Onlayn ictimai-siyasi qəzet
Rusiya və Ermənistan arasında nələrin baş verdiyi və perspektivdə münasibətlərin necə olacağı barədə fərqli fikirlər var. Kremlin 7 iyun parlament seçkiləri öncəsi özünün keçmiş forpostuna iqtisadi təzyiqləri gücləndirməsinin ardınca siyasi rıçaqları da işə salması, həmçinin Ermənistan hakimiyyətinin dirənişi və manevrləri maraqlı situasiya yaradıb.
Bu arada Moskvadan növbəti açıqlamalar gəlməkdədir. Ermənistan cəmiyyəti Rusiya ilə əlaqələrin inkişaf etdirilməsini və ölkənin Avrasiya inteqrasiya birliklərində davamlı iştirakını tələb etməkdə davam edir, çünki onlar konkret nəticələr verir.
Musavat.com-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Avrasiya strukturları çərçivəsində əməkdaşlıq Ermənistana “boş vədlər”dən fərqli olaraq real və nəzərəçarpacaq faydalar təmin edir. “Ermənistan cəmiyyətində Rusiya-Ermənistan münasibətlərinin mütərəqqi inkişafı və Ermənistanın Avrasiya inteqrasiya strukturlarında davamlı iştirakına aydın, geniş tələb var ki, bu da real, nəzərəçarpacaq fayda gətirir”, - Zaxarova bildirib.
O qeyd edib ki, Rusiya və Ermənistan arasında ikitərəfli əlaqələrə dəstək bu cür qarşılıqlı fəaliyyətin praktiki faydalarının dərk edilməsinə əsaslanır. Diplomatın sözlərinə görə, bu sorğu manipulyasiya və ya siyasi vədlərə əsaslanmır, əməkdaşlığın konkret nəticələrinə əsaslanır.
“İnsanlar bu nəticələri görür, yüksək qiymətləndirir və münasibətlərin daha da inkişafını dəstəkləyir”, - Zaxarova vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Ermənistanda parlament seçkiləri hakimiyyətin müxalifətə görünməmiş təzyiq və Qərbin müdaxiləsi ilə müşayiət olunub. Hələlik rəsmi Moskva Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyasının qazandığı nəticələrlə bağlı təbrik göndərmək niyyətində deyil. Rusiya Baş nazir Nikol Paşinyana təbrik göndərməzdən əvvəl Ermənistandakı parlament seçkilərinin rəsmi nəticələrini gözləməyə üstünlük verir. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Vladimir Putinin Nikol Paşinyanı seçkilərdə qələbəsi münasibətilə təbrik etməyi planlaşdırması ilə bağlı suallarına cavab olaraq bildirib.
Kremlin sözçüsü deyib:
“Yekun rəsmi nəticələri gözləmək vacibdir. Bilirsiniz, bir çox qeyri-müəyyən məqamlar var idi, seçki pozuntuları ilə bağlı çoxlu məlumat gördük, ona görə də rəsmi nəticələri gözləməyə üstünlük veririk”. Rusiya Ermənistanda nə etmək istəyir, İrəvana ünvanlanan seçkisonrası mesajların arxasında hansı planlar dayanır?
Deputat Elçin Mirzəbəyli Musavat.com-a açıqlaması zamanı bildirdi ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova və Kremlin sözçüsü Dmitri Peskov tərəfindən Ermənistan seçkilərindən sonra verilən açıqlamalar ilk baxışda adi diplomatik bəyanatlar kimi görünə bilər:
“Lakin bu açıqlamaların məzmunu, zamanlaması və siyasi konteksti göstərir ki, Moskva İrəvana sadəcə, münasibət bildirmir, həm də gələcək siyasi davranışın çərçivələrini müəyyənləşdirməyə çalışır. Bu bəyanatlar Rusiyanın son illərdə Ermənistan üzərində zəifləyən təsir imkanlarını bərpa etmək, ən azı qoruyub saxlamaq məqsədinə xidmət edən kompleks siyasi strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Zaxarovanın açıqlamasında diqqət çəkən əsas məqam Ermənistan cəmiyyətində guya “Rusiya ilə münasibətlərin inkişafına və Avrasiya inteqrasiyasında iştiraka geniş ictimai tələbatın olması” barədə vurğudur”.
Milli Məclisin üzvünün sözlərinə görə, bu vurğu əslində iki auditoriyaya hesablanıb: “Birinci auditoriya Ermənistan cəmiyyətidir. Moskva göstərmək istəyir ki, Ermənistan hakimiyyəti Qərbə inteqrasiyanı prioritet elan etsə belə, xalqın əhəmiyyətli hissəsi Rusiyadan imtina etməyə hazır deyil. Bununla Kreml Paşinyan hökumətinə dolayı mesaj verir ki, ölkənin sosial-iqtisadi reallıqları hələ də Rusiyadan ciddi şəkildə asılıdır. İkinci auditoriya isə Ermənistanın siyasi elitasıdır. Moskva xatırladır ki, ölkənin enerji sistemi, əmək miqrasiyası, ticarət əlaqələri və təhlükəsizlik infrastrukturu hələ də böyük ölçüdə Rusiya amilindən kənarda fəaliyyət göstərə bilmir. Bu baxımdan “xalq tələb edir” tezisi istisnasız olaraq, siyasi təsir alətidir”.
E.Mirzəbəyli qeyd etdi ki, Rusiya son illər Ermənistanla münasibətlərdə təhlükəsizlik arqumentlərini xeyli dərəcədə itirib: “2020-ci il müharibəsindən, sonrakı proseslərdən və xüsusilə Qarabağ məsələsinin yekun həllindən sonra Ermənistan cəmiyyətində Rusiyanın təhlükəsizlik təminatçısı kimi nüfuzu ciddi şəkildə zəifləyib. Məhz buna görə Moskva indi yeni arqumentdən istifadə edir. Bu bağlamada Avrasiya inteqrasiya strukturlarının Ermənistana verdiyi iqtisadi dividendlər vurğulanır, Qərbin isə “boş vədlər” verdiyi iddia edilir. Əslində Kreml yaxşı anlayır ki, Ermənistanın Avropa İttifaqına tam inteqrasiyası yaxın perspektivdə mümkün deyil. Nə Ermənistan iqtisadiyyatı, nə də onun siyasi-institusional sistemi buna hazırdır. Bu səbəbdən Moskva İrəvana Ermənistanın hələ də Rusiyanın iqtisadi sisteminin içərisində olduğu və bundan imtinanın mümkünsüzlüyü barədə xəbərdarlıq edir. Bu, Ermənistanın strateji seçim imkanlarının məhdud olduğunu göstərməyə yönəlmiş siyasi ritorikadır. Dmitri Peskovun rəsmi nəticələr elan edilmədən Nikol Paşinyanın təbrik edilməsinin məqsədəuyğun olmadığını bildirməsi formal olaraq diplomatik ehtiyatlılıq kimi görünür. Lakin Kreml praktikasında belə addımlar adətən siyasi mesaj xarakteri daşıyır”.
Deputatın fikrincə, əgər Moskva Paşinyanın qələbəsindən tam razı qalsaydı, təbrik məsələsində daha çevik davranardı: “Əksinə, seçki pozuntularına dair məlumatların qabardılması və yekun nəticələrin gözlənilməsinin vurğulanması Paşinyana ünvanlanmış növbəti xəbərdarlıq kimi görünür. Bu, açıq qarşıdurma deyil, lakin siyasi təzyiq elementləri daşıyan diplomatik jestdir”.
Bəs Kreml Paşinyanı dəyişmək istəyirmi? E.Mirzəbəyli: “Bu sual son illərdə dəfələrlə gündəmə gəlib. Mövcud şəraitdə Rusiyanın əsas məqsədinin Paşinyanı dərhal hakimiyyətdən uzaqlaşdırmaq olduğu qənaətinə gəlmək çətindir. Çünki Moskva yaxşı anlayır ki, Paşinyanın devrilməsi Ermənistanın avtomatik şəkildə Rusiyanın orbitinə qayıdacağı anlamına gəlmir. Əksinə, bu, Ermənistan daxilində yeni siyasi qeyri-sabitlik yarada və anti-Rusiya meyllərini daha da gücləndirə bilər. Kreml üçün daha rasional variant Paşinyanı nəzarətdə saxlamaqdır. Başqa sözlə, məqsəd hakimiyyət dəyişikliyindən çox Ermənistanın geosiyasi manevr imkanlarını məhdudlaşdırmaqdır. Rusiyanın hazırkı strategiyası Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalmasını təmin etməkdən, Ermənistanın təhlükəsizlik sisteminin Rusiyadan tam ayrılmasının qarşısını almaqdan, Qərbin hərbi və siyasi təsirinin genişlənməsini məhdudlaşdırmaqdan, Ermənistan daxilində Rusiyaya loyal siyasi və ictimai qüvvələri qoruyub saxlamaqdan, Paşinyanı Moskvanın maraqlarını nəzərə almağa məcbur etməkdən ibarətdir. Zaxarovanın açıqlamasında “Qərbin müdaxiləsi” ifadəsinin yer alması təsadüfi deyil. Son illərdə Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması, ABŞ-la təhlükəsizlik dialoqunun intensivləşməsi, Avropa müşahidə missiyasının fəaliyyəti və siyasi əlaqələrin genişlənməsi Moskva tərəfindən geosiyasi rəqabətin elementi kimi qəbul edilir. Rusiya hesab edir ki, Ermənistan postsovet məkanında Qərbin növbəti strateji dayaq nöqtəsinə çevrilə bilər”.
E.Mirzəbəyli hesab edir ki, bu səbəbdən Kremlin informasiya siyasətində iki paralel xətt müşahidə olunur: “Bunlardan birincisi Qərbin vədlərinin nəticəsiz olduğu göstərilir, Rusiyanın təqdim etdiyi imkanların real və praktik olduğu vurğulanır. Bu, klassik geosiyasi rəqabət ritorikasıdır. Seçkilərdən sonrakı açıqlamaların ümumi mənzərəsi göstərir ki, Kreml Ermənistanla münasibətlərdə “ya bizimlə, ya da Qərblə” məntiqindən daha çox “bizsiz edə bilməzsiniz” yanaşmasını tətbiq edir. Bu strategiyanın məqsədi Ermənistanı tam şəkildə öz orbitinə qaytarmaqdan çox, onun geosiyasi istiqamətini nəzarətdə saxlamaqdır. Moskva anlayır ki, Ermənistan cəmiyyətində Rusiyaya münasibət əvvəlki kimi deyil və İrəvanın xarici siyasətində diversifikasiya tendensiyası güclənib. Buna görə də Kreml indi daha çevik taktika seçir və iqtisadi asılılıqları, siyasi rıçaqları və informasiya təsirini qorumaqla Ermənistanın strateji qərarlarına təsir göstərmək istəyir”.
Deputat yekunda vurğuladı ki, bütövlükdə, Zaxarova və Peskovun açıqlamaları sadəcə seçki şərhi deyil: “Bunlar Kremlin İrəvana göndərdiyi seçkisonrası siyasi siqnallardır. Həmin siqnalların əsas məğzi isə budur ki, Ermənistan hansı xarici siyasət kursunu seçməsindən asılı olmayaraq, Rusiya onun regiondakı ən mühüm təsir mərkəzlərindən biri olaraq qalmaq niyyətindədir və Moskva bu mövqedən könüllü şəkildə geri çəkilməyi düşünmür”.
Elşad Paşasoy,
Musavat.com
12 Iyun 2026
11 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ