Onlayn ictimai-siyasi qəzet
Rusiya paytaxtının şimal-qərbində, Volokolamsk şosesində yerləşən çoxmərtəbəli binada silahlı insident baş verib.
Musavat.com xəbər verir ki, naməlum şəxs Rusiya Baş Qərargahının Baş İdarəsinin (QRU) birinci müavini, general-leytenant Vladimir Alekseyevə binanın girişində, mənzilinin yaxınlığında (24-cü mərtəbədə) odlu silahdan bir neçə dəfə atəş açıb.
Güllələrdən biri generalın kürəyinə isabət edib. Alekseyev ağır vəziyyətdə təcili olaraq xəstəxanaya çatdırılıb. Hadisəni törədən şəxs isə gizlənməyi bacarıb. Rusiya İstintaq Komitəsi "qəsdən adam öldürməyə cəhd" və "qanunsuz silah dövriyyəsi" maddələri ilə cinayət işi açıb.
Prizonun qarşısında gülümsəyən general: O, kimdir?
Vladimir Alekseyev Rusiya hərbi kəşfiyyatının ən qaranlıq və mühüm fiqurlarından biri hesab olunur. O, dünya ictimaiyyətinə xüsusilə 2023-cü ilin iyununda, "Vaqner" rəhbəri Yevgeni Priqojinin qiyamı zamanı tanınmışdı. Rostovda Priqojinlə birbaşa danışıqlar aparan Alekseyev, qiyamçı rəhbərin müdafiə naziri və baş qərargah rəisinin ona təhvil verilməsi tələbinə gülərək "gəlin, götürün" cavabını vermişdi.
Sui-qəsdin arxasında kim dayanır?
Hərbi ekspertlər bu sui-qəsdi bir neçə istiqamətdə təhlil edirlər:
Daxili hesablaşma: Alekseyev uzun illər "Vaqner"in QRU-dakı əsas kuratoru olub. Priqojinin ölümündən sonra özəl hərbi şirkətlərin aktivlərinin və təsir dairəsinin bölüşdürülməsi prosesində generalın kəskin rəqibləri yarana bilərdi.
Ukrayna izi: Ukrayna kəşfiyyatı Alekseyevi mülki hədəflərə raket zərbələrinin koordinasiyasında və işğal olunmuş ərazilərdə qeyri-qanuni idarəetmə orqanlarının yaradılmasında ittiham edirdi.
Rusiya Müdafiə Nazirliyindəki "təmizləmə": Son aylarda Rusiya ordusunun yüksək rütbəli zabitlərinə qarşı ardıcıl həbslər və müəmmalı sui-qəsdlər fonunda bu hadisə hərbi elitadaxili klan müharibəsinin yeni mərhələsi kimi görünür.
Hazırda Moskvada "Siren" planı tətbiq olunub, hücum edənin tapılması üçün xüsusi əməliyyat keçirilir.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ