İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüvə silahı haramdırsa... – İran ÇIXILMAZDA

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı hazırlamadığını və bunun birbaşa dini qadağa ilə bağlı olduğunu bəyan edib. O, vurğulayıb ki, ali lider ayətullah Əli Xameneinin kütləvi qırğın silahlarını qadağan edən fətvası ölkə üçün dəyişməz qanundur.
“Cəmiyyətin dini lideri siyasətçilər kimi yalan danışa bilməz. O, “bizdə nüvə silahı olmayacaq” deyirsə, deməli, həqiqətən olmayacaq. Biz dəfələrlə bəyan etmişik ki, nüvə silahına can atmırıq”, - Pezeşkian vurğulayıb.
Bu açıqlama 26 fevral 2026-cı il tarixində Cenevrədə başlayan ABŞ-İran danışıqları fonunda verilib. Amerika tərəfi Tehrandan uranın zənginləşdirilməsini 3,67% səviyyəsinə endirməyi tələb edir.
Xatırladaq ki, Xamenei hələ 2000-ci illərin əvvəllərində nüvə silahının istehsalını və tətbiqini haram elan edən rəsmi fətva vermişdi. Lakin Qərb dövlətləri və İsrail bu fətvanın taktiki gediş olduğunu iddia edərək İranın gizli şəkildə silah proqramını davam etdirdiyini irəli sürürlər. Pezeşkian isə bu iddiaları rədd edərək, İranın hər hansı yoxlamaya hazır olduğunu bildirib.
Ancaq artıq təsdiqlənmiş faktdır ki, İranda 60 faizə qədər zənginləşdirilmiş 400 kq-a yaxın uran var. Bu isə ən azı, 10 nüvə başlığı üçün yetərli sayılır. Halbuki dinc məqsədlər üçün 4-5 faizlik zənginləşmə kifayət edir. İkinci yandan, Pakistan da İslam respublikasıdır, amma nüvə silahına malikdir. Xameneiyə inanmaq olarmı?

AbzasMedia - İran nüvə silahı əldə etməyə nə qədər yaxındır?

Deputat Elçin Mirzəbəyli Musavat.com-a deyib ki, Pezeşkianın “dini lider siyasətçi deyil, yalan danışa bilməz” bəyanatı ikili məna daşıyır. Onun fikrincə, o deməkdir ki, İranın nüvə siyasəti rasional-siyasi deyil, dini-ideoloji çərçivədə təqdim olunur. “Pezeşkianın məntiqindən belə anlaşılır ki, siyasətçilərin yalan danışması normaldır, lakin dini rəhbər istisnadır”,_ deputat belə söyləyib.
Onun sözlərinə görə, bu isə teokratik sistemin özü üçün ciddi sual doğurur: “Maraqlıdır, İran kimi siyasi-ideoloji dövlət modelində ali lider doğrudanmı siyasətdən kənardır? İran Konstitusiyasına görə ali lider dövlətin ən yüksək siyasi fiqurudur, silahlı qüvvələrin baş komandanıdır, xarici siyasətin strateji istiqamətini müəyyən və təhlükəsizlik strukturlarına nəzarət edən vəzifəli şəxdir. Belə olan halda onun “siyasətçi olmaması” iddiası faktiki reallıqla ziddiyyət təşkil edir”.

Deputat bildirib ki, əgər ali lider nüvə proqramının istiqamətini müəyyən edir, danışıqlara razılıq verir, təhlükəsizlik strategiyasını təsdiqləyirsə, onda o, siyasi qərarların birbaşa müəllifidir: “Bu halda Pezeşkianın arqumenti siyasi məsuliyyəti metafizik toxunulmazlıqla əvəz etmək cəhdindən başqa bir şey deyil. Beynəlxalq hesabatlara əsasən İranın 60%-ə qədər zənginləşdirilmiş təxminən 400 kq uran ehtiyatı var. Halbuki dinc nüvə energetikası üçün 3–5% kifayətdir. 20% zənginliləşdirilmiş uran artıq hərbi potensiala yaxınlaşma hesab olunur, 90% isə silah hazırlamaq səviyyəsidir. 60% zənginləşdirmə texniki olaraq nüvə silahına bir addımlıq məsafə deməkdir. Əgər nüvə silahı haramdırsa, o zaman uranın bu səviyyəyə qədər zənginləşdirilməsinin izahı nədir?”

“İranın arqumentinə görə bu, danışıqlar prosesində təzyiq alətidir, sanksiyalara cavab addımıdır və Tehranın nüvə silahı istehsal etmək niyyəti yoxdur. Lakin beynəlxalq təhlükəsizlik anlayışına görə bu kimi məsələlərdə niyyət yox, imkan əsas götürülür. Xameneinin nüvə silahını haram elan edən fətvası siyasi-mənəvi bəyanatdır, lakin konstitusion norma, parlament qərarı, beynəlxalq öhdəlik deyil və hüquqi mexanizmlə təsbit olunmayıb. Digər tərəfdən fətva dəyişə də bilər. Çünki şiə fiqhində “zərurət” prinsipi mövcuddur. Bu səbəbdən dövlət təhlükəsizliyi ali prioritet elan edilərsə, o zaman dini şərh dəyişdirilə bilər. Təbii ki, Pakistan da İslam Respublikasıdır və nüvə klubuna üzv olmasa da təsdiqini tapmış nüvə silahına malikdir. Bu fakt İranın dini arqumentini zəiflədir. Teoloji baxımdan İran və Pakistan əsasən fərqli məzhəblərə sahib olsalar da, siyasi nəticə eynidir. Yəni dini legitimlik heç bir halda nüvə silahına malik olmağı istisna etmir”, - Mirzəbəyli vurğulayıb.

Elçin Mirzəbəyli: 20 Yanvar millətimizin qəhrəmanlıq rəmzidir

Deputat fikirlərinə bu cür davam edib: “Məlum olduğu kimi, Cenevrədə başlayan danışıqlarda ABŞ uranın zənginləşdirilməsinin 3,67%-ə endirilməsini tələb edir və bu, 2015-ci il nüvə sazişinin texniki çərçivəsidir. Zənnimcə “Xameneiyə inanmaq olarmı?” sualı siyasi yanaşma deyil. Bu sualı emosional deyil, analitik müstəvidə qoymaq lazımdır.
Məsələ Xameneinin şəxsi dürüstlüyündə deyil. Məsələ ondadır dövlətlərin davranışları dini bəyanatlarla deyil, real güc balansı ilə müəyyən olunur.
60%-lik uran ehtiyatı olan dövlətə sözə, fətvaya görə etibar edilmir. Beynəlxalq sistemdə verifikasiya etimaddan üstündür. Əgər İran doğrudan da nüvə silahını haram hesab edirsə, o zaman uranın 60%-lik zənginləşdirilməsinə ehtiyac yoxdur və şəffaflıq maksimum səviyyədə olmalı, texniki hədd 3–5%-lə məhdudlaşmalıdır. Əks halda, dini arqument siyasi qalxan funksiyası kimi qəbul olunacaq. Pezeşkianın “dini lider yalan danışa bilməz” tezisi əslində başqa bir reallığı, İranın dövlət idarəçiliyi sistemində siyasi məsuliyyətin metafizik legitimliklə əvəzlənməsi reallığını ortaya çıxarır. İran hazırda iki paralel xətt - dini-ideloji yanaşma və strateji çəkindirmə arasında balans saxlamaqla qarşıdurmanı ən azı təxirə salmağa çalışır. Bu balansın nə qədər davamlı olacağını isə artıq teologiya deyil, geosiyasi proseslər müəyyən edəcək”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR