Onlayn ictimai-siyasi qəzet
Dünyada gedən iqtisadi və geosiyasi proseslər qlobal iqtisadiyyatın inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Bir tərəfdə süni intellektə əsaslanan texnologiyaların ildırımsürətli inkişafı, digər tərəfdə bu inkişafı dəstəkləyən infrastrukturun(data mərkəzlər, onların enerji təminatı və sair) yaradılması, başqa tərəfdə isə bu texnologyaların iqtisadiyyatın digər sektorlarında tətbiqi sahələri irihəcmli investisiyaları özünə cəlb edir. Belə bir şəraitdə suveren fondlar investisiya layihələrini, obyektlərini seçərkən həm sürətli inkişaf edən, həm də davamlı gəlir gətirəcək amillərə əsaslanırlar.
Musavat.com xəbər verir ki, Azərbaycanın yeganə suveren investisiya fondu olan Dövlət Neft Fondunun (ARDNF) investisiya siyasətinə nəzər yetirdikdə, məhz qeyd olunan amillərin nəzərə alındığını açıq görmək olur.

ARDNF-nin yaradılmasında əsas məqsəd qısamüddətli dövrdə təbii sərvətlərdən əldə olunan yüksək gəlirlərin gələcək nəsillər üçün saxlanmasına, ölkə iqtisadiyyatının inkişafına fayda gətirməsinə nail olmaqdır. Fond bu məqsədinə çatmaq üçün investisiya siyasətini uzunmüddətli və sabit gəlir prinsipi üzərində qurur.
“NVIDIA, Microsoft, “Apple Inc”, Amazon, “Meta platforms”, "Broadcom Inc", “Google”, “Tesla” kimi texnologiya, “Berkshire Hathaway Inc” və "JPMorgan Chase & Co" kimi maliyyə nəhənglərinə yatırımlarla bərabər dünyanın müxtəlif regionlarında enerji, nəqliyyat, təhsil və sair istiqamətlərə də sərmayə qoyulması Fondun qısamüddətli yüksək gəlirlərlə bərabər, uzunmüddətli sabit gəlir siyasətinə də önəm verdiyini göstərir. Bu siyasət ARDNF-nin aktivləri üzrə davamlı gəlirliliyi qoruyub saxlamağa, investisiya portfelini genişləndirməyə imkan verir.
Elə bu günlərdə Fond qlobal infrastruktur investisiyaları üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "I Squared Capital" ("I Squared") ilə tərəfdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektrik enerjisi istehsalçısı olan "Inkia Energy" şirkətinə investisiya qoyub. Bu ilin fevral ayında Kanadanın pensiya fondu olan "Canada Pension Plan Investment Board" ("CPPIB") "Inkia Energy" şirkətinin 50 faiz payını "I Squared"dən əldə edib. Qalan 50 faiz pay isə ARDNF-nin də iştirakçı olduğu və "I Squared"in idarə etdiyi investisiya strukturu vasitəsilə satın alınıb.

"Inkia Energy" hidroelektrik, təbii qaz, günəş və külək enerjisi aktivlərindən ibarət şaxələndirilmiş portfelə malikdir. Şirkətin ümumi effektiv istehsal gücü 2,6 QVt təşkil edir və Peru üzrə elektrik enerjisi istehsalının təxminən 22 faizini təmin edir. Bununla yanaşı, şirkət əsasən bərpa olunan enerji layihələrini əhatə edən 4 QVt-dan artıq inkişaf portfelinə malikdir və uzunmüddətli perspektivdə bu istiqamətdə fəaliyyətini genişləndirməyi strateji prioritet kimi müəyyən edib.
"Inkia Energy" Perunun enerji sektorunun aparıcı iştirakçılarından biri olmaqla yüksək əməliyyat göstəricilərinə malikdir. Bu investisiya ARDNF-nin uzunmüddətli investisiya strategiyasına uyğun olaraq Fondun coğrafi diversifikasiyasını Latın Amerikası regionu istiqamətində genişləndirir və güclü fundamental göstəricilərə, eləcə də əlverişli risk-gəlirlilik profilinə malik elektrik enerjisi istehsalı sektorunda dayanıqlı aktivlər üzrə investisiya portfelini gücləndirir.
"I Squared Capital" orta bazar seqmentinə yönəlmiş aparıcı müstəqil qlobal infrastruktur investoru olmaqla, idarəetməsində 60 milyard ABŞ dollarından artıq məbləğdə aktivə malikdir. 2012-ci ildə təsis edilmiş şirkət bu gün enerji və kommunal xidmətlər, nəqliyyat və logistika, rəqəmsal ekoloji və sosial infrastruktur sahələrini əhatə edən investisiya portfeli ilə dünyanın ən şaxələndirilmiş infrastruktur investorlarından biri kimi fəaliyyət göstərir. Şirkətin investisiyaları dünya üzrə milyonlarla insan üçün mühüm əhəmiyyət daşıyan infrastruktur xidmətlərinin göstərilməsinə töhfə verir.

Hazırda "I Squared Capital"ın investisiya portfelinə 70-dən çox ölkədə fəaliyyət göstərən 100-dən artıq şirkət daxildir. Şirkətin baş ofisi ABŞ-nin Mayami şəhərində yerləşir, Əbu-Dabi, London, Münhen, Nyu-Dehli, San-Paulu, Sinqapur, Sidney və Taybey şəhərlərində isə şirkətin nümayəndəlikləri fəaliyyət göstərir.
Perunun enerji sektoruna yatırım ARDNF-nin Latın Amerikasında ilk investisiyası olmaqla yanaşı, bu regionun davamlı iqtisadi inkişaf yoluna qədəm qoyması baxımından strateji seçim hesab oluna bilər.
Neft Fondunun bu investisiyası rəqəmsal texnologiyaların inkişafında açar rolunu oynayan enerji təchizatı sahəsində ilk layihə deyil. Ötən ilin iyulunda Fond bərpa olunan enerji sahəsində fəaliyyət göstərən beynəlxalq “Enfinity Global” şirkətinin İtaliyada yerləşən ümumi gücü 402 MVt olan günəş elektrik stansiyalarından ibarət portfelində 49 faiz pay əldə edib.
Fondun investisiyalarına nəzər yetirdikdə, aydın görünür ki, bütün bazarlarda investisiya qərarları sabitlik, aktivlərin keyfiyyəti və uzunmüddətli dəyər yaratmaq prinsipləri əsasında qəbul edilir. Məsələn, İtaliyada həm nəqliyyat, həm də enerji sektorlarına ümumi məbləği 3 milyard dollara yaxınlaşan investisiya yatırımları həyata keçirilib. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı, Avropada sabit və güclü iqtisadiyyata, davamlı iqtisadi inkişafa malik ölkədir. Bu ölkənin nəqliyyat və enerji sektoru davamlı artım nümayiş etdirir və bu sahələrə yatırım Neft Fondunun sabit gəlir prinsipinə uyğundur.
ARDNF investisiya siyasətini müəyyənləşdirərkən bu sahədə böyük təcrübəsi olan qurumlarla əməkdaşlığı prioritet seçir. Bu ilin yanvar ayında Davos İqtisadi Forumu çərçivəsində "BlackRock", GIP və "Brookfield Asset Management"lə niyyət protokollarının imzalanması məhz ARDNF-nin qlobal investisiya nəhəngləri ilə əməkdaşlığının genişləndirilməsini hədəfləyən addımdır. Qarşıdakı 3-4 il ərzində "BlackRock" və GIP ilə 1,5 milyard ABŞ dollarınadək, "Brookfield" ilə isə 1,4 milyard ABŞ dollarınadək birgə investisiya imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır.
Bu əməkdaşlıqlar investisiya risklərinin həm coğrafi, həm də sektorlar üzrə diversifikasiyasını daha da dərinləşdirir. 2026-cı ilin yanvarında Dövlət Neft Fondunun Ərəb Enerji Fondu ("TAEF") "CVC DIF" ilə tərəfdaşlıq çərçivəsində, "DIF VII" fondunun dünyanın aparıcı mərkəzləşdirilmiş soyutma şirkətlərindən biri olan"PAL Cooling Holding" ("PAL") şirkətində 50 faizlik pay əldə etməsi məqsədilə yaradılmış müştərək investisiya strukturuna sərmayə yatırması daha bir regionda fəaliyyətin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
"PAL Cooling Holding" Birləşmiş Ərəb Əmirliklərində mərkəzləşdirilmiş soyutma xidmətləri üzrə ikinci ən böyük operatordur. "PAL" ölkənin əsas inkişaf zonalarında etibarlı, səmərəli və dayanıqlı soyutma infrastrukturunun qurulmasında mühüm rol oynayır.

Ərəb Enerji Fondu ("TAEF") Yaxın Şərq və Şimali Afrika regionunda enerji və kommunal xidmətlər sahəsində fəaliyyət göstərən çoxtərəfli maliyyə institutudur. Fondun fəaliyyəti enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, dayanıqlı enerji həllərinin təşviqinə, eləcə də "MENA" regionunda yerli dəyər zəncirlərinin və xidmətlərin genişləndirilməsinə yönəlib. Fond 35-dən artıq bazarda dövlət və özəl sektorun aparıcı tərəfdaşları ilə əməkdaşlıq edir və enerji dəyər zəncirinin bütün mərhələlərini əhatə edən kompleks maliyyə həlləri təqdim edir.
2005-ci ildə təsis olunan və baş ofisi Niderlandın Amsterdam şəhərində yerləşən "CVC DIF" hazırda enerji keçidi, nəqliyyat, kommunal xidmətlər və rəqəmsallaşma sahələrində təxminən 19 milyard avro həcmində infrastruktur aktivlərini idarə edir.
2025-ci ilin oktyabrında Fond aktivlərin idarə edilməsi üzrə dünya liderlərindən biri, hazırda idarəçiliyində 12,5 trilyon dollarlıq aktivlər olan ABŞ-nin “BlackRock” investisiya şirkətinin tərkibinə daxil olan “Global Infrastructure Partners” investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində Londonun Qatvik hava limanına 50 milyon funt sterlinq məbləğində investisiya yatırdığını açıqlayıb. ARDNF üçün bu layihə maliyyə gəlirliliyi ilə yanaşı, strateji investisiyaların gücləndirilməsi, həmçinin fondun uzunmüddətli, sabit gəlir gətirən infrastruktur aktivlərinə yönəlmə siyasətinin uğurlu nümunəsidir. Bu sərmayə ilə ARDNF Avropa bazarında dayanıqlı aktivlər portfelini genişləndirərək risklərin şaxələndirilməsi və gəlirlərin sabitləşdirilməsi istiqamətində strateji addım atıb.

Nəqliyyat, infrastruktur, enerji, logistika sahələri ilə yanaşı ARDNF sabit gəlir gətirən sosial layihələrə də yatırım edir. Bu baxımdan, 2024-cü ildə Dubayda dünyanın ən böyük özəl təhsil təminatçılarından biri olan “GEMS Education”a 100 milyon ABŞ dolları məbləğində sərmayə qoyulması qərarı diqqətəlayiqdir. Bu, Fondun sabit və davamlı gəlir gətirən yatırımlarından biri olmaqla yanaşı, Yaxın Şərq regionunda investisiyaların enerji sektorundan kənarda daha geniş sahələri əhatə etməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ