Onlayn ictimai-siyasi qəzet
Ermənistanın revanşist müxalifət düşərgəsi hakimiyyətə qarşı növbəti sərt ittihamlarla çıxış edib. Bu dəfə tənqid yalnız Nikol Paşinyan hökumətinə deyil, İrəvanın yaxınlaşmağa çalışdığı Avropa strukturlarına da yönəlib.
Musavat.com xəbər verir ki, parlamentdəki müxalif “Ermənistan” blokunun deputatı, İnsan hüquqları və ictimai məsələlər komissiyasının sədri Lilit Qalstyan ölkədə siyasi təqiblərin gücləndiyini iddia edib.
Onun sözlərinə görə, Ermənistanın dörd aparıcı müxalif qüvvəsinin liderləri siyasi təzyiqlə üzləşiblər və hazırda onların bir qismi həbsdə, digərləri isə ev dustaqlığındadır.
Qalstyan bunu ölkədə “avtoritar rejimin möhkəmlənməsi” və insan hüquqları sahəsində böhranın dərinləşməsi kimi təqdim edib.
Köçəryanın siyasi düşərgəsini təmsil edən deputat daha da irəli gedərək Ermənistanı “siyasi məhbusların konslageri” adlandırıb.
Lakin onun çıxışında diqqəti çəkən əsas məqamlardan biri Avropaya yönəltdiyi ittihamlar olub.
Qalstyan bildirib ki, müxalifət siyasi təqiblərlə bağlı iddialarını diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinə təqdim etsə də, gözlədiyi reaksiyanı görmür:
“Bizim bu qədər inandığımız Avropa dəyərləri ilə reallığın bir-birilə kəsişmədiyi aydın olur”.
Deputatın sözlərinə görə, müxalifət buna baxmayaraq beynəlxalq hüquq müdafiə təşkilatları ilə əlaqələri davam etdirir və onlara müxalifət liderlərilə bağlı işlər, eləcə də Ermənistanda demokratiyadan geri çəkilmə olduğunu iddia edən materiallar təqdim edir.
Beləliklə, Köçəryan düşərgəsinin hakimiyyətə qarşı mübarizəsində yeni xətt də görünməyə başlayır: Paşinyan hökuməti ilə yanaşı, onun Qərbə yaxınlaşmasına dəstək verən və ya İrəvandakı proseslərə kifayət qədər sərt reaksiya göstərmədiyi düşünülən Avropa institutları da müxalifətin tənqid hədəfinə çevrilir.
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ