İnsanlara hürriyət, millətlərə istiqlal!

"Lukoil” Bakıdakı “zapravka”larını amerikalılara satıb

"Lukoil” xarici aktivlərini idarə edən “Lukoil International GmbH” şirkətinin 100 faizinin ABŞ-ın investisiya şirkəti Carlyle-a satışı ilə bağlı razılaşma imzalayıb. Musavat.com Rusiya nəşrlərinə istinadən bildiri ki, sövdələşmə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) icazəsindən sonra hüquqi qüvvəyə minəcək.

bakida-lukoila-maskali-hucum-

Yada salaq ki. OFAC dekabr ayında açıqlama yaymışdı ki, satış baş tutsa belə, bütün sanksiyalar aradan qaldırılana qədər “Lukoil” gəlirləri ala bilməyəcək. Açıqlamada deyilirdi ki, OFAC-ın razılığı olmadan Lukoil International GMBH (LIG) şirkətinin hüquqi şəxs və ya aktivi ilə bağlı heç bir əməliyyat bağlana bilməz.

“ABŞ Xəzinədarlığı LIG-nin təklif olunan hər hansı satışını ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasət məqsədlərinə uyğun faktorlar əsasında qiymətləndirəcək. Bunlara əməliyyat nəticəsində satılan aktivlər ilə “Lukoil” arasında əlaqələrin tamamilə kəsilməsi, habelə şirkət sanksiyaları götürənə qədər “Lukoil”a olan borcun dondurulması daxildir, lakin bununla məhdudlaşmır”, - sənəddə deyilirdi. Amma bu açıqlama o vaxt yayılmışdı ki, “Lukoil”in aktivlərini İsveçrə şirkəti "Gunvor Group Ltd"nin alacağı haqda danışılırdı. “Gunvor Group” əsas ticarət ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir, çoxmillətli enerji malları ticarət şirkətidir. Gunvor-un həmçinin Sinqapur, Hyuston, Stamford, London, Kalqari və Dubayda ticarət ofisləri, eləcə də dünya üzrə nümayəndəlik şəbəkəsi var. Şirkət neft və digər enerji məhsullarının ticarəti, daşınması, saxlanması və təchizatının optimallaşdırılması ilə məşğuldur, həmçinin neft terminallarına və liman infrastrukturuna investisiyalar qoyur. Onun fəaliyyətinə xam neft və neft məhsullarının tədarükünün asanlaşdırılması və boru kəmərləri və tankerlər vasitəsilə bazara çatdırılması daxildir.

Picture background

Ekspertlərin fikrincə, “Carlyle”in ABŞ mənşəli olması OFAC-ın sövdələşməni təsdiqləmə ehtimalını artırır. Eyni zamanda, “Carlyle”in aktivlərin son sahibi olmayacağı, onları daha sonra digər investorlar arasında bölüşdürə biləcəyi istisna edilmir. “Carlyle Group” ABŞ-ın və dünyanın ən iri özəl investisiya şirkətlərindən biridir. Şirkət 1987-ci ildə Vaşinqtonda təsis edilib və hazırda qlobal maliyyə bazarlarında mühüm təsir gücünə malik oyunçulardan sayılır. “Carlyle” əsasən özəl kapital (private equity), alternativ investisiyalar, enerji, infrastruktur, sənaye, müdafiə, daşınmaz əmlak və kredit bazarları üzrə fəaliyyət göstərir.
“Lukoil”un maliyyə hesabatına əsasən, 2023-cü ilin sonuna “Lukoil International GmbH”-nin dəyəri 19,14 milyard avro, əsas vəsaitlərinin dəyəri isə 16,33 milyard avro təşkil edib. Şirkətin satışa çıxardığı aktivlər geniş coğrafiyanı əhatə edir və Avropa, Yaxın Şərq, Asiya və Amerikada yerləşən iri sənaye və infrastruktur obyektlərini özündə birləşdirir.

Satış paketinə Bolqarıstan və Rumıniyada yerləşən neftayırma zavodları, Niderlandda Zeeland NQZ-də 45 faizlik pay, eləcə də 20 ölkədə 2,4 minə yaxın avtoyanacaq doldurma məntəqəsi daxildir. Bundan əlavə, yağlayıcı materiallar və texniki mayelər istehsal edən müəssisələr, həmçinin Azərbaycan, Özbəkistan, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Meksika və digər ölkələrdə kəşfiyyat və hasilat layihələri də satış obyektləri sırasındadır.

Şirkətin məlumatına görə, 2024-cü ildə beynəlxalq layihələr üzrə neft hasilatı (İraqdakı “Qərbi Qurna-2” yatağı nəzərə alınmadan) 4,02 milyon ton təşkil edib ki, bu da "Lukoil"un ümumi neft hasilatının 5 faizi deməkdir. Qaz hasilatında isə xarici layihələrin payı daha yüksək olub – 47 faiz və ya 16,12 milyard kubmetr.

“Lukoil”un açıqlamasına görə, Qazaxıstandakı aktivlər satış paketinə daxil edilməyəcək və şikrkətin mülkiyyətində qalacaq. Bu qərar şirkətin əsas ixrac və hasilat marşrutlarının qorunması baxımından strateji əhəmiyyət daşıyır. Qazaxıstanda ölkənin ən iri neft-qaz yatağı olan Tengiz layihəsində, eləcə də Qazaxıstan neftinin əsas ixrac marşrutu hesab edilən Xəzər Boru Kəməri Konsorsiumunda (CPC) iştirak payına malikdir.

Mütəxəssislərin hesablamalarına görə, Qazaxıstan neftinin təxminən 80 faizi məhz CPC vasitəsilə beynəlxalq bazarlara çıxarılır. Bu səbəbdən sözügedən aktivlər həm iqtisadi, həm də geosiyasi baxımdan “Lukiol” üçün kritik əhəmiyyət kəsb edir.

Azərbaycan üzrə aktivlərin taleyi rəsmi şəkildə ayrıca qeyd olunmur. “Lukiol” Azərbaycanda “Azəri–Çıraq–Günəşli” yataqlar blokunda 10% paya, “Şahdəniz” qaz-kondensat yatağında 19,99% paya, həmçinin ölkənin ikinci ən böyük yanacaqdoldurma məntəqələri şəbəkəsinə malikdir. Şirkəıtin Azərbaycan aktivləri barədə açıqlamasının olmaması səbəbindən sərlövhəyə yazı üçün seçdiyimiz başlıq mübahisə doğurmur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR