İnsanlara hürriyət, millətlərə istiqlal!

İtkin düşən qızlar və qatil manyaklar

Təxminən 10 gün öncə Youtube (bundan sonra Yutub) saytında itkin düşən, sonra meyidi tapılan, zorlanmış və qətlə yetirilmiş tələbə qızlara dair bir sənədli krimal filmə baxmışam. O vaxtdan bəri gözünə döndüyüm Yutub hansı ölkədə bənzər hadisə olubsa və bu olaylara dair film çəkilibsə, hamısını ard-arda təklif edir.

Oturub baxıram, çoxu 20-25 dəqiqəlik filmlərdir, birnəfəsə baxılır.

Baxdıqca da adam öz ölkəsinə şükür edir ki, bizdə o cür dəhşətli kriminal hadisələr olmur. Olanda da az-az olur, onların da filmini çəkib Yutub-a qoymuruq. Amma bir yanı Yaponiya, o yanı Argentina, Tayland, Çili, CAR, Avropanın tərifli ölkələri (İspaniya, İngiltərə, Fransa), bu yanı Rusiya, nə qədər qaçırılan, oğurlanan, aldadılıb aparılan, sonra zorlanaraq öldürülən qızlar, qadınlar. Saysız-hesabsız.

Düzdür, əvvəllər qızqaçırma hadisələri bizdə də yayğın idi, amma bizdə qızları öldürmək məqsədi ilə qaçırmırdılar, evlənmək məqsədi ilə qaçırırdılar. Hazırda işin sonunda paz görünür deyə, gənclər yavaş-yavaş bu işdən vaz keçirlər.

Amerikalı, avropalı manyaklar isə gündən-günə artırlar. Bunun bir səbəbi də odur ki, hüququn aliliyinə riayət olunan ölkələrdə manyaklara ağır cəza verilmir. Canilər bilirlər ki, bu bəd əməllərə görə onlara ölüm cəzası verilməyəcək, ömürlük həbs cəzası alsalar da, bir müddət yatıb, çıxacaqlar.

Amma bizim manyaklar bilir ki, iş başında yaxalansalar, polis gələnə qədər sataşılmış qızın qohum-əqrəbası, qonşuları ona elə bir hala qoyacaqlar ki, sonradan iki mürdəşir yarım saat “dərman-napor” edərək onun meyidini yumalı olacaqlar. Yox, polis gəlsə, onu xilas etsə, iş məhkəməyə, adam türməyə getsə, bax, orda onu nə gözlədiyi barədə hər kəsdə aydın təsəvvür var.

Düzdür, həmin kriminal filmlərdə o da qeyd olunur ki, pis maddələrlə həbsə düşənlərə ABŞ-də də pis baxırlar, amma onların həbsdən sonrakı şəkillərinə baxanda hiss olunur ki, o “pis baxışlar” yaramazlara düşüb.

Filmlərə baxdıqca belə bir gerçəklik üzə çıxır: mədəni ölkələrdəki vəkillik institutu manyak qatillərin pasibanıdır. Məhz onlar ilk cinayətlərini törədən caniləri müdafiə edir, cəzadan yayındırır və sonradan onların hərəyə 5-6, bəzən 10 və daha çox qadını zorlayıb öldürməsinə səbəbkar olurlar.

Elə olur ki, detektivlər və təhqiqatçılar qətldə şübhəli bilinən birini saxlayırlar, yüzdə doxsan halda əmindirlər ki, qızı bu yaramaz öldürüb, amma ortada “yetərli dəlil-sübut” yoxdur, üstəlik, adam da dirəşib ki, cinayəti o, törətməyib. Prokurorlar, müstəntiqlər nə etsinlər? Adamı buraxırlar. O da gedib başqalarını da öldürür, ta ortada “yetərli dəlil-sübut” düzələnə qədər qıra-qıra gedir, axırda ilişir, cinayətini dana bilmir, adamı həbs edirlər. Bu yerdə vəkillər özlərini cırırlar ki, manyak qatilə ağır cəza verilə bilməz, çünki uşaqlıq travması var, atası əyyaş, maması fahişə olub, ona görə belə hərəkətlər edib. Belə bir üzrlü səbəb.
Düzdür, hər ölkədə manyak var, amma bu yankı ölkələrdə bir dəfə yaxalanan manyak qələt edər bir daha manyaklıq edə bilməz. Ona o lüksü tanıyan kimdir? İlişdisə, əlli-ayaqlı gedəcək.

“Dəlil-sbut çatışmazlığı” nədir, siz canınız? Hadisənin şahidi yoxmuş! Özünə nə gəlib? Babat profilaktiki söhbətdən sonra kimi harada öldürüb basdırdığını radio kimi danışacaq. Yoxsa ABŞ-də müstəntiq qatilə sual verir: “Ser, bu qətl hadisəsi barədə nə deyə bilərsiniz?” “Xəbərim yoxdur”. “Axı itkin düşən qızı axırıncı dəfə sizinlə bir yerdə görüblər”. “Nə olsun? Bir az söhbət etdik, getdi”. “Alibiniz var?” “Var. Qız gedəndən sonra dostumla pivə içdik. Təsdiq edə bilər”.

Nə alibi, a kişi? Nə dost? Bu tərəflərdə o dostu da maşına basıb içəri gətirirlər, müstəntiq ona “ser”, ya “bəy” demir, “düzünü danış, əəə” deyir, o da doğrusunu danışır, dostunun üzünə durur ki, dostu ona deyib ki, soruşan olsa birlikdə pivə içmək söhbətini təsdiqləsin. Vəssalam.

İndi elə çıxmasın ki, müəllif şübhəli şəxs qismində saxlanılanlarla “profilaktik söhbətlər”in tərəfdarıdır. Xeyr. İnsanları şərləmək, incitmək olmaz, amma manyaklar da cəzasız qalmamalıdır. Bir manyakın qolunu burma, boynunun kökündə durub suçunu boynuna qoyma, burax, o da gedib məsum qızcığazları zorlayıb, öldürüb, meşədə basdırsın?

Belə ədalət yoxdur. Bəziləri “manyak qatillərin də yaşamaq haqqı var” deyir, bu istiqamətdə çox qabağa gedirlər. Amma elə deyil. Quduz köpəklərin yaşamaq haqqı yoxdur. Onların yaşamaq haqqı olanda minlərlə məsum insan həyatlarını itirirlər.

Bir də bir məsələ var: Manyakları “yetərli dəlil-sübut” olmadığına görə azadlığa buraxan kriminalistlər bir çox hallarda öldürülmüş qızın atalığını və ya yatıb-çıxmış qonşularını içəri basırlar, bir də 15-20 ildən sonra bəlli olur ki, yazıqların günahı yoxmuş.

Xoşbəxtlikdən, bizim ölkədə itkin düşən qızların, qadınların, onda doqquzu sonradan sağ-salamat tapılır – daha haradan, necə tapılır, təfərrüata varmayaq. Əsas odur ki, salamatçılıqdır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR