Onlayn ictimai-siyasi qəzet
Dünyada enerji bazarında qeyri-müəyyənlik davam edir. Yaxın Şərqdə İran-ABŞ qarşıdurması və Rusiya-Ukrayna müharibəsinin davam etməsi enerji təchizatına və neft bazarına təsir göstərən əsas amillər sırasında qalır.
Mövcud geosiyasi mənzərə fonunda Avropanın enerji mənbələrini diversifikasiya etmək cəhdləri də bir sıra suallar doğurur: bazara qısa müddətdə əlavə neft haradan daxil ola bilər və neft qiymətlərinin aşağı düşməsi nə dərəcədə realdır?

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a danışıb.
İqtisadçı hesab edir ki, mövcud şərtlər dəyişməzsə, qarşıdakı dövrdə neft qiymətlərinin 60-65 dollaradək enməsi çətin görünür: “Hazırda neft ehtiyatları və hasilat imkanları yüksək olduğu halda bazara nisbətən az neft çıxaran əsas üç ölkə var: İran, Venesuela və Rusiya. Bu ölkələri istisna etsək, dünyanın digər əsas neft istehsalçılarının qısa müddətdə bazara böyük həcmdə əlavə neft çıxarmaq imkanları məhduddur. Rusiya və İrana qarşı tətbiq olunan sanksiyalar da məlumdur.
Venesuelanın nəhəng neft ehtiyatları var. Lakin böyük ehtiyatların mövcudluğu avtomatik olaraq böyük hasilat demək deyil. Mövcud infrastruktur və texnoloji imkanlar hesabına hasilatı qısa müddətdə bir neçə dəfə artırmaq mümkün deyil. Bunun üçün milyardlarla dollar investisiya və illər tələb olunur. Alternativ enerji mənbələri də qısa müddətdə neft və qazı tam əvəz edə bilmir. Avropa onilliklərdir bu istiqamətə böyük vəsait yatırır. Buna baxmayaraq, neft və qazdan asılılıq hələ də yüksək olaraq qalır.
Başqa sözlə, həm bazara əlavə neft təklifi məhduddur, həm əsas nəqliyyat marşrutları risk altındadır, həm də alternativ enerji tələb olunan həcmi qısa müddətdə əvəz edə bilmir. Bu səbəbdən növbəti il neftin qiymətinin 60-65 dollara düşməsi indiki şəraitdə çətin görünür. Buna görə də 2027-ci ilin dövlət büdcəsində neftin baza qiymətinin 65 dollardan 70 dollara qaldırılması məsələsinə də baxıla bilər. Mövcud geosiyasi vəziyyətdə 70 dollarlıq qiymət büdcə üçün ciddi əlavə risk yaratmadan gəlir imkanlarını genişləndirə və iqtisadi aktivliyin dəstəklənməsi üçün əlavə maliyyə imkanları yarada bilər.
ABŞ Enerji İnformasiya Administrasiyası (EİA) 2026-cı ilin fevralında 2027-ci il üçün Brent markalı neftin orta qiymətini 53 dollar proqnozlaşdırırdısa, sentyabr ayında bu rəqəmi 74 dollara yüksəldib. UBS-in hazırkı proqnozu da 75 dollardır".
İqtisadçı faktiki qiymətin daha yüksək ola biləcəyini düşündüyünü deyib: "EİA və UBS-in indidən daha yüksək rəqəm proqnozlaşdırmamasının səbəblərindən biri belə proqnozların bazarda əlavə təzyiq yaradaraq neftin qiymətini daha da yüksəldə bilməsi ola bilər. Bu isə ABŞ-ın maraqlarına uyğun olmaya bilər".
Eldəniz Əmirovun sözlərinə görə, bu amilin Azərbaycanın 2027-ci il dövlət büdcəsində neftin baza qiymətinə yenidən baxılması və valyuta ehtiyatlarının artırılması baxımından əlavə imkanlar yaratması mümkündür: "Mövcud mənzərə dəyişməzsə, Azərbaycan gələn il də yüksək neft qiymətlərindən faydalanaraq, valyuta ehtiyatlarını artırmaq üçün əlverişli imkan əldə edə bilər".
Xalidə Gəray,
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ