Onlayn ictimai-siyasi qəzet
Krım müharibəsinin ən ağır və qanlı mərhələlərindən biri olan Sevastopol uğrunda döyüşlərin başlanmasından 172 il ötür.
Musavat.com xəbər verir ki, Rusiya imperiyasının Qara dənizdə əsas hərbi-dəniz bazalarından olan şəhər Britaniya, Fransa və Osmanlı qüvvələrinin uzunmüddətli mühasirəsinə məruz qalıb. Rusiya tarixşünaslığında “Sevastopol müdafiəsi” adlandırılan hadisələr Krım müharibəsinin əsas epizodlarından biri olub. Müttəfiq Britaniya, Fransa və Osmanlı qüvvələri 1854-cü ilin sentyabrında Krıma desant çıxarıb, Alma döyüşündə Rusiya ordusunu məğlub etdikdən sonra Sevastopola doğru irəliləyiblər.
Müharibə 1853-cü ildə Rusiya və Osmanlı imperiyaları arasında başlamışdı. 1854-cü ildə Britaniya və Fransa Osmanlı tərəfdən müharibəyə qoşulub. Daha sonra Sardiniya Krallığı da Rusiya əleyhinə koalisiyaya daxil olub.
Sevastopolun qarnizonu əvvəlcə təxminən 7 min nəfərdən ibarət idi. Lakin Qara dəniz donanmasının dənizçilərinin və əlavə hərbi qüvvələrin şəhərə cəlb olunması ilə burada döyüşən Rusiya qüvvələrinin sayı sürətlə artıb. Müttəfiqlər də Krım kampaniyası boyunca bölgəyə əlavə qoşunlar göndəriblər.
Rusiya komandanlığının ən diqqətçəkən qərarlarından biri Sevastopol körfəzinin girişində öz hərbi gəmilərinin bir hissəsini batırması olub. 1854-cü ilin sentyabrında beş köhnə xətt gəmisi və iki freqat batırılıb. Bununla müttəfiq donanmasının körfəzə daxil olmasının qarşısının alınmasına çalışılıb. Gəmilərin topları sahilə çıxarılaraq istehkamlarda yerləşdirilib, ekipajların bir hissəsi isə qurudakı döyüşlərə göndərilib.
Şəhərin “müdafiəsi”nin təşkilində Vladimir Kornilov, Pavel Naximov və hərbi mühəndis Eduard Totleben mühüm rol oynayıblar. Sevastopolun qurudan müdafiəsi üçün qısa müddətdə bastionlar, səngərlər və yeni artilleriya mövqeləri yaradılıb.
1854-cü ilin oktyabrında şəhərin genişmiqyaslı bombardmanı başlayıb. Sonrakı aylarda Sevastopol və onun ətrafında ağır döyüşlər gedib. Balaklava və İnkerman döyüşləri də Krım kampaniyasının əsas hərbi toqquşmaları sırasında olub.
Sevastopolda döyüşən Rusiya hərbçiləri arasında sonradan dünya şöhrətli yazıçıya çevrilən gənc Lev Tolstoy da vardı. Müharibədə gördükləri sonradan onun “Sevastopol hekayələri” əsərinin əsasını təşkil edib.

349 gün davam edən döyüşlərdən sonra, 1855-ci ilin sentyabrında Fransa qüvvələri strateji əhəmiyyət daşıyan Malaxov mövqeyini ələ keçiriblər. Bundan sonra Rusiya qoşunları Sevastopolun cənub hissəsini tərk edərək şəhərin şimal tərəfinə çəkilib.
Sevastopol uğrunda 11 aya yaxın davam edən savaş Britaniya, Fransa, Osmanlı və onların müttəfiqlərinin hərbi qələbəsi ilə yekunlaşıb. Sevastopolun cənub hissəsinin itirilməsi Rusiya imperiyası üçün Krım müharibəsinin ən ağır hərbi uğursuzluqlarından biri olub.
Krım müharibəsi 1856-cı ildə Paris müqaviləsinin imzalanması ilə başa çatıb.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ