İnsanlara hürriyət, millətlərə istiqlal!

“Moskvaya yaxın paytaxt” - Abadlığı astanasından bəlli şəhərin statusunun 25 ili

Bir neçə gün öncə qazaxıstanlılar Astana şəhərində dövlət bayramını - Paytaxt Gününü qeyd etdilər. Gələn xəbərlərdən aydın olur ki, paytaxtın 25 illiyinə həsr olunmuş təntənələr davam edir. Bayram şənliklərində bir çox ölkələrdən – Türkiyə, Hindistan, Çin, Yaponiya, Özbəkisyan və Azərbaycandan hərbi orkestrlər, musiqi kollektivləri çıxışlar ediblər.

253576545645.jpg (83 KB)

Bəs niyə paytaxt günü iyulun 6-da keçirilir?

Bu, ona görə belədir ki, ölkə paytaxtının Almatıdan Astana keçirilməsi haqqında ilk qanunvericilik sənədi məhz 1994-cü il iyulun 6-da Qazaxıstan Respublikasının Ali Sovetində qəbul edilib. Həmin sənəd “Paytaxtın Akmola şəhərinə köçürülməsi haqqında” adlanıb.

Paytaxtın Almatıdan Akmolaya köçürülməsi ilə bağlı yekun qərarı Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev 25 il öncə, 1997-ci ildə verib. Həmin il dekabrın 10-dan etibarən Akmola şəhəri Qazaxıstan Respublikasının paytaxtı elan edilib.

64a90761ec675284426703.jpg (61 KB)

Fikir verin, Qazaxıstan dövlət müstəqilliyi qazanan kimi Nursultan Nazarbayev paytaxtı ölkənin cənub-şərqindən dünyanın ərazisinə görə 9-cu böyük ölkəsi olan Qazaxıstanın mərkəzinə köçürüb. Bu, tarixi və strateji baxımdan o qədər mühüm qərardır ki, bu gün Nazarbayevlər klanının adının daha çox mənfi planda hallandığı bir dövrdə də hər kəs bunu təqdir edir. O gün Paytaxt Gününə həsr olunmuş tədbirdə hazırkı prezident Kasım-Jomart Tokayev bu addımına görə Nursultan Nazarbayevin ünvanına tərifli sözlər dilə gətirdi.

Bu, ona görə vacib olub ki, həm Aladağın (Alatau) ətəyində yerləşən Almatı həddindən ziyadə şişməkdə idi və bu gedişlə Kəlküttə kimi basırıq şəhərə dönəcəkdi, həm də ölkənin şimalında etnik qazaxlar azlıqdaydı, onların orada da təmərküzləşməsi vacib idi. Uzağı görən, itizəkalı Nazarbayev məhz 20-30 il sonranın hadisələrini, xüsusilədə ayrıca götürülmüş bölgədə ola biləsi separatizm təhlükəsini önləmək üçün ölkənin şimal hissələrində yeni bir qazax bastionu tikməyə qərar verdi. Bu işə milyardlar sərf olundu, amma o, istədiyini başa gətirdi.

bor-naz.jpg (120 KB)

Maraqlıdır ki, o vaxt paytaxt Almatıdan Akmolaya (sonradan Astana) köçürüləndə Rusiya prezidenti Boris Yeltsin nəyə görəsə bundan narahat olub. Güman ki, Kremlin “qırğıları” onun qulağına nəsə pıçıldayıblar və o, bu barədə Nazarbayevdən soruşub, deyib, paytaxtı köçürməyə nə ehtiyac vardı. N.Nazarbayev Yeltsinin sualına zarafatyana cavab verərək, deyib ki, Almatıdan Moskvaya təyyarə ilə uzaq yoldur, gec çatırdım, indi iki saat tez gələcəyəm.

Bununla da o, Moskvaya loyallığını ifadə edib və Yeltsini, necə deyərlər, yola verib.

Astana adlanana qədər bu şəhərin 3, daha sonra isə 1 adı olub:
1961-ci ilə qədər – Akmolinsk;
1992-ci ilə qədər – Selinoqrad;
1998-ci ilə qədər – Akmola;
2019-cu ilə qədər — Astana;
2022-ci ilə qədər — Nur-Sultan;
2022-dən sonra yenidən Astana.

asta-3.jpg (78 KB)

1961-ci ildə şəhər ona görə Selinoqrad adlanıb ki, artıq onun ətrafındakı “xam torpaq”lar (selina) əkilib-becərilməyə başlanmışdı və burada yetişdirilən taxıl SSRİ əhalisinin çörək ehtiyacının böyüh hissəsini ödəyir, xaricə satışından ölkəyə valyuta gəlirdi. Qazaxıstan Ukrayna ilə birlikdə ittifaqın taxıl anbarına dönmüşdü.

2019-cu ildə şəhərin adının Nur-Sultana çevrilməsi isə bu şəhəri ölkə paytaxtı edən, böyüdən, onu əyalət mərkəzindən 1 milyon 300 min nəfər əhalisi olan şəhərə çevirən birinci prezident Nursultan Nazarbayevin xatirəsini elə sağlığındaca əbədiləşdirmək cəhdiydi. Bu, onun yaxın ətrafının təşəbbüsü olmuşdu, amma Nursultan Abışoğlu (Abışulı) özü də etiraz etməmişdi, düşünmüşdü ki, o, bunu haqq edir. Əslində də eləydi, sadəcə, bunu sağlığında özü etməsə, özündən sonra gələnlər, bəlkə də 3-5 ildən sonra edəcəkdilər.

Ondan yararlanan yaxınlarının və hər fürsətdə yaltaqlanmağa çalışan komanda üzvlərinin canfəşanlığına görə ölkəsinin tarixində çox böyük rol oynamış siyasi xadimin həyatının və karyerasının bu vədələri urvatsız oldu.

asta-1.jpg (121 KB)

Ancaq bunlar unudulub gedəsi, öz yoluna düşəsi şeylərdir, əsas odur ki, keçmişdə bizim Yevlax rayonu kimi bir yer olan Akmolinsk indi Sinqapur kimi şəhər olub. Düzdür, şəhər əsasən şüşə-beton konstruksiyalı tikililərdən ibarətdir, amma səliqə-sahmanı, avanqard stili, gözəlliyi göz oxşayır. Həm də şəhər yerində saymır, günbəgün böyüyür – planlı şəkildə, bütün infrastrukturu ilə birlikdə.

Astananın paytaxt edildiyi vaxtda bizim ölkəmizdə də paytaxtın Bakıdan köçürülməsi barədə polemika başlanmışdı. Ancaq bu barədə söhbətləri ciddiyə alan olmadığı üçün polemika çox da böyümədi. Bu, o zamanlar idi ki, ölkəmiz müharibədən yeni çıxmışdı, həm də müvəqqəti olaraq məğlub durumda idi, ordunun modernləşdirilməsinə, hiperinflyasiyanın cilovlanmasına, iqtisadiyyatın sağlam relslər üzərinə oturdulmasına milyardlar lazım idi və büdcədə bu qədər pul yox idi. Fəqət 2000-ci illərin başlanğıcında neft milyardları ölkəyə axanda bu layihə üzərində işləmək olardı, amma yenə də nələrsə ortaya girdi, paytaxt qaldığı yerdə qaldı və indiki halına çatdı.

asta-2.jpg (81 KB)

Qazaxıstanda isə təkcə Astananı böyütməyə çalışmırlar, bir neçə ilə ölkənin mədəniyyət paytxatı hesab olunan Türküstan şəhəri də Orta Asiyanın barmaqla göstərilən şəhərlərindən biri olacaq. Bu şəhər öz tarixi qədimiliyi ilə modern yaşayış komplekslərinin sintezindən ibarət turistik məkana çevriləcək.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR