Onlayn ictimai-siyasi qəzet
Almaniyada rəssam və texnologiya tədqiqatçısı Simon Vekkert süni intellekt əsaslı müşahidə sistemlərinin insanları necə tanıdığını nümayiş etdirmək üçün qeyri-adi geyim layihəsi hazırlayıb.
Musavat.com xəbər verir ki, “Digital Camouflage” adlanan layihə ilk baxışdan rəngarəng Havay köynəyini xatırladır. Lakin onun üzərindəki xüsusi naxış kompüter görmə sistemlərinin insan fiqurunu müəyyənləşdirməsini çətinləşdirmək məqsədilə hazırlanıb.
YOLO kimi obyekt aşkarlama alqoritmləri görüntüdə insanı müəyyənləşdirərkən bədənin forması, baş və çiyinlərin yerləşməsi, bədən proporsiyaları və digər vizual əlamətlərdən istifadə edir. Vekkertin hazırladığı naxış isə bu əlamətlərin alqoritm tərəfindən düzgün qəbul edilməsinə mane olmağa hesablanıb. Nəticədə müəyyən şərait və sınaqlarda sistem köynəyi geyinmiş şəxsi “insan” kimi aşkarlamaya bilər.
Bununla belə, söhbət insanı bütün təhlükəsizlik və müşahidə kameraları qarşısında görünməz edən universal texnologiyadan getmir. Layihənin əsas məqsədi süni intellektlə işləyən kompüter görmə sistemlərinin zəif nöqtələrini nümayiş etdirmək və genişlənən avtomatlaşdırılmış müşahidə texnologiyalarına diqqət çəkməkdir.
Simon Vekkert bundan əvvəl də oxşar texnoloji eksperimenti ilə məşhurlaşmışdı. O, 2020-ci ildə Berlində içərisində 99 smartfon olan əl arabasını küçədə çəkərək Google Maps sistemində süni tıxac yaratmışdı. Telefonlardan gələn məlumatlar sistem tərəfindən həmin ərazidə çoxlu sayda istifadəçinin yavaş hərəkət etməsi kimi qəbul edilmiş və xəritədə olmayan tıxac göstərilmişdi.
Musavat.com
30 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ