İnsanlara hürriyət, millətlərə istiqlal!

İstixana çiyələyi - ekspertlər “ehtiyatlı olun” deyir, əhali isə...

Qiymət bir yana, dərmanla yetişdiyi üçün bu meyvələri  yemək olmaz

İntensiv bağçılıq Azərbaycanda nisbətən inkişaf edib və artıq qış aylarında da müəyyən meyvələri faraş yetişdirmək olur. Bunun nəticəsidir ki, bazarlarda, marketlərdə növbənöv faraş meyvələr satılır.

İntensiv kənd təsərrüfatı qısa müddətdə istehsalın maksimuma çatdırıldığı istehsal üsuludur. Bu məqsədlə müxtəlif vasitələrdən istifadə olunur. Məsələn, xüsusi toxumlardan, xüsusi suvarmadan, xüsusi texnikadan, gübrə və gübrələrdən, fitosanitariya məhsulları və pestisidlərdən. Bu metodun üstünlüklərindən biri məhsul istehsalının artırılması imkanıdır.

Kənd təsərrüfatı istehsalının bu növü hər şeydən əvvəl inkişaf etmiş ölkələrdə və fermerlər tərəfindən istifadə olunur, çünki o, daha çox məhsul və bununla da praktiki olaraq daimi əmək haqqı əldə etmək üçün istehsalı maksimuma çatdırmağa çalışır.

Bir müddətdir pərakəndə meyvə-tərəvəz dükanlarında da çiyələk, alça satılır. Kiçik qablarda satılan alça 6 manat, çiyələyin kilosu 6 manat 50 qəpikdir. Qiymətlərin baha olması alıcılığa o qədər təsir etmir.

Fərhad Vəliyev deyir ki, istixanada yetişdirilsə də, ilin bu vaxtında satılan meyvə-tərəvəzi almaqdan çəkinmir: “İllərdir alıram. Marketlərdə, bazarlarda hər yerdə satılır. Ciddi problem yaratsa idi, bu barədə danışardılar. Hər yerdə satılır, gözümüzün qabağındadır, amma çalışıram çox almayım”.

Çinarə Nuriyeva isə bildirdi ki, alça, çiyələk onun ən çox xoşladığı meyvələr olduğu üçün alır: “Alça, çiyələk Novruz bayramından sonra demək olar ki, hər yerdə satılmağa başlayır. Bilirəm ki, dərmanlıdır, amma çox xoşladığım üçün özümü saxlaya bilməyib alıram”.

 

Raisa Petrovna da deyir ki, bu mövsümdə bu meyvələri almağın doğru olmadığını bilir, amma az da olsa, alır: “Evdə olsa, yaxşı olar. Qəfil qonaq gələndə süfrəyə qoyuram. Çox almıram, açığı. Qiymətlər də bahadır. Bu da normaldır, çünki istixana məhsullarıdır. Alçanı bilmirəm, amma çiyələk, deyəsən, Cəlilabaddan gətirilir”.

Akif Süleymanlı isə birmənalı şəkildə istixana məhsullarının alınmasına qarşıdır. O deyir ki, qiymət baxımından da bu məhsulların alınması sərfəli deyil: “Bu mövsümdə "parnik"də yetişdirilən məhsulu 6 manat 50 qəpiyə almaqdansa, gözləyərəm əsl “sezon”unda 1 manat 50 qəpiyə alaram. Evdə uşaqlar istəyirlər, amma mən onlara izah edirəm ki, məsləhət deyil".

Qərinə İmanova qeyd etdi ki, son illər bu məhsullar hər yerdə satıldığı üçün bəzən məcbur qalıb alır: “Bu meyvələr küçələr boyu hər yerdə satılır. Özünüz də görürsünüz, yanımda nəvəm var. Görür, istəyir, 5 dəfə "yox, olmaz" desəm də, 6-cı dəfə dözmürəm. Uşaqdır, normaldır. Demək olar ki, bütün uşaqlar çiyələyi xoşlayır. Ona görə də bir az alıram ki, könlü olsun".

Ancaq bəzi ekspertlər deyir ki, qiymət bir yana, ümumiyyətlə, bu meyvələr dərmanla yetişdiyi üçün onları yemək olmaz.

TƏRLAN QASIMOV. QASTROENTEROLOQ-ENDOSKOPİST | Azərbaycan Tibb  Ensiklopediyası

Tərlan Qasımov

Qastroenteroloq Tərlan Qasımov “Yeni Müsavat”a bildirdi ki, çox turş olmayan meyvələri yemək olar. Həkimin sözlərinə görə, mədəsində xırda problem olan şəxslər turş meyvələri yeyə bilərlər: “Mədəsində ciddi ağrı, yara, yanma kimi problemi olanlara turş alça yemək məsləhət görülmür. Ümumiyyətlə, çox turş və çox şirin meyvələri yeyərkən diqqətli olmaq lazımdır. Bu məsələdə yaş faktoru o qədər də nəzərə alınmır. Tərəvəzlərə gəlincə, qış aylarında, daha dəqiq desəm, noyabr ayından mart ayına qədər heç kimə pomidor yeməyi məsləhət görmürəm”.

Sərhədləri sadəcə məmurlar müəyyənləşdirə bilərmi - - Ayna.az

Ənvər Əliyev

Aqrar üzrə fəlsəfə doktoru Ənvər Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, istixanada yetişdirilən çiyələk, pomidor, xiyarı almaq məsləhət deyil. Mütəxəssis qeyd etdi ki, isti ölkələrdən gətirilən alça ilə bağlı daha az problem ola bilər: “Elə mayelər var ki, meyvə-tərəvəzin rəngini dəyişir. Havayı versələr də, almaram. Heç kimə də məsləhət görmürəm. İnsan orqanizmi yaşadığı coğrafiyaya uyğunlaşır. Bizim əcdadlarımız ilin bu vaxtında pomidor, xiyar, çiyələk yeməyib. Xüsusilə uşaqlara çiyələk verilməsinin əleyhinəyəm. Mən bu meyvənin necə yetişdirildiyini görmüşəm. Hətta istixanalarda işləyənlər belə bu məhsulları yemədiklərini etiraf edirlər. İstixanalara xüsusi kimyəvi respiratorlarla girmək mümkündür”.

Ekspert qiymətlərin baha olması məsələsinə də aydınlıq gətirdi: “Meyvəni yetişdirmək üçün enerji lazımdır. Bundan əlavə, meyvənin təbii rəng alması üçün ona xüsusi əlavələr vurulur. Bunlar maddi vəsait tələb edir. Ümumiyyətlə, təbii şəraitdə yetişməyən məhsullardan, süni qidalardan uzaq durmaq lazımdır. Məsələn, qazlı içkilərdən "Coca Cola"nı qazanda qaynatsaq, alma boyda “asfalt” çıxacaq. Bunu nə qədər deyək? Yadda saxlayın, təbii olmayan hər qidanı diqqətlə qəbul etmək lazımdır". 

Nigar HƏSƏNLİ,
Foto müəllifindir
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyun 2024

15 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR