İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu gedir – Bakı-Təl-Əviv əlaqələrində isə...  

İsrail parlamenti (Knesset) oktyabrın 27-nə təyin edilmiş seçkilər öncəsi özünün rəsmi buraxılması barədə qanun layihəsini qəbul edib. Knessetin 120 üzvündən 62-si qanun layihəsinin lehinə səs verib. Bununla da, iyulun 17-dən tətilə çıxan parlament seçkilərin nəticələrinə əsasən, yeni tərkib formalaşdırıldıqdan sonra fəaliyyətini bərpa edəcək.

Qeyd edək ki, seçkilərdə əsas rəqabətin üç siyasi qüvvə arasında gedəcəyi gözlənilir. Cebhe.info yazıb ki, bunlar hazırkı baş nazir Benyamin Netanyahunun liderlik etdiyi “Likud” (Əmək) partiyasının ətrafında formalaşmış ultrasağçı ortodoksal blok, sabiq baş nazirlər Naftali Bennet və Yair Lapidin birgə yaratdığı, sağ mərkəzçi “Birlikdə” partiyası və sabiq baş qərargah rəisi Qadi Eyzenqotun “Birbaşa” (Yaşar-ivr.) partiyasıdır. Son rəy sorğuları Benyamin Netanyahunun seçkilərdə qalib gəlmək şansının azaldığını göstərir. Respondentlərin 83 faizi seçkilərdən sonra yaradılan koalisiyaya “Haredi” (ultra-ortodoks) partiyaların daxil edilməsinə qarşı çıxıb. Rəyi soruşulanların yalnız 8 faizi bunu dəstəkləyir.

İyulun 17-də dərc edilən sorğunun nəticələrinə görə, müxalifət blokunun növbəti seçkilərdə 62 yer qazanacağı, hazırkı hakim koalisiyanın isə 48 yerə düşəcəyi gözlənilir.  Netanyahunun Knessetin buraxılmasından əvvəl qanunvericilik sahəsindəki uğursuzluğu fonunda Qadi Eyzenkotun rəhbərlik etdiyi müxalifət koalisiyasının 27 oktyabr 2026-cı il seçkilərində yerlərin əksəriyyətini qazanacağı gözlənilir. Sorğu “Likud” partiyasının yerlərinin azaldığını və “Yaşar”la bərabər 22 mandat qazanacağını göstərir. “Mavi və Ağ” və “Balad” partiyaları Knessetdə yer qazanmaq üçün tələb olunan 3,25 faizlik seçki barajını aşa bilməyəcəklər.

Rəyi soruşulan seçicilərin 70 faizi seçkilərdən sonra koalisiyaya ərəb partiyasının əlavə edilməsini dəstəkləyib. Respondentlərin 10 faizi buna qarşı çıxdığı halda, 20 faizi belə bir addımın əhəmiyyətsiz olduğunu və ya heç bir fikri olmadığını deyib...

Netanyahunun gedişi Azərbaycan-İsrail münasibətlərinə hansı təsiri göstərə bilər? Bəlkə bu əlaqələr indikindən daha yaxşı inkişaf edəcək?

Tərtər hadisələrinin bənzər forması Naxçıvanda keçirilib" - Heydər Oğuz  inanılmaz DETALLAR açıqladı - VİDEO

Musavat.com-a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, Benyamin Netanyahu artıq beynəlxalq siyasətdə artıq yükə çevrilib: “Elə vəziyyətə düşüb ki, hətta onu İsrail ictimaiyyəti belə qəbul edə bilmir. İsrailin ən yaxın müttəfiqi sayılan ABŞ prezidenti Donald Tramp da ona yerində sakit oturmağı məsləhət görür, susdurmağa çalışır. Cazibəsini itirən Netanyahu bundan sonra rəsmi Bakıya da lazım deyil”.

Siyasi şərhçi bildirib ki, Azərbaycan artıq 2 yol ayrıcında qalıb: “Ya heç kimin sahib çıxmadığı, məsuliyyətini bölüşmədiyi Netanyahu ilə qol-boyun olub bütün İslam dünyasının, o cümlədən qardaş Türkiyənin təpkisini öz üzərinə çəkməli, ya da ona vaxtında “əlvida” deyib yeni dünya düzənində haqq etdiyi yeri tutmalıdır. Azərbaycanın haqq etdiyi yer isə Türk dünyası ilə birlikdə olmaq və gələcəyin əsas güc mərkəzinə çevrilməyə iddialı blokda körpü dövlət rolu oynamalıdır. Sözsüz ki, bizim kimi orta ölçülü dövlətlər üçün körpü rolu oynamaq böyük fürsətdir və inanmıram ki, praqmatik xarici siyasətə üstünlük verən Azərbaycan rəhbərliyi bu fürsəti fövtə versin”.

Heydər Oğuz hesab edir ki, əslində Azərbaycanın mövqeyi İsrail üçün də böyük imkanlar yaradır: “İsrail yetkililəri yaxşı düşünsələr, Azərbaycan vasitəsilə Netanyahunun yol verdiyi böyük səhvlərin ağır nəticələrindən xilas ola və zərərin yarısından geri qayıda bilərlər. Əks halda bütün dünyanın nifrətini qazanıb vaxtilə heç sevmədikləri faşist Almaniyası ilə eyni aqibəti yaşayarlar. Bu isə Hitlerə heç nə qazandırmadığı kimi Netanyahuya da, onun hökumət koalisiyasında yer alan aşırı sionistlərə də bəlalardan başqa heç nə gətirməz. Bir sözlə, bundan sonra biz öz nüfuzunu tamamilə itirmiş İsrailin yox, İsrail bizim arxamızca getməli, insanlıq qarşısında törətdiyi böyük günahlarını bağışlatmağı bacarmalıdır”.

Həmsöhbətimizin iddiasına görə, böyük güclərin İsrailin boynuna biçdiyi rol da artıq öz əhəmiyyətini itirib: “Vaxtilə İsrail və İran ABŞ üçün eyni ssenarinin müxtəlif rollarını oynayırdılar. İran neftlə zəngin ərəb ölkələrini qovur, İsrail isə bəzi ərəb xanədanlıqlarına hamilik edərək onları ABŞ-ın qoynuna sığındırırdı. Amma indi onların heç birinə ehtiyac qalmayıb. Dünyanın neft təchizatı və ticarət marşrtutu belə dəyişilir. Əslində İsrail bu marşrutun aparıcı qovşağına çevrilməklə dünyanın idarə olunmasındakı öz üstün mövqeyini qorumağa çalışırdı. İndi isə onun qurduğu bütün hesablar iflas etmiş vəziyyətdədir. Sübut olundu ki, İsrailin oyundankənar vəziyyətdə saxlamağa çalışdığı güc mərkəzləri olmadan dünyanın yeni nizamını formalaşdırmaq mümkün deyil. Və İsrailin təqdim etdiyi bütün qanlı projelər də özünü doğrultmadı. Türk dünyasının ön plana çıxdığı yeni konfiqurasiyada Azərbaycanın boynuna da böyük missiyalar düşür. Azərbaycan yeni konfiqurasiyadakı mövqeyini sağlamlaşdırmaqla məşğul olmalıdır. Ona zərər gətirəcək yollara sapmamalı, yeniləşən dünyanın tələblərinə qulaq asmalıdır”.

 

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR