İnsanlara hürriyət, millətlərə istiqlal!

Məkkə sazişinin Bakıda əks-sədası - Hərbi Doktrinamız dəyişməlidir

Dünyada hərbi ittifaqların genişləndiyi vaxtda Azərbaycanın müdafiə siyasətində köklü yeniliklər zərurəti yaranır - mümkün risklərə qarşı hazırlıq çağırışı

Azərbaycanın milli təhlükəsizlik siyasətini müəyyən edən əsas strateji sənədin - Hərbi Doktrinanın hazırkı dünyanın gərgin mühitində reallığı tam əks etdirmədiyi artıq bəlli həqiqətdir. Son onillikdə həm regionda, həm də dünyada təhlükəsizlik mühiti köklü şəkildə dəyişib. Ölkənin Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinası yenilənməlidir. Bu, sadəcə kağız üzərində bir dəyişiklik deyil, çoxdan atılmalı olan bir addımdır. Çünki hazırkı sənədlər 2007 və 2010-cu illərə aiddir. Həmin vaxt əsas hədəfimiz torpaqları işğaldan azad etmək idi. Bu strateji hədəfə artıq nail olunub. Bu gün isə reallıq tamamilə başqadır. Azərbaycan torpaqlarını geri alıb, suverenliyini bərpa edib və regionda mühüm geosiyasi aktora çevrilib.

Son onillikdə həm regionda, həm də dünyada təhlükəsizlik mühiti köklü şəkildə dəyişib. Yeni müharibə texnologiyaları, pilotsuz uçuş aparatları, kiberhücumlar, hibrid təhdidlər və geosiyasi rəqabətin dərinləşməsi hərbi təhlükəsizlik anlayışını da əhəmiyyətli dərəcədə dəyişdirib. Bununla yanaşı, dünyada hərbi-siyasi ittifaqların və təhlükəsizlik formatlarının genişlənməsi də yeni reallıq yaradır. Müxtəlif ölkələr arasında müdafiə və hərbi əməkdaşlıq mexanizmləri güclənir, yeni strateji tərəfdaşlıqlar və regional təhlükəsizlik platformaları formalaşır. Azərbaycanın da qoşulduğu Məkkə sazişi kimi yeni əməkdaşlıq formatları bu baxımdan diqqət çəkir. Bütün bunlar göstərir ki, müasir dövrdə dövlətlərin təhlükəsizliyi yalnız milli ordu və sərhədlərin qorunması ilə məhdudlaşmır, eyni zamanda hərbi-siyasi tərəfdaşlıqlar, kollektiv təhlükəsizlik və regional əməkdaşlıq imkanları ilə sıx bağlıdır.

Azərbaycanın yerləşdiyi regionda baş verən proseslər də yeni çağırışlar yaradır. Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşması, böyük güclər arasında rəqabətin artması və regiona müxtəlif hərbi-siyasi aktorların marağının güclənməsi ölkənin müdafiə strategiyasına yeni yanaşmanı zəruri edir. Bu baxımdan Hərbi Doktrinanın müasir təhlükələrə uyğunlaşdırılması, ordunun qarşısında duran yeni vəzifələrin, mümkün risklərin və strateji tərəfdaşlıqların sənəddə daha dəqiq əks etdirilməsi məsələsi aktuallaşır.

Zahid Oruc: “Elektron idarəçilik gerçək hökuməti əvəz edə bilməz”

Zahid Oruc

Yeri gəlmişkən, ötən ay çıxışı zamanı deputat Zahid Oruc bildirib ki, ölkənin Milli Təhlükəsizlik Konsepsiyası 2007-ci ildə, Hərbi Doktrinası isə 2010-cu ildə qəbul olunub və həmin sənədlər hazırkı geosiyasi və təhlükəsizlik mühitini tam əks etdirmir.

Hərbi ekspertlərin sözlərinə görə, yenilənəcək sənədlərdən “münaqişə” və “işğal faktı” kimi köhnə ifadələr tamamilə təmizlənməlidir. İndi yeni fəlsəfə qazanılmış qələbəni qorumaq və suverenliyi əbədi etmək prinsipləri üzərində qurulur. Hərbi sahədə iki böyük yeniliyin rəsmi status alması gözlənilir. Bunlardan birincisi, Azərbaycan Ordusunun Vətən müharibəsindən sonra keçdiyi Türkiyə modelinə uyğun çevik və mobil komando strukturunun qanuniləşməsidir. İkincisi isə Şuşa Bəyannaməsinin sənədin mərkəzinə qoyulmasıdır. Yəni Türkiyə ilə hərbi müttəfiqliyimiz ölkənin rəsmi təhlükəsizlik qarantı kimi təsbit ediləcək.

Ancaq bu dəyişikliyin əleyhinə olanlar da var. Təhlilçilərin fikrincə, hələlik hərbi doktrinada dəyişiklik edilməsinə ehtiyac yoxdur. Çünki regiondakı hərbi siyasi vəziyyət Azərbaycanın  xeyrinə dəyişsə də, Ermənistan təhdid kimi qalmaqdadır və yekun sülh müqaviləsi yoxdur.

Ümumiyyətlə, Hərbi Doktrina dövlətin vacib atributlarından biri sayılır. Bəzən onu ikinci və ya hərbi konstitusiya da adlandırırlar. Azərbaycan müstəqillik qazandıqdan sonra Hərbi Doktrinanın hazırlanması və qəbulu daim gündəlikdə olan bir məsələ idi. Qeyd edək ki, Hərbi Doktrina Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin təsdiqinə verilib və parlament 8 iyun 2010-cu il tarixli qərarı ilə sənədi təsdiq edib. Ümumilikdə, 8 bölmə və 75 bənddən ibarətdir.

Bəs Azərbaycanın Hərbi Doktrinasının yenilənməsi hansı zərurətdən doğur və yeni sənəddə hansı təhlükələr əsas götürülməlidir? Dünyada hərbi ittifaqların genişləndiyi, yeni təhlükəsizlik bloklarının formalaşdığı bir vaxtda Azərbaycanın müdafiə siyasətində hansı dəyişikliklərə ehtiyac var?

Hərbi ekspert Ramil Məmmədli deyir ki, Hərbi Doktrinaya dəyişiklik təşəbbüsü Ali Baş Komandandan gələ bilər. Bununla yanaşı, cəmiyyətdə belə müzakirələri təbii hesab edən hərbi təhlilçinin fikrincə, dəyişiklik sülh sazişindən sonra mümkündür. Onun sözlərinə görə, sülh sazişinə qədər Hərbi Doktrinaya dəyişiklik ediləcəyini gözləmir: “Sözsüz ki, dünyada yeni ittifaqlar, bloklar yaranır, təhlükəsizliklə bağlı tərəfdaşlığın coğrafiyası genişləndirilir. Məkkə anlaşması da üç böyük dövlətin tarixi addımıdır. Nəzərə alaq ki, onlardan ikisi bizə dost-müttəfiq ölkələrdir. Azərbaycan da müttəfiqlərinin sayını artırmağa çalışır. Son olaraq Qırğızıstanla bu səviyyədə bir sənəd imzalandı. Amma Hərbi Doktrinaya dəyişiklik üçün sülh sazişinin imzalanması gözlənilir. Bu sənəd milli təhlükəsizliyimizlə bağlı olduğu üçün burada tələskənlik lazım deyil. Əgər sənədə dəyişiklik zərurəti meydana çıxarsa, ictimai müzakirəyə təqdim edilməsi də istisna deyil. Hazırda isə Ermənistanla atəşkəs və kövrək sülh dövründəyik. Yəni müqavilə imzalanmayıb ki, Azərbaycan da bu yöndə dəyişikliklərə imza atsın”.

Ramil Məmmədli: Ermənistan davamlı şəkildə Azərbaycana qarşı terror,  diversiya aksiyaları həyata keçirir - AZƏRTAC

Ramil Məmmədli

Ramil Məmmədli Hərbi Doktrinaya dəyişikliyi zəruri sayır, sadəcə, bölgədə həllini gözləyən məsələlərin reallaşması üçün hələlik tələsməməyin tərəfdarıdır: “Əvvəla, bu gün artıq yeni reallıqlar şəraitində yaşayırıq. Azərbaycan Respublikasının təhlükəsizlik mühiti əhəmiyyətli dərəcədə dəyişib. Çünki Azərbaycan öz torpaqlarını işğaldan azad edərək, regionda yeni geosiyasi reallıqlar və təhlükəsizlik mühiti formalaşdırıb. Müvafiq olaraq, Azərbaycan Respublikasının Hərbi Doktrinasında da dəyişikliklər etmək lazımdır. Bundan başqa, Azərbaycan həm də Cənubi Qafqaz regionunda təhlükəsizlik sisteminin yaradılması missiyasını da öz üzərinə götürüb. Hərbi Doktrinada bu məqamın da ifadə olunması yaxşı olardı. Azərbaycan Respublikasının təhlükəsizliyinə olan təhdidlərin də xarakteri dəyişib. Üstəlik, Ermənistanın hazırkı hərbi doktrinasında Azərbaycan və Türkiyə düşmən dövlət kimi göstərilir. Ona görə Ermənistanın Hərbi Doktrinası da dəyişməlidir”.

Hərbi ekspert hesab edir ki, yeni doktrinada hərbi xidmət yaşı, müddəti və digər məsələlərlə bağlı təkliflərə baxıla bilər: “Eyni zamanda bəzi ekspertlərə görə, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin də Hərbi Doktrinada əks olunmasının zamanı çatıb. Hərbi Doktrinaya əsasən, Azərbaycanın qoşulduğu beynəlxalq sazişlərdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ölkəmizin ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol verilmir. Razıyam ki, dünya dəyişir, qanunlar zamana görədir. Hərbi doktrinaya bəzi əlavələrin edilməsi təbiidir. Lakin bütün bu məsələlər dərindən təhlil edilməlidir”.    

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR