Onlayn ictimai-siyasi qəzet
Güman edirəm, bu xəbərə hardasa rast gəlmisiniz, futbol üzrə dünya çempionatında Yeni Zelandiya və İran komandaları oynayanda Türkiyənin TRT telekanalının şərhçisi komik səhvi ilə yadda qalıb: komandaları qarışdırıb. Özü də nə az, nə çox, düz 4 dəqiqə! 4 dəqiqə ərzində bu kişi iranlıları zelandiyalılar, zelandiyalıları isə iranlılar kimi şərh edib. Nəhayət, yanlışını anlayanda deyəsən gec olub, artıq onu şərhçilikdən qovublar.
Halbuki, yazığın çox da günahkar olduğunu söyləmək olmaz. Bu çempionatda kimin hansı yuvanın quşu, hansı çayın “yaşılbaş sonası” olduğu bəzən çətin başa düşülür. Məsələn, Avstraliya yığmasında bir zır italyan oynayırdı, hətta soyadı da İtalyano idi! Muğanlı İran üçün oynayır, “hollandiyalılar” Kürasao üçün. İspan oyunçu isə öz millisinə düşə bilmədiyindən hansısa başqa komandaya girmişdi, dəqiq yadımda qalmayıb. Ən “tragikomiyi” İsveç-Tunis oyunundaydı, çünki Tunisin qapısına qol vuran “isveçlilərdən” biri elə əslən... tunisliydi. Özü də adam düz 2 qolu dədə-babalarının qapısına nalladı. Sanki valideynlərinin Aralıq dənizini rezin qayıqlarda üzüb keçməsinin (böyük ehtimalla) qisasını ana yurdundan alırdı.
Fransada vəziyyəti yazmağıma da, yəqin ehtiyac yoxdur, onu hamı, çoxdan bilir.
Bunlar hamısı dünyanın qloballaşmasının, sərhədlərin, klassik, milli dövlət anlayışlarının itməsinin əlamətidir. Hərçənd, koronavirus davam edərkən bu nə toy-bayramdır, anlamırıq. Bizim Operativ Qərargahın qərarlarını heç nəzərə almırlar. İnşallah, bu çempionat üzündən virus yayılmaz, Tiflis qatarını güclə xoda salmışıq.
Dünya futbolunda bəzi yeni qaydalara keçən yazımda toxunmuşdum, bir qaydanı da əlavə şərh edim, çünki, mütərəqqi qayda olduğunu düşünürəm. Bu, ağzı örtüb danışmaqla bağlı qaydadır. İndi oyunçular əlləri və ya geyimlə ağızlarını tutub danışsalar hakimin sərt cəzalarıyla (vərəqə və s.) üzləşirlər.
Vaxtında verilmiş qərardır. Doğrudan da, ağız oxuma texnikası inkişaf etdiyi üçün məsafədən kimin nə dediyini “oxuyanlar” var, buna görə hətta məşqçilər oyunçulara göstəriş verəndə, hansısa oyun planlarını müzakirə edəndə əlləriylə ağızlarını gizlədirlər. Ancaq oyunun içərisində bundan sui-istifadə geniş yayılmışdı: oyunçular rəqibi və hakimi söyürdülər, əlləri ilə ağızlarını gizlədəndə isə söyüşü sübut etmək çətinləşirdi. (Bu məqamda ötən çempionatların birində Fransa-İtaliya oyununda Materassinin Zidanın ana-bacısını söyməsi ehtimalı və ardınca gələn məşhur kəllə yada düşür. Hərçənd, o vaxt yanılmıramsa Materassi heç ağzını örtməyə ehtiyac duymamışdı). İndən belə kim söyürsə, zəhmət çəksin, açıq söysün. Altdan-altdan, tülkü kimi mırıldanmaq işə yaramır.
Əlbəttə, bunu söz azadlığına təhlükə kimi qiymətləndirmək, meydançada senzura cəhdi saymaq olar. Ancaq stadiona ictimai-siyasi diskussiya üçün çıxmırlar, orda məqsəd yalnız futbol oynamaqdır, topla qol vurmaqdır, kiminsə yaxın qahım-əqrəbalarını söyüşlə vurmaq deyildir. Görünür, yaxın perspektivdə FİFA nəzdində Mətbuat Şurası, media ombudsmanı tipində hansısa orqanların yaradılması zərurətə çevriləcəkdir. Bu işlərdə bəzi dünya dövlətlərinin müsbət təcrübəsindən yararlanmaq olar. Necə deyərlər, indi söz əlaqədar təşkilatlarındır.
Sonda zəhmətkeşlərimizin “Azərbaycan niyə dünya çempionatında yoxdur, lakin Kürasao kimi cırtdan ada dövləti var” tipli gülməli suallarla özlərini yormağını artıq hesab edirəm. FİFA reytinqində Azərbaycan 127-ci yerdədir, Kürasao isə 82. Kürasaonun cəmi əhalisinin (158 min) təxminən bizim Bərdə qədər (156 min) olması da heç nəyi həll eləmir, ona qalsa bizim milli ada dövləti Maltaya belə uduzdu. Sadəcə, xaricilərə pasport verib “milli komanda” qurmaq lazımdır. Ondan sonra bir də gördün, köhlənlərimiz Kürasaoda-filanda kişnəyir. Sənə başqa nə lazımdır?
Şair də elə təxminən bunu yazmışdır.
17 Iyun 2026
16 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ