Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Mərkəzi Bankı bu gün faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarını açıqlayıb. Uçot dərəcəsi 6,5 faiz səviyyəsində, faiz dəhlizinin yuxarı həddi isə 7,5 faizdə saxlanılıb. Dəhlizin aşağı həddi isə 0,5 faiz bəndi azaldılaraq 5 faizə endirilib. Mərkəzi Bank bildirir ki, qərar inflyasiyanın dinamikası, valyuta bazarındakı proseslər, bank sektorunda likvidlik və qlobal monetar şərait nəzərə alınmaqla qəbul edilib.
Faiz dəhlizinin aşağı həddinin endirilməsinin banklararası pul bazarında aktivliyi artırması və bankların öz aralarında daha çox əməliyyat aparmasına şərait yaratması gözlənilir. Bəs bu qərarın adi vətəndaşa, xüsusilə kredit götürmək istəyənlərə təsiri necə olacaq? Banklarda kredit faizlərinin aşağı düşməsi üçün real əsas yaranırmı?

İqtisadçı Emin Qəribli Musavat.com bu barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, Mərkəzi Bank bu məsələyə hər zaman çox ehtiyatlı yanaşıb: "Hətta müxtəlif fikirlər olub, Mərkəzi Bankla razılaşmayan ekspertlər də olub ki, müəyyən məqamlarda uçot dərəcəsinin və faiz dərəcələrinin aşağı salınması məqsədəuyğundur. Amma Mərkəzi Bank daha ehtiyatlı yanaşırdı. Bu ehtiyatlı yanaşmanın əsas səbəbi də inflyasiyadır. Müəyyən dərəcədə 0,5 faiz bəndi endirim onu göstərir ki, bizdə inflyasiya ilə bağlı ciddi narahatlıq yoxdur. Hesab edirəm ki, Mərkəzi Bank təhlillər apararaq bu nəticəyə gəlibsə, bu, eyni zamanda cəmiyyətə verilən bir mesajdır. Digər tərəfdən, pul kütləsinin artmasının, təbii ki, Azərbaycan manatının məzənnəsinə də təsiri ola bilər. Bu qərar onu göstərir ki, hazırkı mərhələdə bununla bağlı hər hansı ciddi təhlükə görülmür”.

Ekspert qeyd edib ki, bank kreditlərinin ucuzlaşması iqtisadiyyat üçün mühüm amildir: “Hamımız maraqlıyıq ki, iqtisadiyyatda bank kreditləri nə qədər ucuz olarsa, bunun iqtisadi aktivliyə müsbət təsiri də bir o qədər çox olar. Bizim problemimiz isə ondan ibarət idi ki, bank kreditlərinin mühüm hissəsi istehlak kreditlərinə yönəlirdi, real iqtisadiyyata deyil. Amma ümumi olaraq hesab edirəm ki, bugünkü bank sektorunun durumu və vəziyyəti müsbət istiqamətdə dəyişir. Müqayisə etsək, üç il əvvəlki vəziyyətlə bugünkü mənzərə arasında fərq görürük. Bank sektorunda geniş imkanlar yaranır, sektor dirçəlir. Bəzi banklar birləşir, vaxtında fəaliyyət göstərə bilməyən banklar isə artıq bağlanıb. Bu addım, təbii ki, bank sektorunda daha geniş imkanlar yaradacaq. Bank sektorunda baş verəcək canlanma bir tərəfdən, kredit faizlərinin aşağı düşməsi isə digər tərəfdən iqtisadi aktivliyə təsir göstərə bilər. Mənə elə gəlir ki, bu proses artıq davamlı xarakter ala bilər. Faizlər aşağı düşdükcə iqtisadiyyatın da canlanması üçün əlavə imkan yaranacaq. Bu, təbii ki, aşağı faizli kreditlərin iqtisadiyyatda canlanmaya səbəb olması baxımından mühüm amildir. İndiki qərar faizlərdə elə də böyük eniş deyil. Amma yenə deyirəm, Mərkəzi Bankın siyasətini təhlil etsək və atılan addımlara diqqət etsək, bunun əhəmiyyətli olduğunu görərik. İndi aşağı həddin endirilməsi onu göstərir ki, bu proses davam edə bilər. Hesab edirəm ki, gələcəkdə bank kreditlərinin daha əlçatan olması və real sektora yönəlməsi baxımından bu, yaxşı və davamlı stimul yaradacaq”.
Afaq Mirayiq,
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ