İnsanlara hürriyət, millətlərə istiqlal!

Marşalların aşırılması - imperiyalara aid bütün bütlər əvvəl-axır demontaj olunur

Bu günlərdə Rusiya və Qazaxıstanın media qurumlarında belə bir xəbər vardı: Asiya ölkəsinin keçmiş paytaxtı Almatıda rus knyazı Aleksandr Nevskinin abidəsinin açılış mərasimi keçirilib və RF prezidenti Putin tədbir iştirakçılarına məktub göndərib, bu hadisədən məmnun qaldığını bildirib.

İlk baxışdan burada qəribə olan əsas məqam budur: knyaz Nevski ilə Qazaxıstanı nə bağlayır ki, ona Almatıda o möhtəşəmlikdə abidə qoyurlar.

Aleksandr Yaroslaviç Nevski 1220 -1263-cü illər arasında yaşayıb, əvvəlcə Novqorod knyazı, sonra Kiyev və Vladimir knyazlıqlarının böyük knyazı olub. Nevski əsasən almanlara, litvalılara qarşı vuruşub. Onu Asiyaya bağlayan məqam odur ki, Nevski asiyalı hökmdarlarla müttəfiq olub.

cd2292641a90c9c390395b354fddd1e5.jpg (89 KB)

Söz yox, knyaz rus dövlətçiliyi üçün önəmli şəxsdir, amma onun abidəsinin 21-ci əsrin 23-cü ilində Asiya şəhərində qoyulması sırf müasir rus dövlətçiliyinin təbliğatı baxımından önəmlidir və Kreml rəhbərliyinin izzət-nəfsini oxşamaq məqsədi daşıyır.

Rusiya prezidenti belə şeylərə böyük önəm verir və bunu mərasim iştirakçılarına göndərdiyi məktubda bu cür ifadə edib: “Ümumi tarixi irsimizi diqqətlə qoruyan və hörmət edən bütün qayğıkeş insanlara səmimi ehtiramla təşəkkür edirəm”.

Budur, SSRİ-nin dağılmasından, keçmiş müttəfiq respublikaların “xalqlar həbsxanası” Rusiyanın boyunduruğundan xilas olmasından 32 il keçir, amma hələ də Moskva bu gənc dövlətlərə rahatlıq vermir, onlarla öz ətrafındakı süni peyklər kimi davranır.

01.jpg (94 KB)

Bu ilin aprel ayında Rusiya səfirinin iştirakı ilə Ermənistanın Aştarak rayonundakı Oşakan kəndində 1827-ci il avqustun 17-də Rusiya-Persiya müharibəsi çərçivəsində olan döyüş zamanı həlak olan rus əsgərlərin xatirəsinə qoyulmuş abidəyə aparan yolu göstərən lövhənin açılışı olub. Adi yol nişanının açılışı demək olan bu olaya həm Rusiyada, həm də Ermənistanda böyük önəm verilib, Oşakan döyüşü “ümumi tarixi qələbə” adlandırılıb.

Ötən ay Qırğızıstanın paytaxtında Puşkin günlərinin açılış mərasimi olub,

mərasimdə Rusiyanın Qırğızıstandakı səfiri Nikolay Udoviçenko iştirak edib və o, çıxışı zamanı tanınmış qırğız yazıçısı Çingiz Aytmatovun sözlərindən sitat gətirərək, deyib ki, Puşkini sevənlər rus dilini sevməyə bilməzlər.

Ümumiyyətlə, rusiyalılar öz mşhur adamlarının heykəllərinin başqa ölkələrdə qoyulmasıyla yanaşı, rus dilinin də bacardıqca başqa xalqların arasında yayılmasında, bu dildə məktəblər açılmasında, rus dilinin xüsusi status almasında çox maraqlıdırlar.

016dd8ca589511359cca8fbe2ff9a442.jpg (59 KB)

Elə həmin günlərdə Kişinyovda rus dili günü və Puşkinin anadan olmasının 224-cü ildönümünə dair təntənəli mərasim keçirilib. Şairin büstünün ətrafında keçirilən mərasimdə parlamentin deputatları, siyasətçilər, Moldovadakı bir sıra diplomatik nümayəndəliklərin, o cümlədən Rusiya səfirliyinin nümayəndələri iştirak ediblər.

Bir neçə il öncə dekabrın 2-də Tacikistanın müstəqillik illərində ilk dəfə olaraq Düşənbədə Puşkinin abidəsi açılıb. Klassik şairin büstü Rusiya-Tacikistan Universitetinin əsas binasında qoyulub. Ucaldılan abidənin yaxınlığında şairin adını daşıyan küçə də var.

Açılış mərasimində çıxış edən Rusiya səfiri deyib ki, bir çox Tacikistan vətəndaşları üçün rus dili doğmadır: “Tacik dostlarla sıx əməkdaşlıq edərək, rus dilinin təbliği sahəsində mümkün olan hər şeyi edirik, çünki məhz rus dili Tacikistanı Rusiya ilə vahid çoxölçülü məkanda saxlamağa imkan verir”.

puskun.jpg (417 KB)

Ötən il isə Seulda Puşkinin və Çexovun abidələrinin açılışı olub. Həmin mərasimdə qeyd olunub ki, rusiyalı balerina Aqrippina Vaqanovanın abidəsinin ucaldılması da planlaşdırılır. Beş il əvvəl universitetin ərazisində bəstəkar Pyotr Çaykovskinin abidəsi qoyulub.

Rusiyanın kiçik qardaşı Belarus da heykəlləşdirmə prosesindən kənarda qalmayıb. Ötən il oktyabrın 11-də Brest şəhərində Puşkin adına dövlət universitetində şairin büstünün təntənəli açılış mərasimi olub.

İki il öncə İtaliyanın Florensiya şəhərində rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskinin abidəsinin açılışı olub. Yazıçı bir müddət (8 ay) Florensiyada yaşayıb və “İdiot” romanı üzərində işini o şəhərdə bitirib. Dostoyevskinin abidəsinin müəllifi “rus heykəltəraş” kimi qeyd olunan Aydın Mirpaşa oğlu Zeynalovdur.

Hələ sovet dövründə anti-Rusiya ovqatıyla tanınan, az qala “dissident-ölkə” kimi adlandırıla biləcək Litvanın paytaxtı da “rusifikasiya” siyasətinə məruz qalıb. Vilnüsdə rus şairi Puşkinin və onun ulu babası Abram Hannibalın abidəsi açılıb.

16722976792320816051_1200x630.jpg (257 KB)

 

Bir sözlə, Rusiya dövləti əli çatan hər yerdə öz siyasət, ədəbiyyat, mədəniyyət xadimlərinin, hərbçilərinin abidəsini bərqərar edir. Söz yox ki, rus xadimlərin abidələrinin, eləcə də rusdilli məktəblərin açılmasının bütün məsrəfləri Rusiya Federasiyasının büdcəsindən ödənilir.

Ancaq məsələnin o biri başı da var. Rusiya ilə münasibətləri korlanmış bəzi ölkələrdə hansısa rus xadimin heykəli demontaj ediləndə Rusiyanın kəskin etirazı ilə üzləşir.

konnev.jpg (82 KB)

Məsələn, 3 il öncə Praqada sovet marşalı İvan Konevin abidəsi sökülüb anbara göndəriləndə Rusiya səfirliyi sərt bəyanat vermişdi. Konev çexiyalılar üçün xilaskar marşal kimi qələmə verilsə də, həqiqət budur ki, bir işğalçı (sovet marşalı) gəlib o biri işğalçını (faşist feldmarşalını) ölkədən qovub.

Ötən ilin aprelində isə Xarkovda sovet marşalı Georgi Jukovun abidəsi sökülüb.

jukkkk.jpg (386 KB)

Ümumiyyətlə, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalçılıq hücumundan sonra bu ölkədə tarixi rus xadimlərinə yanaşma da təbii olaraq dəyişib və bu, ilk növbədə onların abidələrinə münasibətdə özünü göstərib.

2022-ci ilin sonlarında Ukraynanın Odessa şəhərində məşhur rus sərkərdəsi Aleksandr Suvorovun və II Yekaterinanın abidəsinin sökülməsi də bu kateqoriyadandır. Noyabrın 30-da Odessa Şəhər Şurasının deputatları iclasda Rusiya imperatriçası II Yekaterina və onun sərkərdəsi Aleksandr Suvorovun abidələrinin sökülərək köçürülməsinə səs veriblər.

İİ Yekaterianın abidəsinin 122 yaşı vardı.

ffxq3wxlptacnhlycc2h2qs33tyu3bse.jpg (227 KB)

 

Odessa sakinləri nə qədər ədəbiyyatsevər olsalar da, müharibə ilə bağlı şiddətlənmiş rusofobiya fonunda böyük ədib Lev Tolstoyun abidəsini istisna etməyib, onu da söküblər. Ukrayna mətbuatı xəbər verib ki, heykəl açıq havada “xüsusi təchiz olunmuş muzey məkanına” köçürüləcək. Abidə 1968-ci ildən yazıçının adını daşıyan meydanda yerləşirdi. Tolstoy meydanının da adı dəyişdirilub.

Həm də tək o yox, 2014-cü ildən, Krımın ilhaqından, Donbasın işğalından sonra Ukraynada sovet-rus xadimlərinin 2 mindən çox abidəsi sökülüb, 900-dən çox yaşayış məntəqəsinin, o cümlədən 50 minə yaxın küçə, meydan və digər obyektlərin adı dəyişdirilib.

İşğalçılıq və müstəmləkəçiliyin fitrətində var: bir gün o sona çatır və daha sonra imperiyanın izlərinin silinməsi prosesi başlayır və uzun müddət davam edir.

Hazırkı Rusiyanın neoimperiya ambisiyalarını yaşatmasının bir əlaməti də məhz izlərinin silinməsinə, abidələrinin demontajına, rus dilinin işləkliyinin azalmasına kəskin reaksiya verməsi, bunları düşmənçilik aktı kimi qəbul etməsidir.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR