Onlayn ictimai-siyasi qəzet
Son günlər Azərbaycanda qida zəhərlənməsi ilə bağlı bir-birinin ardınca baş verən hadisələr ictimai diqqəti yenidən bu məsələyə yönəldib. Kürdəmirdə toy mərasimindən sonra 92 nəfərin, o cümlədən 23 uşağın qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi, ardınca isə Sumqayıtda məktəbdə 21 şagirdin zəhərlənməsi qida təhlükəsizliyi ilə bağlı riskləri gündəmə gətirib.
Xüsusilə uşaqların da bu cür hallardan zərər çəkməsi problemin ciddiliyini artırır.
Bəs gündəlik qidalanmada hansı məhsullar daha çox zəhərlənmə riski daşıyır? Qida zəhərlənmələrinin qarşısını almaq üçün hansı məhsulların saxlanma və istehlakına daha çox diqqət yetirmək lazımdır?

Mövzu ilə bağlı qida mütəxəssisi İlkin Şirinov Musavat.com-a danışıb.
Onun dediyinə görə, bu gün şadlıq saraylarında, xüsusilə də onların mətbəxlərində olan vəziyyət hamını narahat etməlidir: "Antisanitar vəziyyət, qida məhsullarının saxlanma şəraiti, məhsul qonşuluğu və çarpaz çirklənmə ilə bağlı ciddi problemlər var. Bu gün həmin şadlıq saraylarının mətbəxlərində nəzarətsizlik hökm sürür. Çünki şadlıq saraylarının üz görünüşü və oradakı gözəl görüntü ilə insanları sanki bir növ əfsunlayırlar. 50, 70, 100 manat civarında menyular təklif olunur və adam sayına uyğun olaraq bir nəfərə düşən menyu qiyməti müəyyənləşdirilir. Amma həmin menyuda təklif olunan məhsulun keyfiyyətinə və yemək hazırlanarkən eyni keyfiyyətli məhsuldan istifadə olunmasına kim zəmanət verə bilər? Mən bunu tam məsuliyyətimlə deyirəm ki, heç kim buna zəmanət verə bilməz".
Ekspert deyib ki, müştəriyə “sənə forel balığı, quzu əti, filan salat, filan isti yemək, filan soyuq qəlyanaltı təqdim edəcəyəm” vədi verilir: "Bəs gəlin, süfrəyə gəldikdən sonra araşdıraq görək, həqiqətən də həmin yemək təklif olunan məhsuldan hazırlanıb, yoxsa yox? Qətiyyətlə deyirəm ki, bu araşdırılmır. Digər məsələ şadlıq saraylarında hökm sürən vəziyyətlə bağlıdır. Mən deyərdim ki, biz artıq çox gecikmişik və vaxtında bunlara bir tədbir görə bilməmişik. Artıq şadlıq sarayları əvvəlki kimi insanlara icarəyə verilmir. Özləri menyular tərtib edir, özləri qiymət təklif edirlər. Bu da təbii ki, şadlıq sarayının öz qazancını artırmaq marağından irəli gəlir. Ona görə də bu gün şadlıq saraylarında baş verən vəziyyətlə rəğmən hələ buna da şükür".
![]()
Mütəxəssis məktəblərin bufetlərindəki vəziyyətin də diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb: "Digər məsələ məktəblərin bufetlərindəki vəziyyətdir. Bilirsiniz ki, burada təchizatçı şirkətlər var. Həmin şirkətlər müəyyən tenderlərdə qalib gəlir və məhsulları bufetlərə çatdırırlar. Amma həmin təchizatçı şirkətin qida təhlükəsizliyi və ya məhsulların saxlanmasına nəzarət edən əməkdaşı varmı ki, gəlib həftədə bir dəfə də olsun həmin məhsullara monitorinq etsin? Yox! Məhsullar bufetlərə verilir, bufetlər də onları satırlar. Artıq “Məndən ötdü, qardaşıma dəydi” məsələsidir. Çünki məktəblərin özündə qida məsələsi ilə bağlı heç bir ştat yoxdur. Məktəblərdə belə bir ştat yaradılmalıdır ki, uşaqların aldığı məhsullara nəzarət edilsin. Təkcə şirniyyatlardan söhbət getmir. Orada müxtəlif piroşkilər, qutablar və digər bu kimi məhsullar da hazırlanır. Çox təəssüflər olsun ki, nəzarətsizliyin səbəbi olaraq belə kütləvi zəhərlənmələr baş verir".
Xalidə Gəray
Musavat.com
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ