İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürd silahlıları Hələb yaxınlığında polis postunu vurdu – yaralı var

Suriyanın şimalında təhlükəsizlik vəziyyəti yenidən gərginləşib. Hələb şəhərinin şimalında kürdlərin nəzarətində olan silahlı birləşmələr Suriya Daxili İşlər Nazirliyinə məxsus polis postuna hücum ediblər.

Musavat.com xəbər verir ki, hadisə cümə axşamı axşam saatlarında Şeyxan dairəvi yol ayrıcında yerləşən nəzarət-buraxılış məntəqəsində baş verib. Hələb vilayətinin daxili təhlükəsizlik xidmətinin rəhbəri, polkovnik Məhəmməd Abdel Qani bildirib ki, hücum “Suriya Demokratik Qüvvələri” (PKK/YPG) tərəfindən həyata keçirilib.

Məlumata görə, silahlı hücum nəticəsində bir polis əməkdaşı yaralanıb və dərhal xəstəxanaya çatdırılıb. Polkovnik Abdel Qani atəş açılan mövqelərin qısa müddətdə zərərsizləşdirildiyini açıqlayıb.

Hələb vilayətinin təhlükəsizlik rəsmisi bu hücumu mövcud razılaşmaların kobud şəkildə pozulması kimi qiymətləndirib və oxşar addımların cavabsız qalmayacağı barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bölgədə yaranan eskalasiyaya görə bütün məsuliyyət Suriya Demokratik Qüvvələrinin üzərinə düşür.

Qeyd olunub ki, SDQ daha əvvəl də Hələbin müxtəlif ərazilərini və Suriya ordusunun mövqelərini hədəfə alıb, o cümlədən pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlar həyata keçirib. Bu isə regionda yeni silahlı qarşıdurma riskini daha da artırır.

Müşahidəçilər hesab edirlər ki, Hələb ətrafında baş verən bu insident Suriyanın şimalında mövcud olan kövrək təhlükəsizlik balansının yenidən pozulduğunu göstərir və yaxın günlərdə qarşıdurmaların genişlənməsi ehtimalını artırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR