Onlayn ictimai-siyasi qəzet
Amerikalı fantast yazıçı var, Ayzek Azimov. Mən balaca vaxtı elə bilirdim bu kişi əslən azərbaycanlıdır. Təxminən Lütfi Zadə kimi, haçansa gedib çıxıb Amerikaya. Hətta qonşumuz və qahımlarımızdan biri Əzim kişinin ara-bərədə fantast əsərlər yazdığını zənn edirdim. Böyüdüm, gördüm, boş şeydir, Ayzek Əzimov yəhudi balası imiş.
Uzun sözün qısası, həmin Ayzek müəllim 1942-ci ildə “Mən, Robot” adlı çox məşhur romanını yazıb və orada romanın özündən də məşhur “Robot texnikasının 3 qanunu” deyilən anlayışı yaradıb. Onun ideyasına görə, gələcəkdə yaradılan bütün robotların əsasında, mayasında, beyninin içində bu 3 qanun əksini tapmalıymış: “1 – Robot insanı incidə, ona hər hansı zərər vura bilməz, insanın incidilməsinə də laqeyd qalmamalıdır; 2 – Birinci qanuna zidd olmayan bütün hallarda robot insanın əmrlərini yerinə yetirməlidir; 3 – Birinci və ikinci qanunu pozmadan robot özünü də qorumalıdır”.
70-80 il bəşəriyyət Ayzek müəllimin bu yastığını başının altına qoyub rahat yatdı. Doğrudan da, ötən illərdə yetişdirilən robotlar insana hansısa böyük zərər vermirdi. Uzağı, hardasa texnika sıradan çıxanda texnogen fəlakət yaşanardı, keçib gedərdi. Bir də ev robotlarımız – soyuducu, paltaryuyan, ətçəkən-zad hərdən zəhləmizi tökürdü. Məsələn, açırsan soyuducunu, görürsən, içində siçanlar oynayır. Bu işdə hökumətin nə rolu var? Heç nə. Əsas günah soyuducudadır. Vaxtında içini doldurmur.
İndi isə Süni İntellekt (Sİ) ortaya çıxıb və robot texnikalarının əsl üsyanı ilə qarşı-qarşıyayıq. Bir neçə dəfə Sİ sınaqları zamanı o özünə dəxli olmayan serverlərə girib, hakerlik edib, saytları dağıdıb və sairə. Nəticədə bəşəriyyətin tərəqqipərvər hissəsinin kürkünə birə düşüb. Hər yerdən həyəcan siqnalı gəlir. O deyir, Sİ sınaqlarını dayandıraq, bu deyir, robotlar anamızı ağladacaq...
Əlbəttə, qeyd etdiyim kimi, bunu fikirləşənlər azsaylı hissədir, bəşəriyyətin çoxunun belə mövzular vecinə deyil, onlar ancaq narahatdır ki, təzə “Ayfon”da burnumuzun donqarını nə cür gizlədəcəyik.
Təşviş haqlıdırmı? Yüz faiz. Çünki biz yüksək texnologiyalar dövrünə keçməkdəyik, onun artıq içindəyik. Həyatımızın çox sahələri kompüter, internet, serverlərdən asılıdır. Onlar enerji istehsal edir, yemək hazırlayır, qatar, təyyarə sürür, birjaları fırladır və sairə. Bu robotlardakı “səhvlər” yüz minlərin, milyonların ölümünə səbəb ola bilər. Biz bu yaxın gələcəyə hazır olmalıyıq. Əvəzində nə edirik? Biabırçılıq.
Robot texnikasının android formaları həyatımıza çox sarsaq şəkildə daxil olmaqdadır. Son çağlar mən toylarımızda “Uzundərə” oynayan robotlar görürəm. Xalq arasında bu mahnıya məlum əsərə görə “Məşədi İbadın rəqsi” də deyilir. Bəs sabah robot bu bambılı hərəkətə görə bizə şıllaq atsa, yenə həmin əsərdən sitatı “Babalı serverin boynuna” deyə oxumağa haqqı çatmırmı? Çatır.
Robotları toyda oynatmağı təcili dayandırmaq lazımdır. Çünki bunun perspektivi pis görünür. Əgər onlar toyda oynamağı öyrənsələr, sonra şadlıq sarayı açacaqlar. Özləri öz aralarında evlənəcək, Bakı robot balaları ilə dolacaq. Onda gəl Xırdalana 1 manatlıq taksi tap...
Robotlar şadlıq saraylarından informasiya yığırlar. Sİ vasitəsiylə. Qudalıq, baldızlıq, qayın, yengə, xınayaxdı, cehiz, bəkarət və sairə vacib temaları öyrənirlər.
Hətta, əlim qurusun bunu yazanda – robotlar evlənməyə robot tapmasalar gəlinləri də ələ keçirə bilərlər! (Prinsipcə, bəyləri də). Bizə bu lazımdırmı? Mentalitetimizdə bu vardırmı? Xüsusilə uca şeyximiz Allahşükür müəllimdən soruşuram: bir robotun, məsələn, insansız avtomobilin gəlin qaçırtmağı dində məkruhdurmu? Eşitdiyimə görə, son günlər şeyximiz süni mayalanma haqqında qanuna etiraz yazaraq Milli Məclisə göndəribdir, əsl etiraz olunası məsələ budur ey!
Siz indi robotu əzib-büzük oynamağa məcbur edirsiniz, halbuki o, bunun hamısını yaddaşa verir. Onlar heç nəyi unutmurlar. Qız evi, oğlan evi kim idi, robot oynayanda videoya çəkib yayan hansı düşük idi, kim baxıb hırıldayırdı, kim heç nə olmamış kimi eşşək kababından basırdı...
Ümid edirəm, mənim bu müdafiə xarakterli yazımı da onlar unutmayacaqdır.
ŞƏRHLƏRŞƏRH YAZ