İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml İrəvana “qaz vurur”: Putin Qərbə sığınan Paşinyanı “diz çökdürür”

Rusiya Ermənistana qarşı növbəti təzyiq faktorunu da işə salmaq niyyətində olduğu barədə sərt xəbərdarlıq mesajı verdi... Kreml Paşinyan hakimiyyətinin “axilles dabanı”nı tapıb, indi rəsmi İrəvanın tədricən Rusiyaya təslim olacağı artıq qətiyyən şübhə doğurmur...

Rusiya-Ermənistan münasibətləri maksimum həddə qədər gərginləşib. Ermənistan cəmiyyətində Rusiyanı daha hərbi müttəfiq və dost ölkə hesab etmirlər. Eyni zamanda Rusiyada da Ermənistanı ABŞ və Qərbin könüllü “geopolitik aləti” olaraq, görürlər. Və belə vəziyyətdə bu iki hərbi müttəfiqin bir-birindən uzaqlaşması əslində, qaçılmaz xarakter daşıyır.

Ancaq Kreml üçün indiki situasiyada Ermənistanın Rusiyadan uzaqlaşıb, ABŞ və Qərbə sığınması qətiyyən qəbul edilə biləcək proses sayılmır. Çünki bu proses Rusiyanın patronajlığı altında olan MDB, KTMT və Avrasiya İqtisadi İttifaqının iflasına yol aça bilər. Hər halda, əgər, Ermənistan bu qurumlardan çıxsa, deqradasiya prosesi üçün qarşısıalınmaz örnək rolunu oynamış olacaq. Yəni, Ermənistanın davranışları Rusiyaya münasibətdə mərkəzdənqaçma prosesi vəd edir. Və bu səbəbdən də, Kreml Ermənistana münasibətdə nisbətən tolerant münasibət göstərməyə daha çox üstünlük verir.

Hətta Rusiya dairələrində hesab edirlər ki, Ermənistan artıq öz ənənəvi hərbi müttəfiqi ilə münasibətləri qoparma nöqtəsinə doğru çəkməyə başlayıb. İndi rəsmi İrəvan elə bir situasiya yaratmaq istəyir ki, Rusiya Ermənistana qarşı daha sərt addım atmaq məcburiyyətində qalsın. Paşinyan hakimiyyəti isə məhz bunu bəhanə gətirərək, Rusiyadan tam uzaqlaşmaq xarakteri daşıyan siyasi qərarlar qəbul edə bilsin. Və Kreml hazırda rəsmi İrəvana belə bir bəhanə verməyə qətiyyən həvəsli deyil.

152627755190.jpg (36 KB) 

Maraqlıdır ki, Kremldə bəzi dövlət funksionerləri Cənubi Qafqazda yeni situasiyanın yarandığını qüvvələr nisbətinin dəyişdiyini qəbul etməyə başlayıblar. Onların fikrincə, ABŞ və Qərb artıq Ermənistana yerləşməyə imkan tapıb. Ona görə də, rəsmi İrəvan Kremlin hər hansı radikal təzyiq reaksiyasından sonra Rusiyanın patronajlığı altındakı qurumlardan çıxmaq barədə siyasi qərarını elan edə bilər. Bu baxımdan, Kreml Rusiya-Ermənistan çəkişməsində ən sərt addımlarını məhz ABŞ və Qərblə geopolitik qarşıdurmanın son mərhələsinə saxlamağa üstünlük verir.

Təbii ki, bu baxımdan, Ermənistanın Rusiyanı zəif və çarəsiz hesab etməsi qətiyyən reallığı əks etdirmir. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyan bir müddət öncə öz yaxın ətrafı ilə qapalı toplantıda Kremldən çəkinmədiyini, Rusiyanın kimisə cəzalandırmaq imkanlarının artıq olmadığını vurğulamışdı. Halbuki, rəsmi İrəvan nə qədər ABŞ və Qərbə arxalansa da, Rusiyanın Ermənistana qarşı dağıdıcı təsir mexanizmlərinin olduğunu da anlamamış deyil. Və əgər, Kreml bu faktorlardan istifadə etmək qərarı verərsə, Ermənistan üçün yaxın gələcəkdə qorxinc situasiya da yarana bilər.

Məsələ ondadır ki, Kreml Ermənistana qarşı əlindəki təsir mexanizmlərindən ən bəsit olanlardan birini işə salmaqla, Paşinyan hakimiyyətinə artıq sərt xəbərdarlıq mesajı verib. Belə ki, Rusiyanın Gürcüstandan keçən Yuxarı Lars yolunu bağlamaqla, Ermənistan iqtisadiyyatına yüngülvari zərbə vurmaqla, rəsmi İrəvanı gözləyən təhlükələrə işarə edib. Və məhz bundan sonra Rusiyaya qarşı radikallaşmış rəsmi İrəvan öz ittihamlarını nisbətən yumşaltmaq məcburiyyətində qaldı.

07e86a96ac7902cbaeb884a3daae4da5.jpg (57 KB) 

Ancaq Rusiya yalnız bununla kifayətlənmək niyyətində deyil. Belə ki, Kreml hazırda Ermənistan baş naziri Nikol Paşinyanı Rusiyanın patronajlığı altında olan qurumları baykotdan imtinaya məcbur etməyə çalışır. Düzdür, erməni baş nazir MDB hökumət başçılarının bu dəfəki zirvə toplantısına da özünün müavinini göndərib. Və Kremldə bu davranış ciddi qıcıqla qarşılanıb.

Rusiya mətbuatının verdiyi son məlumata görə, Kreml indi baş nazir Nikol Paşinyanın KTMT və Avrasiya İqtisadi İttifaqının zirvə toplantısına qatılmasına çalışır. Xüsusilə də, Avrasiya İqtisadi İttifaqının zirvə toplantısı Rusiyanın siyasi-iqtisadi prioritetlərində önəmli yer tutur. Ona görə də, erməni baş nazirə Avrasiya İqtisadi İttifaqının zirvə toplantısına qatılması üçün sərt təzyiqlərin göstərilməsinə başlanılıb. Və Kremlin seçdiyi təzyiq faktoru isə rəsmi İrəvanı daha ciddi düşünmək məcburiyyətində qoyub.

Məsələ ondadır ki, Rusiya mənbələrinin iddiasına görə, Kreml rəsmi İrəvana baş nazir Nikol Paşinyanı Avrasiya İqtisadi İttifaqının zirvə toplantısında gözlədikləri barədə sərt mesaj verilib. Paşinyan hakimiyyətinə xəbərdarlıq edilib ki, əgər, erməni baş nazir bu toplantını baykot etsə, nəticələri Ermənistan üçün olduqca ağır olacaq. Və Kreml səbrinin artıq tükənmək üzrə olduğunu qabarıq şəkildə biruzə verib.

modern.az_Rusiya_Ermenistan_606.jpg (29 KB) 

Maraqlıdır ki, Rusiya mənbələri Paşinyan hakimiyyətinin Kremlin xəbərdarlıq mesajını saya salmayacağı təqdirdə, atıla biləcək radikal addımlar barədə də ilkin eyhamlar vurublar. Belə ki, bu dəfə rəsmi İrəvanın Rusiyadan idxal olunan təbii qazın qiymətində düzəliş ediləcəyi ilə təhdid olunduğu bildirilir. Hazırda Ermənistan Rusiyadan təbii qazın hər min kubmetrini cəmisi 165 dollara idxal edir. Rəsmi İrəvan hətta bu məbləği belə, ödəməkdə çətinlik çəkir. Yəni, təbii qaz idxalına görə ödəniləcək ümumi məbləğin əhəmiyyətli bir hissəsi Ermənistanın Rusiyaya olan borcları sırasına yazılır.

İndisə, Kreml rəsmi İrəvana xəbərdarlıq edib ki, əgər, erməni baş nazir Avrasiya İqtisadi İttifaqının zirvə toplantısına qatılmazsa, qiymət artırılacaq. Çünki Ermənistan Rusiyadan təbii qazı dünya bazarında olan qiymətdən təxminin üz dəfə ucuz idxal edir. Əgər, qiymət doğrudan da artırılarsa, onda Ermənistan ödəmək qabiliyyətini tamamilə itirmiş olacaq və şaxtalı qış aylarında təbii qaz idxalını dayandırmaq məcburiyyətində qalacaq. Və bu, Ermənistanda daxili sosial partlayışlara yol aça biləcək faktordur.

Bütün bunları nəzərə aldıqda, baş nazir Nikol Paşinyanın Kremldən gələn təhdidlərə həssas yanaşma ehtimalı kifayət qədər yüksəkdir. Çünki Rusiya Ermənistandan indiyə qədər yığılmış enerji borclarını da geri tələb edə biləcəyinin mesajını verir. Bu baxımdan, Ermənistan ilk dəfə Rusiyanın bu qədər ağır və radikal təzyiqi ilə üzləşib. Və Kreml rəsmi İrəvanın Rusiya əleyhinə demarşlarına “qaz vurduqca” Paşinyan hakimiyyətinin tədricən təslim olmağa başlayacağı da qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR