İnsanlara hürriyət, millətlərə istiqlal!

Ombudsmandan rəsmi qurumlara təkliflər

2025-ci ildə Ombudsmanın ünvanına 42.685 müraciət daxil olub.

Musavat.com-un məlumatına bunu Milli Məclisdə illik məruzənin təqdimatı zamanı Ombudsman Səbinə Əliyeva deyib. Ombudsman bildirib ki, 7/24 rejimində fəaliyyət göstərən Ombudsmanın “916” Çağrı Mərkəzi tərəfindən 14.718 zəng qəbul edilib: “İl ərzində Ombudsman, onun Aparatı və regional mərkəzləri tərəfindən ümumilikdə 9.060 nəfər şəxs qəbul edilib. Ombudsmana ünvanlanan müraciətlərin araşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarına, idarə, müəssisə və təşkilatlara sorğular ünvanlanıb, bir çox hallarda nöqsan və çətinliklərin aradan qaldırılması və pozulmuş hüquqların bərpası üzrə zəruri tədbirlər görülüb, təklif və tövsiyələr verilib. Bununla yanaşı, Ombudsmanın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı ərizəçilərə həm qəbul zamanı, həm də rəsmi məktub vasitəsilə hüquqi məsləhətlər, insan hüquq və azadlıqlarının müdafiəsi formaları, üsulları, habelə müxtəlif hallarla bağlı aidiyyəti orqanlara müraciət etmələri barədə izahatlar verilib. Ötən ilin mühüm hadisələrindən olan “Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri”ndə vətəndaşların seçki hüququnun təmini vəziyyəti Ombudsman tərəfindən diqqətdə saxlanılıb, paytaxtda və regionlarda seçki hüququ ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub.

Ombudsman Aparatının və regional mərkəzlərin əməkdaşları tərəfindən 38 şəhər və rayonda, o cümlədən muxtar respublikada 101 seçki dairəsi üzrə 708 seçki məntəqəsində müstəqil olaraq, öz təşəbbüsləri əsasında müşahidələr aparılıb. Seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına hər hansı bir şikayət və ya müraciət daxil olmayıb”.

S.Əliyeva qeyd edib ki, son illər informasiya texnologiyalarının sürətlə inkişafı, xüsusən də süni intellektin bütün sahələr üzrə geniş tətbiqi informasiya əldə etmək hüququnun reallaşdırılmasına əhəmiyyətli dərəcədə təsir göstərməkdədir:

“Bu hal xüsusən fərdi məlumatların, habelə qanunla əldə olunmasına məhdudiyyət qoyulan digər məlumatların mühafizəsi ilə bağlı hüquqi tənzimləmələrin təkmilləşdirilməsini və yeni təhlükəsizlik mexanizmlərinin tətbiqini zəruri edir. Qeyd olunanları nəzərə alaraq, bu sahədə prioritet istiqamətlərin müəyyən edilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, rəqəmsal texnologiyalardan, süni intellektdən düzgün istifadə və nəzarət tədbirlərinin gücləndirilməsi, rəqəmsal savadlılıq və məlumat təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsi üzrə maarifləndirici proqramların həyata keçirilməsi olduqca əhəmiyyətlidir. İnformasiya əldə etmək hüququnun daha səmərəli təmin edilməsi məqsədilə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununda fiziki şəxslərə özləri barədə fərdi məlumatların təbii inhisar subyektlərindən informasiya sorğusu əsasında əldə etmək imkanını məhdudlaşdıran normaya müvafiq dəyişiklər edilməsi ilə həmin məhdudiyyətin aradan qaldırılması məqsədəmüvafiqdir. Rəqəmsallaşdırma və süni intellektin bütün sahələrdə olduğu kimi, əmək hüququnun həyata keçirilməsi və müdafiəsi mexanizmlərinə də təsirini nəzərə alaraq, texnoloji dəyişikliklərə hazırlıq məqsədilə regionlar üzrə əmək bazarının öyrənilməsi, işçilərin hüquqlarının qorunmasına yönəlmiş kollektiv tədbirlər planının hazırlanması, süni intellektin tətbiqi nəticəsində ixtisar olunacaq və ya adaptasiya çətinliyi yaşayacaq şəxslərə dəstək mexanizmlərinin yaradılması olduqca zəruridir. Bununla əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi əsas şərtlərdəndir”.

Ombudsman bildirib ki, müvafiq icra hakimiyyəti orqanının “Əmək və Məşğulluq” altsistemi üzərindən tərtib olunmuş göndərişlərinin əsassız olaraq icra edilməməsi hallarının aradan qaldırılması üzrə mexanizmlərin işlənib hazırlanması və ya bu kimi hallarda şəxslərin işsizlikdən sığorta müavinəti ilə təmin edilməsi həlli vacib məsələlərdəndir:

“Vətəndaşların sosial təminat hüquqlarının daha səmərəli və effektiv qaydada reallaşdırılması məqsədilə, özünüməşğulluğun təşkili prosesi tam başa çatanadək, yəni işsiz şəxslərə əmlak təhvil verilənədək onların məşğulluğun digər formasından yararlanması və ya ünvanlı dövlət sosial yardımı barədə müraciət etməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məqsədəmüvafiqdir. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilməsinin pensiyaçının səhvindən baş vermədiyini, bu halın müvafiq qurumun fəaliyyətində olan funksional nöqsanlarla bağlı olduğunu, habelə sonrakı tutulmaların əmək pensiyaçısının sosial vəziyyətini ağırlaşdırdığını nəzərə alaraq, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin pensiyaçıdan tutulması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin minimuma endirilməsi zəruri hesab olunur. Şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu vaxtda onun uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılması məqsədəmüvafiqdir”.

S.Əliyeva əlavə edib ki, əvvəlki illərdə olduğu kimi, əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə həkim - məsləhət komissiyaları tərəfindən rəsmiləşdirilmiş göndərişlərin bir çox hallarda “natamam” hesab edilməsinin qiymətləndirmə prosesində çətinliklərə və əlillik təyinatının müəyyən müddət gecikməsinə səbəb olduğunu nəzərə alaraq, bu prosesdə iştirak edən qurumlar arasında koordinasiyalı və qarışılıqlı etimad prinsipinə əsaslanan fəaliyyətin təmin olunması, qiymətləndirmə prosedurlarının sadələşdirilməsi olduqca vacibdir:

“Əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli təmin olunması məqsədilə infrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı həmin şəxslərin tələbatlarının nəzərə alınması məqsədilə layihələndirmə standartlarının yenilənməsi, tikinti prosesində müyəssərlik tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi, bu sahədə monitorinqlərin aparılması və çatışmazlıqların aradan qaldırılması, habelə metro və digər ictimai nəqliyyatın əlçatanlıq komponentləri ilə təmin olunması üzrə konkret fəaliyyət mexanizmlərinin hazırlanması və tətbiqi zəruridir. Əhalinin sağlamlıq hüququnun effektiv şəkildə həyata keçirilməsi məqsədilə regionlarda ixtisaslaşdırılmış tibbi xidmətlərin əlçatanlığının təmin edilməsi və bununla da səhiyyə infrastrukturunun ölkə üzrə balanslı şəkildə təşkili, habelə ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi vacibdir. Bununla əlaqədar, “Kənd yerlərindəki tibb müəssisələrinə tibbi kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə nəzərdə tutulan maliyyə təminatlarının dövrün sosial-iqtisadi tələblərinə uyğun yenidən nəzərdən keçirilməsi də məqsədəmüvafiqdir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR