İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölümdən əvvəl ölməmək üçün...

 

Rastımıza yaxşı şey də təsadüfən-təsadüfə çıxar. O gün dilxor-dilxor mövzu axtarırdım. Dünyanın normal ölkələrində normal jurnalistlər adətən problem axtarırlar. Biz isə mövzu axtarırıq, çünki peşəmiz baş girələməkdir. Beş–üç mövzu yazıb beş–on manat almaq və növbəti həftəyə, ya aya qədər bir təhər girələnmək. Nəyimizə lazımdır problemə bulaşmaq, problemlərin sayını bir az da artırmaq – özümüz üçün də, həmkarlarımız üçün də?..

Qərəz, mövzu axtarışında bir həmkarın yazısından oxudum ki, gələn həftə müəllimlər günü olacaq. Paho! Bundan da gözəl mövzu? Nə qədər istəyirsən, döşə müəllimin qabırğasına, kimə nə dəxli?
Gözümü açandan görmüşəm ki, “müəllim” ən fağır, yazıq adama deyərlər. Hətta sovetin vaxtında bazburtlu adamlara “filankəs müəllim” yox, “yoldaş filankəsov” deyərdilər, kim idi müəllimi sayan?

Elə sovetlər hamıdan əvvəl məktəb və müəllimlər üçün əcəl zəngini çalmadımı, onu hörmətdən salmadımı? Bəli, müəllimlər o vaxtdan çiyinlərini verdilər hökumətin ən çirkablı işinin altına–seçkini saxtalaşdırmağa. “Saxtalaşdırmaq”, “seçki” deyəndə ki, o vaxt bülletendə bir nəfərin adı olardı, camaat da çox çək-çevir edib bu bir nəfərəin sırasından elə bir nəfəri də seçərdirlər. Sonra da deyirdilər ki, müəllim ən şərəfli peşədir, məktəb bilik, əxlaq, hətta həyat məktəbidir.

Bax, sonuncunu düz deyirdilər, həqiqətən də həyat məktəbi idi, çox şeyləri, xüsusən də pislikləri, ən əsası da yalan danışmağı hamımız məktəbdə öyrənirdik. Biz şagirdlərin suçu ona görə böyük deyildi ki, yalan danışanda doğrunun nə olduğunu bilmirdik. Müəllimlərsə bilirdi və bilə-bilə də yalan danışırdılar...

Maraqlıdır, dövran dəyişdi, bütün sənətlər, peşələr hörmətə mindilər, təkcə müəllimlikdən savayı.

Müəllim başına döndüyüm də bütün bunları görüb özü üçün nəticə çıxardı. Başa düşdü ki, kiməsə elm-bilik öyrətmək mənasız işdir. Beləcə, müəllim adı qaldı, amma əsl müəllimlər başqa cür adlanmağa başladı – repetitor! Məktəbə də onlar sanki, sadəcə, qeyd olunmaq, bir də maaş almaq üçün gedir və bəlkə də “ay uşaq, səs salma, dərs izah edirəm” demək əvəzinə “ay uşaq, səs salma, telefonla danışıram” deyirlər (bu, elə - belə, bir ehtimal–gümandır. Hamının əlindən telefon düşmür, müəllimin əlindən niyə görə düşsün?), çünki əsl dərs indi dərsdən sonra başlayır: uşaqlar evə gəlib bir tikə çörək yeyəndən sonra, haydı, cumurlar əsl müəllim - repetitor yanına..

Ona görə də ümid etməyin ki, nəsə düzələcək. Sadəcə, mən bir şeyi başa düşə bilmirəm. İnsanlar uşaqlarını pulla təhsil almaq üçün əsl müəllimlərin–repetitorların yanına göndərmirlərmi? Gəlin məktəbləri qismən pullu edək, həmin savadlı müəllimləri də cəlb edək məktəblərə. Məsələn, 9-cu sinfə qədər təhsil icbari olsun, bundan sonra məktəbdə ali təhsil almaq istəyən şagirdlər qalsın və onlar qruplara bölünsün. Bununla da problem həll olsun.
O ki qaldı seçkilərə, müəlllimləri bu əzabdan - xəcalətdən azad edək. Lap MSK-nın ştatı qoy, on dəfə böyüsün, qoy, xüsusi dövlət adamları seçkiləri keçirsinlər, MSK da olsun nazirlik kimi bir şey. Niyə də yox?..

Amma düşünmürəm dediklərimdən kimsə bir nəticə çıxaracaq. Əlbəttə, məntəqə kimi məktəblərdən istifadə etmək olar, amma qoy, seçkini peşəkar adamlar həyata keçirsin. Bəlkə bundan sonra müəllimlik bir peşə kimi dirçəldi? Sovet vaxtı bir yazıçı vardı – Georgiy Markov. Bəli, deyəsən onun sözləri idi: ölümdən əvvəl ölməyin. Amma özü də buna əməl etmirdi, canlı ədəbi-bədii meyit idi. Amma yenə də düz deyib: onsuz da ölüm labüddür, gəlin tələsməyək. Həm də anlamaq olmur ki, olmur: qəbirstanlıq çəpərlərin bu tərəfidir, yoxsa o biri? Ya da bəlkə heç bunun da fərqi yoxdur? Onda niyə bir yaxınımız dünyasını dəyişəndə bu qədər qovruluruq? Həmişə deyirəm ki, cənnət varsa, niyə heç kim ölmək istəmir? Bəlkə hamı cəhənnəmdən qorxur, bəlkə heç kim cənnətə düşəcəyinə əmin deyil?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR