İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbədənkənar seçki zərurəti – “Çörçill sindromu”, yoxsa yeni çağırışlara yeni cavablar?

Növbədənkənar prezident seçkisinin 2 aydan sonraya təyin edilməsi gerçəkdən də nəinki müxalifət düşərgəsi üçün, o cümlədən iqtidar komandası üçün də gözlənilməz oldu.

Neçə vaxt idi ki, siyasi arenada parlament seçkilərinin növbədənkənar keçiriləcəyi barədə söhbətlər gedirdi və əgər elə bir qərar qəbul olunsaydı, bu, gözlənilməz olmayacaqdı.

Azərbaycanda sonuncu dəfə prezident seçkisi 2018-ci ildə baş tutub. Prezident 7 illik müddətə seçildiyi üçün növbəti seçki 2025-ci ildə keçiriləcəkdi. Prezident seçkisinin 2024-cü ilin fevralına təyin edilməsi o deməkdir ki, seçki cəmi 1 il əvvələ çəkilib, 7 ilin tamamında yox, 6 ilin təxmini tamamında təşkil olunacaq.

quttt.jpg (232 KB)

Belə baxanda 1 il böyük müddət deyil. Ancaq bu, siyasi arenada istər-istəməz mübahisə predmetinə çevrilməkdədir. Hərçənd istənilən seçkinin vaxtından gec (3 ay, yarım il) keçirilməsi vaxtından əvvəl keçirilməsindən daha çox polemika, qızğın mübahisələr doğurur.

Hazırda prezident seçkisinin növbədənkənar keçirilməsinin zərurəti haqqında bir neçə qənaət, arqument, tezis var.

Onlardan biri belədir ki, nəhayət, müstəqillik tariximizdə ilk dəfə olaraq seçki bütün ölkə ərazisində, hansısa bir separatizm yuvası tərəfindən boykot olunmadan keçiriləcək. Artıq ərazi bütövlüyümüz bərpa olunub, torpaqlarımız işğaldan tam azad edilib. İndi Şuşada, Xankəndidə, işğaldan azad olunmuş digər yaşayış məntəqələrində seçki məntəqəqələri yaradılacaq və orada olanlar seçkidə iştirak edəcəklər. Bu seçki ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti demək olacaq.

Ümumiyyətlə, növbədənkənar, yəni vaxtından əvvəl seçkilər keçirilməsi dünyada qəbul olunmuş və yayğınlaşmış siyasi təcrübədir. Dünyanın ən inkişaf etmiş ölkələri (Yaponiya, İtaliya, Kanada, Cənubi Koreya, Türkiyə və s.) bir ara az qala hər iki ildən bir, növbədənkənar seçki keçirirdilər. Hər yeni seçki dövlətin idarəolunması mexanizmində boşalmış vintləri sıxmaq, dövlət maşınının saz vəziyyətdə saxlamaq üçün lazımdır. Əsas odur ki, hər dəfə seçicilər siyasi iradələrini azad ifadə etsinlər.

Prezident seçkisinin vaxtının bir il önə çəkilməsi təşəbbüsünü ictimai-siyasi fəallar arasında “Çörçill sindromu” ilə əlaqələndirənlər də var, amma bu arqumenti ciddiyə almaq mümkün deyil.

corcil.jpg (126 KB)

Birincisi, “Çörçill sindromu”nun mahiyyətinə diqqət edək. II dünya müharibəsi zamanı İngiltərənin baş naziri olan Uinston Çörçill o qanlı savaşdan həm ölkəsini daha az itkiylə çıxarmışdı, həm də 3 qalib ölkədən biriydi (digərləri ABŞ və SSRİ). Bununla belə, müharibənin başa çatmasından 2 ay sonra, 1945-ci ilin iyulunda Britaniya seçicisi baş nazirin partiyasına, yəni Çörçillə səs vermədi, dolayısı ilə ona “buraya qədər olan xidmətinə görə sağ ol, amma yeni mərhələ başlayıb və biz ona başqa liderlə gedəcəyik” mesajı verdi. Nəticədə Çörçill vəzifədən getdi.

İndi bir çoxları düşünür ki, qalibiyyətizimizlə başa çatan müharibədən sonra prezident İlham Əliyevin ictimaiyyət arasında nüfuzu get-gedə azalacağı üçün o, preventiv addım atır, nüfuzunun, siyasi reytinqinin ən pik vaxtında xalqdan özünə yeni etimad votumu almaq istəyir.

Belə düşünənlər bir şeyi bilməlidirlər ki, başqa ölkələrdə keçərli olan meyarlar Azərbaycanda keçərli deyil. Azərbaycan seçicisi 21-ci əsrin 23-cü ilində belə Britaniyanın 1945-ci ildəki seçicilərindən fərqli düşünür. Düşmən işğalı görməmiş Britaniyada əhali üçün şəxsi rifah, gün-güzəran məsələsi həmişə daha öndə olubsa, bu, 35 ildən bəri paralanmış vətəndə ömür sürən, heç cür bitmək bilməyən, gah aktiv, gah da passiv fazaya keçən, amma can almaqda davam edən müharibə təhlükəsinin xofu altında yaşayan xalq üçün Qarabağ problemi 35 ildir ki, əsas məsələydi. İlham Əliyev bu problemi həll etdiyinə görə xalq səmimi olaraq onun daha uzun illər dövlət başçısı olmasını istəyir. Hətta get-gedə yayğınlaşan belə bir fikir var ki, İlham Əliyevdən sonra necə olacaq, 2020-2023-cü illərdə əldə etdiyimiz tarixi hərbi nailiyyətlərə təhlükə yaranmayacaq ki.

Ilham-Eliyev--900x506.jpg (41 KB)

Bu baxımdan dövlət başçısı üçün seçkinin gələn il və ya 2025-ci ildə keçirilməsinin elə bir fərqi yoxdur. Bir az qabağa gedərək, iddia etmək olar ki, əgər İlham Əliyev 2031-ci ildə prezidentliyə namizəd olacaqsa, yenə də ona rəğbət bəsləyən elektorat sarıdan problemi olmayacaq. Hətta onun nüfuzu ilbəil artacaq, şəxsiyyətinə pərəstiş yaranacaq.

Bu, hansısa dövlət xadiminə 100 ildən, 1000 ildən bir qismət olan nailiyyətdir və belə anlaşılır ki, bu tarixi titul İlham Əliyevin nəsibi imiş.

Ona görə də növbədənkənar seçkiyə başqa prizmadan yox, məhz postmüharibə dövrünün çağırışlarına adekvat cavab vermək, yeni mərhələyə yeni etimad votumu, yeni komanda, yeni plan və proqramlarla getmək şansı qazanmaq fürsəti kimi baxmaq lazımdır.

Budur, hamı növbədənkənar seçkidən bəhs edir, amma hər kəs də seçkinin nəticəsini 2 ay öncədən bilirmiş kimi danışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR