İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin ən məxfi 4 adamı - Putini sui-qəsddən onlar QORUYUR

Açıq mənbələr əsasında kəşfiyyat təhlili aparan Ukraynanın "OSINT-Bees" qrupu Rusiya prezidenti Vladimir Putinin ən yaxın mühafizəçilərindən bəzilərinin şəxsiyyətini müəyyən edib.

Bu tədqiqat Kiyev kəşfiyyatının keçmiş rəhbərinin Rusiya prezidentinin təhlükəsizlik narahatlıqları barədə açıqlamaları fonunda ortaya çıxıb.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, qrup Rusiya hərbi rəhbərləri, siyasətçiləri və təbliğatçıları haqqında ətraflı məlumatlar dərc edib.

Son araşdırmada isə birbaşa Putinin yanında olan və pərdəarxasında fəaliyyət göstərən dörd əsas fiqurun adı çəkilir.

"Bu şəxslər Rusiya prezidentinin ən yaxın mühafizəçiləri və xidmətçiləridir. Onlar hətta bəzən prezidentlə qonşu otaqda gecələyirlər", - "OSINT-Bees" nümayəndələri bildiriblər.

Bu açıqlamalar Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general-leytenant Valeri Kondratyukun Ukrayna mediasına Putinin ətrafındakı təhlükəsizlik tədbirlərinin "maksimum dərəcədə gücləndirildiyini" bəyan etdiyi vaxta təsadüf edir.

Putinin köməkçiləri kimlərdir?

"OSINT-Bees" Putinin mühafizəçilərini "adyutantlar" adlandırır və onları imperiya dövründə Rusiya çarlarına xidmət edən şəxslərlə müqayisə edir.

Müəyyən edilib ki, onların hamısı Moskva və ya Moskva vilayətindəndir, FSO-nun Prezidentin Mühafizə Xidmətinin tərkibinə daxildirlər və polkovnik-leytenant və ya daha aşağı hərbi rütbə daşıyırlar. Tədqiqatçıların məlumatına görə, onlar ekzotik məkanlara səyahət etməyi sevirlər və lüks avtomobillərə sahibdirlər.

Həmin şəxslər ölkədaxili və beynəlxalq səfərlər zamanı Kremlin rəsmi saytındakı fotolarda tez-tez Putinlə birlikdə görünürlər, lakin onların kimliyi haqqında çox az şey məlumdur.

Putin haqqında kitabın müəllifi Mark Qaleotti "Newsweek" jurnalına bildirib:

"Bu insanların hamısı səliqəli geyinir. Prezidentin Mühafizə Xidmətindən seçildikləri üçün ucaboylu, güclü və atletik görünüşlüdürlər. Onlar Putinin yanında özlərini necə aparmalı olduqlarını yaxşı bilir və diqqəti üzərlərinə çəkməməyin vacibliyini anlayırlar".

Müəyyən edilən 4 mühafizəçi:

Aleksey Melnikov (39 yaş): Rusiya Federal Təhlükəsizlik Xidməti Akademiyasının məzunudur. Rəsmi səfərlər zamanı Putini müşayiət edərkən təsvir olunub. Həmçinin onun həyat yoldaşı ilə çimərliklərdə istirahət etdiyini əks etdirən fotoları var.

Sergey Moskalenko (43 yaş): Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər dunya liderləri ilə görüşlər zamanı Putini müşayiət edib. Onun Rusiya FSB-sinin Qolitsın adına Sərhəd Mühafizəsi İnstitutunu bitirdiyi ehtimal olunur.

Konstantin Panin (43 yaş): Ölkədaxili səfərlər zamanı Putinlə birgə fotolarda tez-tez görünür.

İvan Rojko (38 yaş): Moskva vilayətinin Domodedovo rayonunun Barıbino qəsəbəsindəndir. O da Aleksey Melnikov kimi Rusiya Federal Təhlükəsizlik Xidməti Akademiyasının məzunudur.

"Newsweek" nəşri xəbər verir ki, Ukraynadakı müharibənin ildönümləri ərəfəsində Putinin dövlət çevrilişi, daxili sabitlik pozğunluğu və sui-qəsd cəhdlərindən ehtiyatlandığını göstərən məlumatlar artmaqdadır.

Avropa kəşfiyyatının hesabatlarında Putinin yaxın ətrafına ictimai nəqliyyatdan istifadə etməyin qadağan olunduğu və yalnız internetə çıxışı olmayan xüsusi telefonlardan istifadəyə izin verildiyi bildirilir.

Qaleotti qeyd edib ki, Rusiyada müxtəlif xadimlərə qarşı həyata keçirilən qətllər və sui-qəsdlərin Ukrayna ilə əlaqələndirildiyi bir vaxtda Putinin narahatlıqları haqqında iddiaların ortaya çıxması diqqət çəkir:

"Əgər siz güc strukturlarının nümayəndəsinizsə, peşəniz peşəkar səviyyədə paranoyak olmaqdır, yəni hər an hər şeyə hazır olmalısınız".

Putinin şəxsi həyatı və ailəsi ilə bağlı yeni detallar

Daha əvvəl Ukrayna ordusunun generalı Nikolay Malomuj bildirib ki, Vladimir Putin təhlükəsizliyi naminə rahat şəraitdə yaşamaqdan belə imtina edib.

Malomujun sözlərinə görə, onun Valdaydakı iqamətgahı artıq neytrallaşdırılıb, Soçidəki rezidensiyası isə tərk edilmiş vəziyyətdədir. Putin xüsusi xidmət orqanları tərəfindən satqınlıq ola biləcəyindən ehtiyat etdiyi üçün ölkə daxilində səfərlərini məhdudlaşdırır. Kreml rəhbəri sui-qəsdlərdən və xəstəliklərdən qorxduğu üçün vaxtının çoхunu Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin ciddi şəkildə gücləndirildiyi Moskva ətrafında keçirir.

Jurnalistlərin məlumatına görə, Putinin 8 yaşlı Elza İqorevna Tixonova adlı nəvəsi var. Qız anasının uydurma soyadını daşısa da, ona öz atasının adı verilib (atasının baletmeyster İqor Zelenski olduğu bildirilir). Elza Putinin kiçik qızı, "Innopraktika" fondunun rəhbəri Yekaterina Tixonovanın qızıdır.

Məlumdur ki, Putin övladlarını ictimaiyyətdən gizlədir və onlar başqa soyadlar altında yaşayırlar.

Lakin jurnalistlər Rusiya prezidentinin üç qızı olduğunu müəyyən ediblər:

Mariya Vorontsova və Yekaterina Tixonova (keçmiş həyat yoldaşı Lyudmila Putinadan olan qızları);

Luiza Rozova (Svetlana Krivonoqixdən olan nikahdankənar qızı).

Bundan əlavə, Putinin gimnast Alina Kabayevadan İvan və Vladimir Spiridonov adlı iki oğlu olduğu bildirilir. Prezidentin nəvələrindən biri də Mariya Vorontsovanın niderlandlı keçmiş həyat yoldaşı Yorrit Faassendən olan oğlu Roman Faassendir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR