İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadıköydə Türk mətbəxinin sehri: ölkəsini dünyada tanıdan iş adamı, Azərbaycan düşbərəsi, “Ayrılıq” sədaları...(Foto, video)

 

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, Türkiyənin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı, Türkiyənin Özbəkistandakı Səfirliyinin Mədəniyyət Müşavirliyinin informasiya dəstəyi Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan media mənsublarının qardaş ölkəyə səfərindən sonuncu reportajımızı təqdim edirik, bu dəfə fərqli rakursda.

Müqəddəs Ramazan ayında reallaşan ziyarətimiz zamanı insanları daha mehriban, gülərüz, sabaha daha inamlı gördük. Baş çəkdiyimiz ünvanlarda sözarası 14 may seçkilərindən söz salır, türkiyəli seçicilərin rəyini öyrənməyə çalışırdıq. Əksər insanlar Rəcəb Tayyib Ərdoğana səs verəcəklərini açıq şəkildə ifadə edirdilər. Bəziləri fevral ayında baş vermiş dəhşətli zəlzələnin seçkilərin nəticələrinə təsir edəcəyini təxmin etsələr də, Türkiyədə olduğumuz zaman əksini müşahidə etdik: türkiyəli qardaşlarımız üzləşdikləri bu, 100 ilin fəlakətindən bir yerdə, vəhdət halında çıxmağın ən düzgün yol olduğu qənaətindədirlər. Hesab edirlər ki, bütün çətinliklərə rəğmən, Türkiyəni dünyada SÖ SAHİBİnə çevirən liderlə bərabər yola davam etmək, zəlzələ bölgəsini yenidən qurmaq və daha böyük layihələrə imza atmaq lazımdır. Türk insanının bu, böyük hədəflərə köklənmiş mövqeyi bizləri də qürurlandırır, Türkiyənin bir olmasını, diri olmasını, iri olmasını hər zaman arzulayan, buna çalışan Azərbaycan vətəndaşları olaraq!

***

14 mayla bağlı haşiyəmizdən sonra mövzumuza keçid edirik. Türkiyə mətbəxindən bəhs edəcəyik bu yazımızda. Türkiyə mətbəxinin əvəzi yoxdur, bunu çoxları etiraf edir. Bəzən də xüsusi ritualı xatırladan yemək saatlarının uzun davam etməsi, növbənöv salatlar, şorbalar, isti və soyuq yeməklər, bölgələrə uyğun şirniyyat və kabablar elə təqdim olunur ki, sanki hansısa təhsil mərkəzində tədris təşkil edilir. Yeri gəlmişkən, “hardasan ay Türkiyə və Azərbaycan mətbəxi”-arzusu bir müddət öncə ərəb ölkəsində olarkən gündə bir neçə dəfə beynimdən və dilimin ucundan keçmişdi. Və budur Türkiyə mətbəxi. Ramazanda isə bir başqa özəllikləri var.

İstiqlal caddəsində 30 ildir kababçı işləyən aşpaz qardaşımız hazırladığı yeməklə bağlı sevə-sevə danışır. Burada daha nələr var: salatlar, şorbalar, kabablar, dolmalar...Meyüdəki yeməklər vaxtaşırı dəyişir. Adı “İskender bababı” olsa da, saysız yeməklər var. Son zamanlar atin və digər ərzaq növlərinin qiymətinin bahalaşması səbəbindən buradakı yeməklərin də qiymətində artım var. Aşpaz bizi şaşırdaraq deyir ki, indiyədək Azərbaycan mətbəxini dadmayıb. “Nələr itirmisiniz”- yarızarafat söyləyirik.  Cavabında deyir ki, Azərbaycana gəlib, yeməklərin dadına baxmaq, onları menyüyə daxil etməyi arzulayır. “Azərbaycandan ziyarətçilərimiz çox olur. Məncə, buralarda Azərbaycan restoranı olsa, daha gözəl olar”-deyir. Sözarası deyirik ki, azad olunmuş Şuşa şəhərimizdə “Qoçət” restoranı var, aşpazların marağına səbəb olur. Digəri “Azərbaycan bizim Iğdırın sərhədidir”-söyləyir.

İstanbulun sevimli Kadıköy məhəlləsindəki müşahidələrimiz isə iftar zamanına təsadüf etdi. Sağ-salamat saxlanılan erməni kilsəsinin qarşısından keçib, irəliləyirik. Həm sağda, həm soldakı kişik restoranlar ağzınadək insanlarla doludur, hətta həyətində də masalar qoyulub, yalnız aradan keçmək üçün girişlər var. Amma kimsə bu sıxlıqdan incimir, sıxılmır, hər kəs hüzur içində, gözlər, üzlər gülür, bir-birinə dualar seli ünvanlanır. Camilərdən ucalan sehrli azan sədaları altında məmləkət insanı və ziyarətçilər orucunu açır.

Üz tutduğumuz restoranın adını reklam kimi görünər deyə, konkretləşdirmirik. Amma çox qəribə, həm də alovun dilərini simvolizə edən adı var, özünün bir sıra qəribəlikləri kimi. Həm də zirvədə yetişən çiçək mənasını verir. Restoranin rəhbərliyinə daxil olan həmsöhbətimiz İbrahim Acar bizləri gülər üzlə, yüksək səviyyədə, ən əziz adamı, çoxdanın dostu-qardaşı kimi qarşılayır. Restoran dopdoludur, bayram ovqatındadı hamı, Allaha şükranlıqla iftar edirlər. Biz də çeşidli yeməklərdən, tatlılardan, buranın özünəməxsus təbii içkilərindən və dəbdəbəli çay fasiləsindən sonra İbrahim bəyi söhbətə tuturuq. Türkiyə mətbəxinə marağımızı görüb, işlərinin çoxluğuna baxmayaraq, Musavat.com-a ayrıca zaman ayırır. Deyir təqribən 10 ildir bu sahədə, elə burada çalışır. İlk vaxtlar düşüncələrində dəyişikliklər olub, bir-iki ay fasilə verib, amma yenidən işinin başına dönüb. 15 yaşlarından mətbəxə meyl salıb, bir sıra ölkələrin mətbəxlərində, o cümlədən italyan, fransız mətbəxlərində çalışıb, bu sahəni daha dərindən öyrənmək üçün.  

Hazırlanmış yeməklərə göz gəzidiririk. Növbənöv köftələr, plovlar, Ramazan kababı, qovurma, ətli bamiyə, müxtəlif məhsullardan dolmalar, qıymalar...(Bu arada, elə bir neçə gün əvvəl qida və restoran bələdçisi olan TasteAtlas internet saytı “Dünyanın ən yaxşı şorbaları”nın siyahısını dərc edib. Türkiyənin mərci şorbası dünyada ən çox bəyənilən və qiymətləndirilən 3-cü şorba olub-E.P.) Üstəlik, buradakı yeməklərin dodlı olmasından ötrü onlar odunla bişirilir. Sulu yeməklə də başqa aləmdir. Tatlılar, şirniyatlar da çeşid-çeşid...İbrahim bəy deyir ki, onların restoranlar şəbəkəsi var. Üstəlik, əy, süd, kənd təsərrüfatı məhsullarının hazırlanmasından ötrü özlərinə məxsus fermer təsərrüfatı və kənd təsərrüfatı sahəsi mövcuddur. Yəni bütün məhsullar ekoloji təmiz, özlərinə məxsus. Həm də bu restoranların sahibi təkcə pul qazanmaqla, insanlara yüksək xidmətlə kifayətlənmir. İş adamı Türkiyə mətbəxinin dünyada tanıdılmasından ötrü də əlindən gələni edir, özü də dünya ölkələrində. İbrahim Acar təqribən 700 səhifəlik kitabı göstərir. Dünyanın 5-dən artıq dilində tərcümə olunaraq yayılan kitab türk mətbəxindən bəhs edir, isti və soyuq yeməklər, qəlyanaltılar, tatlılar, fotoları ilə bərabər, hazırlanma üsulu, tarixi daxil kitabda toplanıb. Eyni zamanda restporanın aylıq dərgisi var, vaxtaşırı Türkiyə mətbəxi barədə yeniliklərdən bəhs olunan materiallar tirajlanır. Bu arada ortayaşlı xanım yaxşınlaşıb, mehribanlıqla salamlaşır. Öyrənirik ki, belə böyük imkanların sahibi olan iş adamının xanımıdır, özü də burada çalışır, sadə, mehriban...İş adamı özü isə vacib görüşünün olması ilə əlaqədar həmin saatlarda burada yox idi...Bu fəaliyyətə, vətəndaşı olduğu ölkəyə yüksək bağlılığa və xidmətə alqış deyib, söhbətimizə davam edirik...  

9fe09895-b93b-4c52-9757-49a2bf1b49c0.jpg (332 KB)

Restoranın özəlliyindən biri budur ki, Türkiyə mətbəxinin növbənöv yeməkləri ilə yanaşı, buraya təşrif buyuran turistlərə onların öz ölkələrinin xörəklərindən azı biri təklif edilir. Maraqla Azərbaycana məxsus hansı xörəyin olduğunu soruşuram, “şişbərək” cavabını alıram. Təəccüblə necə hazırlandığını soruşdurqda, məlum olur ki, bizim düşbərədən söhbət gedir. Yarızarafat deyirəm ki, Azərbaycan mətbəsində çeşidli yeməklər var, mətbəximiz zəngindir, buradakı çeşidləri də artırmaq lazımdır.

Burada elə yeməklər, yaxud şirniyyatlar var ki, yalnız Ramazanda təklif edilir. Həmçinin buraya məxsus eksklüzivlər təklif edilir, məsələn, keçi südü ilə hazırlanmış və heç bir əks təsiri olmayan şirniyyat. Eyni zamanda kəvər bitkisinin kökündən hazırlanan qida...Hər mövsümdə yeni-yeni yeməklər masaya qoyulur. Həmçinin təzə sarımsaqdan və quzu ətindən hazırlanan dadlı-ləzzətli yemək... Burada bütün fəslinə aid yeməklər hazırlanır.

Xoş əhval-ruhiyyə, yüksək təəssüratlarla bu ünvandan ayrılırıq. Təsadüfə baxın, bir az irəlidə musiqiçi klarnetdə “Ayrılıq! Mahnısını ifa edir. Türk dövlətlərindən gəlmiş həmkarlarımıza bu mahnının tarixçəsindən, Azərbaycana məxsus olmasından, parçalanmış Vətənimizdən danışırıq...Çox maraqla dinləyirlər. Bir az da təəssüflənirik ki, qardaş dövlətlərdən gəlmiş mətbuat nümayəndələrinin bəziləri Azərbaycan torpaqlarının bölünməsindən xəbərsizdir indiyədək. Görün Türkiyə dövlətinin türk toluluqlarını bir araya gətirən layihələri nə qədər böyük əhəmiyyət kəsb edir, bizlər bir-birimizi daha yaxından tanımaq, öyrənmək, tariximizə bələd olmaq şansı qazanırıq...

Beləcə, Türkiyəyə daha bir səfərimiz başa çatır. Ayrılırıq, yenidən görüşmək üçün...

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR