Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya iki günlük səfəri rəsmi olaraq Beynəlxalq Kosmik Sammitdə iştirakla bağlıdır. Lakin Paşinyanın səfər zamanı sosial şəbəkələrdə paylaşdığı görüntülər rəsmi gündəmdən daha çox şəxsi nümayiş və populist mesajlarla yadda qalır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Paşinyan Parisə kommersiya reysi ilə uçduğunu xüsusi olaraq nümayiş etdirib. Təyyarədə isə Xəlil Cibranın “Dəli” kitabını oxuduğunu açıqlayıb və kitabı sərnişinlərdən birinə hədiyyə etdiyini bildirib. Ermənistan hökumətinin rəhbərinin bu paylaşımı sosial şəbəkələrdə istehza doğuracaq qədər simvolik görüntü yaradıb: ölkəsinin ciddi geosiyasi və sosial problemləri fonunda baş nazir səfərinin ilk anlarını kitab və “xalqla birlikdə uçuş” görüntüləri ilə təqdim edir. Lakin Paşinyanın Parisdəki paylaşımları bununla bitməyib. Kosmik sammit üçün Fransaya gedən baş nazirin növbəti gündəmi daha “yerüstü” olub – artişok. “Boş vaxt, Paris, artişoklar” başlığı ilə video paylaşan Paşinyan Parisə kommersiya reysi ilə gəlməyin ona əlavə boş vaxt yaratdığını və bundan istifadə edərək artişok dadmağa getdiklərini bildirib. O, hətta artişokun Ermənistanda da yetişdirilməyə başlandığını və bunun Fransaya ixrac potensialının böyük olduğunu deyib.

Beləliklə, Ermənistanın baş nazirinin Paris səfərində kosmik texnologiyalarla yanaşı, artişok da xüsusi yer tutub. Paşinyanın bu yanaşması onun siyasi üslubunun əsas xüsusiyyətlərindən birini – gündəlik məişət və şəxsi görüntülər üzərindən siyasi populizmi – bir daha ortaya qoyur. Əslində isə Paşinyanın iştirak etdiyi tədbirin gündəliyi kifayət qədər ciddi mövzuları əhatə edir. Sentyabrın 9-10-da Parisdə keçirilən Beynəlxalq Kosmik Sammitdə dünya liderləri və yüksək vəzifəli şəxslər kosmik infrastrukturun gələcəyi, texnologiyalar və kosmosun strateji əhəmiyyəti barədə müzakirələr aparırlar. Sammitdə Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Hindistanın baş naziri Narendra Modi və digər yüksək səviyyəli şəxslərin iştirakı nəzərdə tutulub. Paşinyanın isə bu gün-sentyabrın 10-da “Gələcəyin kosmik infrastrukturuna baxış” mövzusunda dəyirmi masada çıxış etməsi planlaşdırılır. Ermənistan hökumətinin başçısı Finlandiya prezidenti Aleksandr Stubb, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, BƏƏ-nin təhsil naziri Əhməd Bəlhül Əl-Falasi və Böyük Britaniyanın biznes və ticarət naziri Conatan Reynolds ilə eyni paneldə yer alacaq.
Yeri gəlmişkən, Fransa prezidenti Emmanuel Makronun kosmik sammitə Cənubi Qafqazdan məhz Azərbaycanı dəvət etməməsi diqqətdən kənarda qala bilməz. Söhbət yalnız kosmik əməkdaşlıqdan getmir. Belə genişmiqyaslı beynəlxalq tədbirdə regionun əsas dövlətlərindən birinin iştirak etməməsi siyasi suallar doğurur. Azərbaycanın kosmik sahədə öz peyk proqramları və infrastrukturu var. Buna görə Bakının sammitdən kənarda qalmasını yalnız texniki və təşkilati səbəblərlə izah etmək inandırıcı görünmür. Xüsusilə də Fransa son illərdə Ermənistanla münasibətlərini sürətlə inkişaf etdirir və Cənubi Qafqazda daha fəal siyasi mövqe tutur. Bu baxımdan Makronun son qərarı Parisin Azərbaycana münasibətində qərəzli yanaşmanın növbəti nümunəsi kimi qiymətləndirilə bilər. Fransa özünü regionda balanslı və ədalətli tərəfdaş kimi təqdim etmək istəyirsə, bu cür addımlar həmin iddianı daha da sual altına salır...
Musavat.com
10 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ