İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Ermənistanı "bağlı qapılar arxasında" XƏBƏRDAR ETDİ

Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Moskva uzun illərdir İrəvana Avropa İttifaqının iqtisadi birlikdən hərbi-siyasi ittifaqa çevrildiyini çatdırır.

Musavat.com xəbər verir ki, o, bu barədə Rusiyanın “Vesti” telekanalına müsahibəsində danışıb.

Overçukun sözlərinə görə, Rusiya bu mövqeyi Ermənistan rəhbərliyinə davamlı şəkildə və uzun illər ərzində çatdırıb:

“Əlbəttə ki, bütün bunlar qapalı formatda həyata keçirilirdi, biz bunu ictimaiyyətə çıxarmaq istəmirdik. Deyirdik ki, Avropa İttifaqı artıq əvvəlki iqtisadi inteqrasiya birliyi deyil. Bu gün o, faktiki olaraq hərbi-siyasi ittifaqa çevrilib və ölkəmizə qarşı düşmən münasibətini açıq şəkildə nümayiş etdirir”.

Rusiyalı rəsmi əlavə edib ki, Moskva bu məsələyə ermənistanlı həmkarlarının, dostlarının və müttəfiqlərinin diqqətini əvvəllər də çəkib və indi də çəkməkdə davam edir ki, onlar atdıqları addımlar barədə ciddi düşünə bilsinlər.

Xatırladaq ki, bundan əvvəl Moskva İrəvanı Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməyə çağırıb, qaz və neft məhsullarının tədarükü sahəsində mövcud razılaşmalara yenidən baxıla biləcəyi barədə xəbərdarlıq edib.

Ermənistan hakimiyyəti isə öz növbəsində bəyan edib ki, ölkənin Aİİ-dən çıxması məsələsi gündəmdə deyil və İrəvan Moskva ilə münasibətlərin qorunub saxlanılmasında maraqlıdır.

Bu gün, iyunun 7-də parlament seçkiləri zamanı Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan-Rusiya münasibətləri qarşılıqlı hörmətə əsaslanır və institusional xarakter daşıyır. O həmçinin qeyd edib ki, hazırkı mərhələdə İrəvan Avropa İttifaqına üzv olmağa hazır deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR