İnsanlara hürriyət, millətlərə istiqlal!

Orada mina belə partlayıb - Müqəddəs qazancı olan bərbər danışdı, erməni iti isə qaçdı

2022-nin 21 oktyabrı göy, qırmızı, yaşıla boyanmış rəngli gün kimi ömür kitabçama yazıldı. Füzuli, Cəbrayıl, Qubadlı, Laçın olan-qalanından süfrə açıb məni gözləyirdi. Ata yurdum Qubadlının hüzuruna huzur dolu gedirdim. Bu rahatlıq göydən düşməmişdi, ayaq basacağım hər qarışa demək olar ki, igidlərimizin qanı qarışmışdı. Bu hissin məsuliyyəti son nəfəsədək...

Bu dəfə 44 günlük savaşda saysız-hesabsız dığanı qanına qəltan edən, analarını ağlar qoyan ata-oğul – Çingiz Qəhrəmanov və Rəşad Qəhrəmanlı ilə Vətən yoluna çıxırdıq.

945f998e6ca3110efb1b34733a31ee65.jpg (160 KB)

O qəhrəmanlar can, qan qoyduqları Laçında minaya düşüb, ciddi xəsarətlər alsalar da, ANA-larını yağı əlində qoymayıblar. Onların müqəddəs döyüş yollarını birgə addımlamaq gözləyirdi məni. O gün Günəş də sanki bizə işləyirdi. Yolumuz şəfəq saçırdı. O yol ki, öz başlanğıcını Lələtəpədən götürüb. Həmişə fotolardan gördüyüm yüksəklik bu dəfə mənə çox yaxın, çox isti idi. Sanki "xoş gəlmisən, həmişə sən gələsən" deməyə çalışırdı.

Cocuq Mərcanlı 94-cü ildə azad olunsa da, azadlığın dadını Aprel qələbəsindən sonra çıxara bildi. Həmin vaxta kimi yalnız Oqtay Həziyevin öz ailəsi ilə birlikdə yaşadığı Cocuq Mərcanlıda hazırda iynə atsan, yerə düşməz.

Qəhrəmanlarımız Çingiz Qəhrəmanov və Rəşadın iştirak etdiyi ən şiddətli döyüşlərdən biri Cəbrayıldakı "Dostluq bulağı"nın yaxınlığında olub.

WhatsApp Image 2022-10-22 at 19.43.21.jpeg (295 KB)

O torpaqlarda doğum günündə şəhid olan, tabuta sığmayan şəhidimiz, XTQ-nin baş leytenantı Xəyyam Əzizovun da ruhu dolaşır.

312595078_510838567565614_1258305149793614323_n.jpg (321 KB)

Qubadlıya girişlə doğulduğu torpağın insanı maqnit kimi çəkməsinə əmin oldum.

6951512a3878748cbb8cf036a3b1e79b.jpg (224 KB)

O torpaq ki, 1993-cü ilin avqustunda atam qardaşlarımla məni anamıza tapşırıb oradan göndərmişdi. Avtobusdan sağollaşmışdıq Qubadlı ilə. Qubadlıya əlidolu qayıtmışdım. İşğaldan sonra cəmi 2 il yaşayan atamın, torpaq deyə-deyə gözlərini yuman nənə və babamın qucaq dolusu salamını pay aparmışdım yurduma. Qubadlıda səfərimdən xəbərsiz əmimoğlu zəng vurmuşdu. Orada olduğumu deyəndə "necə hissdir" deyə soruşdu. "Adsız, səni sakitliyə dartan bir hissdir" dedim.

Xanlıq kəndinə çatanda nənəmin səsi qulağıma gəldi – "Ruhi xəstə qadın qohumumuz vardı, ara qarışanda onu tapa bilməmişdilər, evdən getmişdi, onu orda qoyub gəldiyimiz üçün vicdan əzabı çəkirik".

Nənəmin kəndi yamyaşıl idi. Sanki nənənə de, ruhu rahat olsun deyə pıçıldayırdı...

312702914_3354352714776129_7242511603485194472_n.jpg (122 KB)

Polkovnik Şükür Həmidovun şəhid olduğu yeri görmək də varmış qismətimdə, ruhuna sayğılar!

Balasoltanlı kəndi isə ata-bala qəhrəmanlarımızın ölümdən döndükləri yer kimi məşhurdur. 

2 yaşlı azad Qubadlıdan Çingiz bəy və oğlu Rəşadın, eləcə də digər döyüşçülərin 2020-ci ilin 20 oktyabrında ilk dəfə ayaq basdıqları və minaya düşdükləri Güləbirdə çatdıq.

WhatsApp Image 2022-10-22 at 17.20.21.jpeg (186 KB)

İlk dəfə idi ki, minanın partladığı ərazidə idim, istər-istəməz həyəcan vardı. Çingiz bəy və oğlu isə mina partlayışı zamanı hərbi avtomobildən qopub düşmüş dəmir parçasını taparaq xatirə kimi saxlamaq istədiklərini bildirdilər. Qəhrəmanovlar "qorxu nədir bilmərik" cümləsinin simalarıdır deyərdim.

fb23eb71f00fb22f49016b77d6813b2a.jpg (114 KB)

Axşam saatlarında Həkəri kənarında daddığım təamlar isə ən bahalı restoranların yeməklərindən də dadlı idi.

WhatsApp Image 2022-10-22 at 15.16.35.jpeg (124 KB)

Laçın şəhərinə doğru ermənilərin qaş qaralanda da yol çəkilişi apardıqlarını müşahidə etdik. Gözlərinin odunu necə almışıqsa, gecə də tər tökürlər.

Sıldırım qayaların arası ilə Laçına çatdıq. İşıqlı yurd görmək hədsiz sevincdir, arzuya çatmaqdır. Sakinlər bizi ən əziz adamları kimi salamladı, evlərində qonaq etmək üstündə az qala mübarizə gedirdi. Satıcılar aldığım malların pulunu götürmürdülər ki, qonağımızsınız.

WhatsApp Image 2022-10-22 at 17.20.09.jpeg (102 KB)

Təndir çörəyinin qoxusu tox insanı da acdırırdı.

WhatsApp Image 2022-10-22 at 19.43.12.jpeg (252 KB)

Həmsöhbət olduğumuz hər kəs öz evində yaşamaq istəyində olduğunu bildirirdi. Deyirdilər ki, təmir bitən kimi evimizə köçəcəyik. Bərbərdən qazancınız nə qədər olur deyə soruşanda isə mənə qazancım hava və vətəndir dedi.

ef7097b496f0a8ba2ba81964b8423b6c.jpg (82 KB)

Qazancı VƏTƏN olan xalqı kimsə əyə bilməz!

Gecənin soyuğu, yuxusuzluq Torpaq hissinin alt qatında boğulmuşdu. Vətən mənə, mən Vətənə qovuşmuşdum.

Qarabağlı yazımı heç vaxt unutmayacağım bir bənzətmə ilə bitirmək istəyirəm. Laçında çəkiliş zamanı ətrafımızda iki – biri böyük, biri isə nisbətən kiçik it var idi. Sən demə, ermənilərdən qalıbmış. İtlər mənə yaxınlaşanda ətrafdakılar onları uzaqlaşdırmağa çalışdılar. Heyvanlar həmin an qaçdılar. İnsanlar dedilər ki, itlər yiyələri kimi – ermənilər kimi qorxaqdırlar. 

Qarabağda işığı biz yandırıb-söndürürük!

Aytən Novruz,
Fotolar: Elçin Əkbərov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR