Onlayn ictimai-siyasi qəzet
Bakıda “İdrak” liseyində şagirdin müəllimə ov tüfəngi ilə atəş açması hadisəsi cəmiyyətdə haqlı olaraq şok və dərin sarsıntı yaradıb. Bu cür kriminal hadisələri indiyədək daha çox xarici ölkələrdə eşidir, filmlərdə görür, bizdən uzaq reallıq kimi qəbul edirdik. Amma bu gün bu hadisə artıq Azərbaycan məktəbində baş verir. Və bu fakt özü çox böyük suallar doğurur.
Müəllimə qarşı niyə bu cür aqressiya yaranıb?
Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb. Mütəxəssis qeyd edib ki, bu aqressiya birdən-birə yaranmayıb - illərlə yığılan, formalaşan, gözardı edilən problemlərin nəticəsidir. Onun sözlərinə görə ilk növbədə burada müəllim nüfuzunun illərdir sistemli şəkildə zəifləməsi məsələsi dayanır:
“Təəssüf ki, belə bir hadisə yaşandı və bu, artıq müəllimin öz şagirdi tərəfindən güllələnməsi kimi ağlasığmaz, izahı çətin bir vəziyyətdir. Bu cür insidentləri indiyədək daha çox hansısa xarici ölkələrdə eşidir, yaxud filmlərdə görürdük. Amma indi real həyatda, öz ölkəmizdə belə bir situasiya ilə qarşılaşırıq. Bu isə onu deməyə əsas verir ki, təhsil prosesində, təhsil mühitində müəyyən çatışmazlıqlar var, eyni zamanda valideyn nəzarətində də ciddi boşluqlar mövcuddur.
Biz illərdir müəllimi təzyiq altında saxladıq. Vaxtilə müəllim şagirdə söz də deyirdi, danlayırdı da. Tədricən valideynlərin müəllimlərin üzərinə getməsi nəticəsində müəllim artıq şagirdə söz deyə bilmir”.
Mütəxəssis qeyd edib ki, bu hadisədən sonra isə müəllimlər davranışlarına daha çox diqqət edəcək:
“Müəllimlər çəkinəcəklər ki, şagirdlərə nəsə deməsinlər, ehtiyatla davransınlar. Biri güllələndi, digəri sabah cibindən bıçaq çıxarıb müəllimə xəsarət yetirə bilər, şagird küçədə müəllimi döyə bilər. Yəni müəllimlər bundan sonra daha ehtiyatlı davranacaqlar. Bu cür xoşagəlməz hadisələrin artması ehtimalı da istisna deyil. Ona görə də çalışmalıyıq ki, ilk növbədə müəllimin avtoritetini, nüfuzunu bərpa edək.
İkincisi, bu situasiyada daha çox valideyn məsuliyyətsizliyi görünür. Valideyn övladını təhsil müəssisəsinə yola salarkən onun çantasını yoxlamalıdır bilməlidir ki, şagird məktəbə nə aparır və ya məktəbdən nə gətirir. İbtidai təhsil pilləsində nəzarət daha yaxşı olur, lakin yuxarı təhsil pilləsinə keçdikdən sonra valideynlər övladlarının təhsili ilə çox az maraqlanırlar, maraqlansalar belə, dərindən maraqlanmırlar.
Məlum olduğu kimi, hadisə özəl təhsil müəssisəsində baş verib. Bu isə onu deməyə əsas verir ki, özəl lisey və məktəblərdə tətbiq edilən marketinq siyasəti, servis xidməti, təhlükəsizlik, sağlam qida və digər məsələlər fonunda belə bir hadisənin yaşanması valideynlərin daha diqqətli olmasını zəruri edir. Özəl təhsil müəssisələri də belə hallardan sığortalanmayıb. Əgər valideyn illərlə yüksək təhsil haqqı ödəyirsə, təbii ki, hər bir məsələ qanun qaydasında olmalıdır”.
Elçin Əfəndi həmçinin vurğulayıb ki, müasir informasiya texnologiyalarının inkişafı hər gün yeni tətbiqlərin, oyunların yaranması və şagirdlərin həmin oyunlara aludə olması da ciddi təsir göstərir:
“Həmin oyunlarda şagirdlərə müxtəlif missiyalar, tapşırıqlar verilir və onlar bunları icra edirlər. Valideyn bütün bunlara diqqət etməlidir. Lakin valideyn övladına bahalı telefon alıb verir, uşaq isə həmin telefona aludə olur, müxtəlif platformalardan istifadə edir, təhsildən yayınır. Sonra isə valideyn müəllimdən nəticə tələb edir. Halbuki, burada məsuliyyət ilk növbədə valideynin öz üzərindədir. Niyə övladına bahalı telefon alıb onu təhsildən yayındırırsan? Niyə onun fərqli istiqamətdə inkişafına təkan verirsən? Bu məsələlərə ciddi diqqət yetirməliyik.
Təhsil müəssisələri şagirdlərdə hər hansı kənara çıxma müşahidə etdikdə valideynə dərhal məlumat verməlidir, valideynlə mütləq söhbət aparılmalıdır”.
Xalidə Gəray
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ