsü olan Osman Qazi körpüsü Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə 2010-cu ildən tikilməyə başlanıb və 1 iyul 2016-cı il tarixində xalqın ixtiyarına verilib. Sütunsuz olması ilə dünyada 4-cü nəhəng körpüdür.

Qeyd edək ki, 190 km-lik İstanbul-Bursa ödənişli yolun haqqı gediş-gəliş üçün ümumilikdə 850 Tl oldu. Ödəniş avtobuslar üçün daha yüksək, kiçik avtomobillər üçün nisbətən ucuzdur. Təkcə Osman qazi körpüsündən keçmək üçün mikroavtobus 200 Tl ödəyir.

Bu da möhtəşəm Bursa! 1326-cı ilində fəth edilib, Orxan Qazi tərəfindən və Osmanlının ilk başkəndi olaraq tarixə düşüb. Bursaya üz tutan turistlərə Osman Qazi, Orxan Qazi türbələri, Ulu cami, Yaşıl türbə, Xanlar bölgəsi və Əski qalanı ziyarət etməyi tövsiyə edirik. Tekstilin vətəni Bursanın 3,5 milyon əhalisi var. O qədər hüzurlu şəhərdir ki, adamın ruhu dincəlir.

Bursanın Topxanası şəhərin yüksəkliyində yerləşir, möhtəşəm mənzərə açılır buradan. Sultanların, onların ailə üzvlərinin məzarları xəzinə kimi qorunub-saxlanılır. Bursanın simvollarından biri Ulu camedir. Nəql olunur ki, 1396-cı ildə İldırım Bəyazid Nibulu səfərinə çıxır. Nibulu qalasının komutanı Doğanbəy Sultan Yıldırıma xitabən “qalama hücum oldu, mənə yardım et” ismarıcı yollayır. Bəyazid təbii ki, yardım edir, “Doğan, gəldim, bir az səbr et!”-deyərək. Nibulu səfərində Osmanlı ordusu Xaçlı ordunu - 28 dövlətin ordusunu məğlub edir. İldırım Beyazid savaşa gedərkən deyir “savaşı qazansam, 20 cami tikdirəcəm”. Qazanır, geri dönür və Allaha söz verdiyi kimi, 20 came tikilməsini əmr edir. Ancaq Bəyzadidin kürəkəni və bir çox məsələlərdə məsləhətləşdiyi Əmur Sultan deyir “Sultanım, 20 came tikməkdənsə, 20 qübbəli cami tikin. Həm də bu 20 qübbənin hər biri fərqli tikilsin, bəzədilsin və 20 cami qədər qiymətli olsun”. Sultan razılaşır və 1399-cu ildə Ulu cami açılır. (Bu yerdə qeyd edək ki, Qax rayonunun İlisu kəndində də Ulu məscid var-E.P.)

Bələdçimiz Ramazan Çelik danışır ki, Sultan caminin açılışını bilgi sahibinin etməsini tapşırır və Əmir Sultana “çıx qübbəyə, açılışını elan et”-söyləyir. Əmir Sultan isə deyir ki, burada məndən daha üstün birisi var, o burda ikən mənim açılışı etməyim doğru olmaz. İstərsəniz ki, camaatın arasındakı ağsaqqal çıxıb elan etsin. Sultan rüsxət verdikdən sonra Somuncu Baba Ulu caminin tamamən əl işi olan kürsüsünə çıxır və deyir caminin açışını ediriksə, o halda Qurani Kərimin Fatihə surəsi ilə açaq. Fatihəni oxuyur və hər kəsin anlaya biləcəyi məsələlərdən bəhs edir. Sonra bir daha fatihəyə başlayır, bu dəfə camaatın 3-2-si başa düşür. Sonra üçüncü dəfə Fatihəni oxuyur, bu dəfə camaatın 3-də biri başa düşür. Quranı açır, oxuyur, Sultan belə başa düşmür dediklərini. Somuncu baba deyir şöhrət afətdir, mən buranı tərk edirəm. Eyni anda caminin 3 qapısından çıxır və Malatyaya qayıdır. Yəni mən burada tanındım, mənə hər kəs əfəndim deyəcək…Sadəcə istəyir təvazökar olduğu üçün sadə həyatını yaşamağı üstün tutur Somuncu baba.

Türk cümhuriyyətlərindən ziyarətə gələn media nümayəndələrini Bursanın Mədəniyyət və Turizm Müdirliyində şöbə müdiri Ali Rza Alan qarşılayır. Bütün qonaqları Bursa valilik, nazirlik və şəhər rəhbəri adından, şəxsən şəhər rəhbəri doktor Kamil Özderin səmimi salamlarını çatdırır. Daha sonra Ulu cami haqqında bizləri məlumatlandırır. (Videoda ətraflı-E.P.)

Daha sonra bu, tarixi caminin içərisinə daxil oluruq, çoxsaylı ziyarətçilərə, ibadət əhlinə qoşularaq. Möhtəşəmdir. Ramazan ayı boyunca növbəli qaydada Quran oxuyurlar. Biz orda olduğumuz zaman da gənclər bir-birini əvəz edib Allahın kəlamlarını səsləndirirlər xoş avazla, ürəyəyatan səslə. Bildirilir ki, Ramazan boyunca Quran sədaları kəsilmir burada. Ulu camidə Kəbənin qapısının örtüyü də müqəddəslərimizdən ərməğan olaraq qorunur. Ziyarət edib, dualarımızı pıçıldayıb, camini tərk edirik, yenidən görüşmək arzusu ilə. Caminin qarşısında bizim “nəzir qutuları” olaraq tanıdımız qutu qoyulub, Türkiyə Dəyanət Vaqfı tərəfindən zəkatların qəbulu məntəqəsi xüsusi çadırdadır, ürəyi istəyən yaxınlaşıb fitrə-zəkatını verir, Allah yolunda. Bu zaman azan səslənir, möhtəşəm harmoniya yaranır…  

Bursa İskəndər kababı ilə çox məşhurdur. Biz də bu, tarixi məkana üz tuturuq. 1987-ci ildən fəaliyyət göstərən ünvana. Yüksək xidmət, həm də tarixi təqdim etməklə. Üzərinə qaynar kərə yağı səpilən İskəndər kababını nuş etdikcə, masaya, şüşənin altına qoyulmuş qəzet parçasına diqqət edirik: İskəndər kababının tarixi barədə məlumatdır, ürəyimdə deyirəm, bərəkallah belə xidmətə, həm insanları yedirirlər, həm də Türkiyənin dünyaca məşhur mətbəxinin bir parçasının tarixini öyrədirlər qonaqlara! Ardınca kestane şəkəri, tatlılar, şaftalı mürəbbəsi və daha nələr…Qardaş ölkə möhtəşəmdir, tarixindən, mətbəxinə, xidmət sahələrinədək. Allah bədnəzərdən qorusun!

Bu möhtəşəm səfərin baş tutmasına dəstək verən Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə, Türkiyənin Azərbaycandakı Səfirliyinə və Türkiyənin Özbəkistandakı Səfirliyinin Mədəniyyət Müşavirliyinə sonsuz təşəkkürlər və sayğılar!

Elşad Paşasoy,
Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR